Rus sektoru davası

Azərbaycanda rus dilinin kütləvi istifadəsi xüsusən SSRİ dağıldıqdan sonra regionlarda sürətlə azalmağa başladı. Bu sadəcə siyasi sistemin dəyişməsi ilə deyil, burada yaşayan rusdilli əhalinin ölkəni tərk etməsi ilə də əlaqədar idi. 1994-cü ildə Azərbaycan əhalisinin 38 faizi rus dilini ana dili kimi bilirdi. 2018-ci ildə aparılan sorğuya görə isə Azərbaycan əhalisinin 24 faizi rus dilində ümumiyyətlə danışa bilmir və bu baxımdan Azərbaycan MDB ölkələri arasında rus dilinin ən az danışıldığı ölkə statusunu qoruyur. Bütün bunlara baxmayaraq yenə də rus dilindən qalan məktəb və universitet bölmələrinin bağlanması məsələsi hər il ortaya atılır.

Rus sektoru davası

Azərbaycanda bu məsələni hər il gündəmə daşıyan 3 qrup var:

  1. Birinci kateqoriyaya rus dilini bilməyən və buna görə də özündə 2-ci növ vətəndaş kompleksi yaşayanlar şəxslər daxildir. Bu qrupa aid olan adamlar adətən sadəcə Azərbaycan dilini bilir və mədəni səviyyələri xeyli aşağı olur. Məhdud çərçivədə xəbər əldə etmə imkanları olduğu üçün siyasi elita tərəfindən rahatlıqla manipulyasiya edilir və yönləndirilir.
  2. İkinci kateqoriyadakılar rus dilini bilən, bununla belə rus dilinin ləğvini və onun yerinə ingilis dilinin tədrisini istəyən şəxslərdir. Bunun tərəfdarları arasında özlərini müxalif adlandıran “siyasətçilər” də olur. Onların düşüncəsinə görə rus dili əvvəlki hegemonluğunu itirib və yerini ingilis dilinə verməlidir.
  3. Üçüncü kateqoriya isə son dövrlərdə formalaşmışdır. Bu kateqoriyadakılara adətən Qərb ölkələrində oxuyan, rus dilini bilməyən tələbələr daxildir. Onların 1-ci kateqoriyada olanlardan fərqi rus dilinə yuxarıdan aşağı baxması, bu dili bilənləri də potensial “putinist” olaraq görmələridir.

 

2-ci və 3-cü kateqoriyadakılar adətən siyasi şüarla 1-ci kateqoriyadakı mədəni baxımdan daha aşağı və qıt məlumata sahib insanların (bunlar adətən çoxluqdur) duyğularından istifadə edərək siyasi dividend qazanmaq niyyəti olan şəxslərdir. Onlar özlərini xalqın istəklərinə cavab verəcək siyasi elita hesab edirlər. Reallıqda bu şəxslər üçün proqress maraqlı deyil. Onlar rus dilini xarici təhdid vasitəsi kimi görür. 1991-ci ildən indiki dövrə qədər Azərbaycan bölməsindəki məktəblərdə ingilis dilinin tədrisinin rus dili ilə müqayisədə 3-4 dəfə çox həyata keçirilməsinə baxmayaraq bu dili az sayda məktəbli yaxşı (fluent) öyrənə bilmişdir (English Proficiency Index hesabatına görə hazırda Azərbaycan Avropada sonuncu yerdədir).
Aydındır ki, ingilis dili bazası və kadrları olmayan bir xalqda bu dilin tədrisi uğur qazana bilməzdi. (Bundan başqa düzgün təhsil sistemi olmadan bütün əhali ingilis dilini bilsə belə proqres yarada bilməz. Dil proqres mexanizmi olsa rəsmi dili ingilis dili olan Afrikanın 22 dövləti İEÖ siyahısında olardı). Azərbaycan hökuməti də düzgün təhsil sistemi qurmadan təhsil sahəsində milliləşdirmə siyasətinə başladı. Bu təhsil siyasəti rus dili saatlarının azaldılması ilə Azərbaycan bölməsində oxuyan şagirdlərlə rus bölməsində oxuyan şagirdlər arasında dil baryeri yaratdı. Beləcə, indiyə qədər davam edən yadlaşmanın əsası qoyuldu.

Hökumətin millilik adı ilə apardığı bu siyasət xalqın idarəedilməsi baxımından önəmlidir. Rus dilini bilməyən 1-ci kateqoriyadakı kütləni rahat idarə etmək mümkün olduğu üçün iqtidar da rus dilinin zəifləməsində maraqlıdır. Azərbaycanın 1991-2017-ci illərdə təhsildə bu qədər geriləməsinin başında birinci bu məsələ durur. 2002-ci ildə prezident Heydər Əliyevin “Dil haqqında qanun” fərmanı Azərbaycanda rus dilinin istifadəsinin məhdudlaşdırılmasının əsasını qoydu. 2002-ci ildən etibarən məktəblərdə rus dilinin məcburi fənndən fakultativ fənn statusuna salınması və yavaş-yavaş dərs saatlarının azaldılmasının təsirini daha çox 2003-2017-ci illərdə oxuyan şagirdlər hiss etdi. Onların bir qismi dili öyrənə bilmədi və bugün də rus dilini bilməyən gənclərin çoxunu həmin dövrdə məktəbli olan şəxslər təşkil edir.
Bəs, o zaman çarə nədir? Yenidən rus dilinə qayıtmalıyıq yoxsa yenə də həmin siyasət davam etməlidir? Əslində rus dilinə yenidən qayıtma 1990-cı illərin əvvəlindəki effekti verə bilməyəcək. O dövrdə Azərbaycanda olan elmi mühitin yaradıcıları əsas olaraq rusdilli azərbaycanlılar yox, Azərbaycan dilini çox zəif bilən qeyri-azərbaycanlılar (ruslar, ermənilər, yəhudilər və s.) idi. Onların praktiki olaraq hamısı ölkəni tərk etdi. Rus bölməsində oxuyan şagirdlərin son illər ərzində dövlət imtahanlarında zəif nəticələr göstərməsini bu mədəni deqradasiya ilə izah etmək lazımdır. Artıq rus dili də ingilis dilinin yaşadığı kadr problemini hiss etdirməyə başlayıb. Bununla belə, rus dilinin saxlanması bizə aşağıdakı imkanları verə bilər.

 
Elm

70 illik Sovet dövründə Azərbaycanda çap edilən kitabların əsas hissəsi rus dilində idi. Azərbaycanda son dövrlərə qədər xüsusən də iqtisadiyyat, tibb, inşaat və sosial elmlər sahəsində ana dilimizdə çap edilən kitablar demək olar ki, yox idi. 2000-ci illərdə rus dili bazası olan tələbələr bu problemin öhdəsindən gəlsə də internet dövrü olan indiki dövrdə dil baryeri özünü tam şəkildə hiss elətdirir. PDF formatda internetdə çox rahatlıqla tapılan və kitabxanalarda Sovet nəşrləri bol olan rus dilində kitablardan istifadə dil baryeri səbəbi ilə minimuma düşüb. Bu dil baryeri xüsusən də tarix və siyasi elmlər sahəsində oxuyan tələbələrin propaqanda və təhriflə bol olan Azərbaycan dilində kitabları oxumasına və yuxarıda qeyd etdiyim 1-ci kateqoriyadakı insanlara çevrilməsinə gətirib çıxarır.

Azərbaycan tarixinin son 200 illik dövrü ilə bağlı kitabların böyük əksəriyyəti rus dilindədir. Əlbəttə, ingilis dilini bilərək Azərbaycan tarixi ilə bağlı çox faydalı kitablar oxumaq mümkündür, ancaq qeyd etmək lazımdır ki, həmin Qərb tarixçiləri də öz əsərlərində ilkin qaynaq kimi yenə rus dilində olan kitablara istinad edirlər. O dövrün rus tarixçiləri hesabına ölkənin kəndləri (1901-1903-cü illərdə hətta kəndlərdəki bitkilər, heyvanlar barədə məlumat verən kitablar var) ilə bağlı məlumatlar əldə edə bilirik. Bütün bunların rus dilini bilməməyin fonunda heç bir anlamı qalmır. Bu kitabların bəzilərində ölkənin siyasi tarixinə fərqli baxışların olması həmin kitabların dövlət hesabına Azərbaycan dilinə tərcümə edilməsinə imkan vermir, özəl təşəbbüslə çap isə bütün kütləyə çatdırılmadığı üçün effektiv olmur. Beləcə, tələbələr propaqanda maşınının təsirində qalır. Rus dili elmi potensialını müasir dövrdə də qoruyur. Rusiya il ərzində dünyada ən çox kitab çap edilən 5-ci ölkədir (Çin, ABŞ, Böyük Britaniya, Yaponiyadan sonra). İngilis və digər dillərdə olan kitabların rus dilinə tərcüməsi geniş yayıldığı üçün bu dili bilən şəxslərin informasiya blokadasını qırması daha asan olur.
 
İqtisadi amil

Rus dilinin digər vacib əhəmiyyəti isə iqtisadi amillə bağlıdır. Azərbaycanda yüksək işsizlik səbəbi ilə insanların ən çox axın etdiyi ölkələrin başında Rusiya durur. 1991-2002-ci illərdə Rusiyada yaşayan azərbaycanlıların sayında 2 dəfədən çox artım qeydə alınmışdı. 2002-ci ilin rəsmi statistikasına görə bu ölkədə 621.840 nəfər azərbaycanlı yaşayırdı (Onların 25 faizi Azərbaycan vətəndaşlarıdır). Qeyri-rəsmi məlumata görə isə ölkədə yaşayan azərbaycanlıların sayı 2,5 milyondan çoxdur. Ölkədə qeyri-leqal formada yaşayan azərbaycanlıların əksəriyyəti iş üçün bu ölkəyə gedən miqrantlardır. Azərbaycandan olan əmək miqrantlarının sayında 2006-cı ildən sonra yüksək artım qeydə alınıb. Təkcə 2007-ci ildə Rusiyada əmək miqrantı kimi qeydə alınan azərbaycanlıların sayı 1,1 milyondan çox olub. Maraqlıdır ki, qeydə alınan azərbaycanlıların 30 faizindən çoxu gənclər idi. Rusiyanın Azərbaycana viza tətbiq etməməsi, Aİ ölkələri ilə müqayisədə bürokratik problemlər yaratmaması və ölkənin yaxınlığı buranı gənclər üçün daha əlverişli edir. Ancaq 2002-2018-ci illərdə aparılan rus dilinin sıxışdırılması siyasəti xüsusən də regionda yaşayan gənclərdə dil problemini yaratdı. Dil problemi səbəbi ilə iş axtarmağa gedən şəxslər maaşı çox aşağı olan, təhlükəsizlik qaydalarının sıfıra yaxın olduğu “qara işlər” görməyə məcbur olur. Bu kimi problemlərin qarşısını almaqda rus dilinin əhəmiyyəti yüksəkdir. Nəzərə alaq ki, məhz Rusiyada yaşayan əmək miqrantlarının hesabına Azərbaycana ildə 3,3 milyard dollara yaxın vəsait daxil olur.

Siyasi amil
Burada iki formada siyasi təsirdən söhbət gedir:
Daxili təsir ən çox Azərbaycan rusdillilərində özünü göstərir. Hər il rus bölmələrinin bağlanması məsələsinin gündəmə gətirilməsini bu şəxslər özlərinə qarşı diskriminasiya kimi görür. Ölkədə yaşayan rusdilli şəxslərin böyük əksəriyyətinin iqtidara loyal olmasının kökündə bu səbəb dayanır. Onların çoxu istənilən müxalif qüvvənin iqtidara gələcəyi təqdirdə onları mənəvi repressiyaya məruz qoyacağını düşünür. Bu səbəbdən müxalifət onların gözündə “barbar kütlə”dən başqa bir şey deyil.
Xarici təsir isə Rusiyaya qarşı münasibətdə hiss edilir. Rusiyada yaşayan azərbaycanlılar arasında rus dilinin zəifləməsi Rusiya hökumətini idarə edən elitaya təsir etmə imkanlarını azaldır. Azərbaycanlıların dil səbəbi ilə Rusiya cəmiyyətinə inteqrasiya etməməsi, apolitik olması xüsusən də Qarabağ məsələsində hökumətə təsir etmə mexanizmini sıfıra endirir. Azərbaycanda Rusiyanı “ermənipərəst” adlandıran müxalifət və iqtidarın bir çox üzvü bu münasibətin erməni xalqının Rusiya toplumunun bütün sahələrində inteqrasiyası, jurnalistika və siyasi sahələrdə çox sayda kadrlarının olması səbəbi ilə reallaşdığını anlamır. Lobbiçiliyin dövlət siyasətini dəyişdirdiyi müasir dünyada Rusiya cəmiyyətindən uzaqlaşmanın əsasını qoyan dil qadağaları Azərbaycanı bütün sahələrdə Rusiya ilə konfrontasiyaya gətirib çıxarır. Bundan isə Azərbaycanın udacağı heç nə yoxdur.

Müəllif: Tural Həmid

 

zenci porno

Share: