Rusiya MN-in erməniyanlı açıqlamaları başladı

Rusiya Müdafiə Nazirliyi Qarabağdakı son hadisələrlə bağlı açıqlama yayıb.

Müstəqil.Az  xəbər verir ki, Rusiya MN Azərbaycan Ordusunun “rus sülhməramlılarının məsuliyyət zonasına” daxil olduğu, burada müşahidə postu qurduğu və s. haqda birtərəfli informasiya tirajlayıb.

İddia edilib ki, Azərbaycan Ordusunun əvvəlki mövqeyinə qayıtması üçün müraciət edilib.

Ancaq ən ciddi məsələ Rusiya MN-in Azərbaycanın guya “Bayraqdar TB2” PUA-sı ilə 24-25 mart tarixlərində 4 dəfə zərbə endirməsi haqda yaydığı məlumatda işlətdiyi ifadələrdir. Rusiya MN heç bir hüquqi əsası olmadan, öz öhdəliyinə qətiyyən uyğun gəlməyən şəkildə, Azərbaycanın ərazi bütövlüyünü birbaşa şübhə altında qoyaraq, Azərbaycan Ordusunun “Dağlıq Qarabağ respublikası bölmələrinə zərbə endirməsindən” bəhs edir.

Qeyd edək ki, heç bir “Dağlıq Qarabağ”ın olmadığı, münaqişənin artıq keçmişdə qaldığı haqda Azərbaycan dəfələrlə bəyanat verib, eyni zamanda, Rusiya Müdafiə Nazirliyinə də Azərbaycanın Qarabağ iqtisadi zonasının bir hissəsində məskunlaşan rus sülhməramlılarının fəaliyyəti ilə bağlı hüquqazidd, dövlətin ərazi bütövlüyünə qarşı arzulanmaz ifadələr işlətməsindən dolayı dəfələrlə etirazlar bildirilib.

Buna baxmayaraq, rus mediası və Rusiya MN hətta Prezident Putinin Qarabağın hər zaman Azərbaycanın tərkib hissəsi olması barədə bir neçə dəfə səsləndirdiyi qəti mövqeyə də hörmət etmir və erməniyanlılığı davam etdirir.

Müstəqil.Az

Share: