“Rusiya Qarabağdakı son təyinatlardan çox narazı qalıb…”

Ermənistanda nəşr olunan “İrates” qəzetinin yazdığına görə Rusiya işğal altındakı Dağlıq Qarabağda yeni “prezident” Araik Arutyunyanın son təyinatlarından çox narazı qalıb.

Müstəqil.AZ xəbər verir ki, qəzet narazılığın səbəbini qondarma “dqr xarici işlər naziri” və “təhlükəsizlik şurasının katibi” vəzifələrinə təyinatlarla bağlı olduğunu yazır. Araik Arutyunyan Yerevanda apardığı məsləhətləşmələrdən sonra “seçkilərdə” onun rəqibi olmuş Masis Mailyanı yenidən “xarici işlər naziri” vəzifəsinə təyin edib. Keçmiş “müdafiə naziri”, general Samvel Babayan isə “təhlükəsizlik şurasının katibi” təyin olunub. Qəzet Rusiyanın bunu “çox pis qarşıladığını” iddia edir.

Bildirilir ki, Masis Mailyanın təyinatı “Soros məktəbinin” Qarabağda “ölməzliyini” sübut etməsi kimi qiymətləndirilir. Eyni zamanda Rusiya tərəfi daim erməni tərəfinə başa salıb ki, onun Samvel Babayanla və Masis Mailyanla problemləri var.

Xatırladaq ki, Qarabağdakı “seçkilər” ərəfəsində Ermənistan KİV-ləri Mailyanın Rusiyaya girişinə qadağa qoyulduğunu yazmışdı.

“Bundan əlavə, Rusiya bu günə qədər də rəsmən təkzib etməyib ki, Mailyan və Babayan Moskva üçün arzuolunmaz şəxslərdir, onların Rusiyaya girişinin qadağan edilməsi də nəzərə alanda son təyinatlar faktiki olaraq Rusiyaya qarşı demarışdır. Həmin demarşın arxasında Nikol Paşinyan dayanır”,-qəzet yazır.

Formal olaraq Rusiyanın işğal altındakı Azərbaycan ərazilərində qurulmuş rejimlə birbaşa heç bir əlaqəsi yoxdur. Lakin Dağlıq Qarabağdakı separatçıların liderlərinin həmişə Ermənistandan daha çox Rusiyaya qulaq asdıqları haqda zaman-zaman erməni mənbələrində yazırlar.

General Samvel Babayan bir neçə il Rusiyada yaşayıb, 2016-cı ilin aprel müharibəsindən sonra Ermənistana dönüb və Qarabağda hakimiyyətə gəlmək üçün planlar qurub. Lakin onu “seçkilərə” buraxmayıblar.

Müstəqil.AZ

Share: