“Ruhunun xilaskarı- həmənki qadınam mən!”-Aygün Sadiqdən yeni şeir…

 Müstəqil.Az gənc şairə AYGÜN SADİQİN yeni şeirlərini təqdim edir:
 
                    TƏKCƏ,BİZ.
 
Axı bizim sevginin sahilsizdir dənizi,
Kimlər gətirdi qoydu aramıza sədd, çəpər?
Necə gəlib çıxdı ki həsrətin ayaq izi?
Necə gəlib yetişdi ayrılıqlar, itkilər?
 
 
Ayrılıqlar, itkilər bizə yaraşmır axı,
Ayrılıqlar ölümdür, ölümdən daha betər.
(Belə baxsaq, ölümün çox da olmaz günahı
Onun qapılarından bərabər keçsək əgər)…
 
 
Fırladıram zamanı… Daha səkkiz saniyə…
Saçlarıma həzin bir meh toxunur həmin an,
Səni mənsizliyimlə yaşadacağam deyə
Yaşantılar qayıdıb qisas alır sonradan?
 
 
Yaşantılar şəkildən əl yelləyir həmin an,
Hirsimi hey tökürəm o ki var şəkillərə…
Bir qucaq sual yağır nəmli baxışlarımdan
Məsumca çəkdiyimiz günahkar şəkillərə!
 
 
Axı mənim yerimi kim doldura biləcək?
Yerimə qoyammırsan sən o vaxtdan heç kimi!
Heç sevgi yaşadın mı mənimlə olduğutək?
Başqasıyla alınmaz bizim o öpüş kimi…
 
 
Kişilər ən yaxşını, ən üstündən üstünü,
Öz ərköyün qəlbinin tapındığını seçir,
İndi bildin mi niyə tənha keçir hər günün ?
Orda mənimtək səni duyan yoxdur , anla bir.
 
 
Orda çəkən var mı heç əsəbini, hirsini,
Bilirəm ki, ürəyin rahat deyil, dinc deyil,
Məni mənsiz yaşayıb alacaqsan dərsini,
Görəcəksən, nə çəkdim mən əlindən bunca il…
 
 
Orda günün qaranlıq, dörd fəsilin şaxta-qar,
Günəş də əsirgəyir istisini, işığı,
Gözlərində bir ümid qığılcımı işarar
Hərdən xatırladıqca sonuncu danışığı…
 
 
Axı sevgidən başqa, səndən nə istəmişdim?
Ruhumu sənə verdim, inan, heç düşünmədən,
Yadında mı, sonuncu sözümdə nə demişdim?
“Ruhunun xilaskarı- həmənki qadınam mən!”
 
 
 
Hədəfi sən deyilsən yazdığım misraların,
Sahili görünməyən bir dənizi yazıram,
Şeirlərdə yaşasın sevgi qalarsa yarı…
Səni yox, özümü yox… Təkcə, BİZi yazıram…
 
 Müstəqil.Az

Share: