Rəmiş: “Həyatımı o zəhrimar puç etdi”

Bu gün Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) doğum günüdür. Kulis.az bu münasibətlə gitara ustasının 1992-ci ildə “Xəzər” jurnalına verdiyi müsahibəni təqdim edir.

Mahir ifaçı, XX əsrin heyrətamiz möcüzəsi Rəmiş Hüseynov 17 illik fasilədən sonra Ağdam mədəniyyət sarayında könüllü konsert verirdi. 17 il idi ki, o səhnədən küsüb getmiş, səhnəni də yetim qoymuşdu, pərəstişkarlarını da… Həmən gecə üç saat ərzində sözün həqiqi mənasında möcüzələr yaratdı Rəmiş. Gözlərini yumub gitara ilə dərdləşirdi. Dünyanın gərdişindən sual verib cavab alırdı. Bəzən həzin musiqi adamı ovsunlayır, bəzən üsyankar ritmlər dinləyiciləri düşmən üstünə səsləyirdi. Bir əli ilə gitara, bir əli ilə piano olmuşdu, ayaqları ilə zərb çalıb möcüzə göstərirdi.

Konsertdən sonra tam süst halda olsa da, oturub dərdləşə bildik.

– Rəmiş, necə olub ki, gitara çalmağa meyl etmisən?

– Bilirsən, qardaş, mən təmiz, təmənnasız sənətkaram. Tar çalmağa həvəsim olub. Lakin dolanmaq da lazımdır. Gördüm ki, bizi toya aparan musiqiçilər tara, qoşa nağara kimi yarım pay bölürlər. Mən də onların acığına pulu özüm bölmək üçün toylara gitaraçı kimi getdim. Lovğalıq olmasın, özümdən sonra bir məktəb yaratdım. Beləliklə, gitaraya elə bağlandım ki, qollarımı onsuz təsəvvür edə bilmirəm. Məndən sonra çoxları gitaraya meyl etdi, çala bildi, bilmədi, demirəm, amma heç kim Rəmiş olmadı və ola da bilməyəcək.

Onlara tövsiyəm budur ki, nəyi bacarırlarsa, o işin də dalınca getsinlər. Məni sənətdə və həyatda yamsılamaq istədilər. Nəyəmsə özüməm, pis-yaxşı, buyam. Napoleonun məşhur bir misalı var. Oğlundan soruşur ki, nə olmaq istəyirsən, oğlu cavab verir ki, Napoleon. Deyir ki, mən allah olmaq istəyirdim, Napoleon oldum, sən nə olacaqsan a bədbəxt. Bir də görürsən ki, biri gitarasız toya getdi ki, Rəmişlik etsin. Onu da toydan döyüb qovurlar. Mənim indiyədək özümün heç gitaram da olmayıb. Onunkunu, bununkunu alıb toylara getmişəm. Pulum qurtaranda da dəyər-dəyməzinə satmışam gedib. Bir sözlə ürəyim necə istəyibsə, eləcə də yaşamışam. Bu olar, bu olmaz bilməmişəm.

Image result for Rəmişin qızları

– Sənin əsl adın Rafiqdir. Necə olub ki, sonradan Rəmiş olmusan?

– Onu, bunu bilmirəm. Bir onu bilirəm ki, nə qədər istəsəniz Rafiq var. Amma bircə Rəmişiniz var, özü öz qədrini bilmədi, barı siz bilin. Bir dəfə Hollandiyada yaşayan azərbaycanlılardan Ağdama gəlmişdilər ki, mənim haqqımda film çəksinlər. Bir az çəkildim, sonra dəliliyim tutdu, qaçdım onlardan. Amma bir sözləri mənə təsir etdi. Dedilər ki, qoruyun türk dünyasının tək Rəmişini. Nə var bir adamın nazıyla oynamağa. Bilirəm çətin adamam. Məni bir gündə min manat pul girləmir. Neyləyim, mən də belə bədbəxtəm. Pulsuzlayanda Ağdamdan oturmuşam maşına, getmişəm Bakıda böyük qardaşım Vaqifdən üç yüz manat pul alıb onun iki yüzün maşına vermişəm. Bir adama ağız açmamışam, hamı elə bilib ki, milyonlarım var. Nə özümün qədrini bilmişəm, nə də qazandığımın. Yekəlik olmasın, əlimə düşəni yığsaydım bir məmləkət saxlardım.

– Allahın varlığına, ümumiyyətlə, yaradana inamın varmı?

– Kafir deyiləm. İnanıram. Lakin inanın ki, ən çox inandığım, barmaqlarımdır. İçimdə qaynayanlar, istəklərim, ən çox inandığım, barmaqlarıma süzülür, nəğməyə çevrilir. Yana-yana çaldığım üçün məni də göynədir, dinləyicilərimi də. Mənim inamım da, varım-yoxum da, Məkkə-Mədinəm də o simlərdi, bir də simlərin üstündə iradəmdən kənar, ürəyimin hökmü ilə hərəkət edən barmaqlarımdır. Bir dəfə avtomobil qəzasında hər iki qolum qırılmışdı. İlk dəfə özümə gələndə fikirləşdiyim bu oldu ki, ayaq barmaqlarımla çala bilərəmmi? Möcüzə nəticəsində qollarım sağaldı. Yaradanın mənə də, hələ şah nəğməsini, qələbə himnini çala bilmədiyim xalqıma da yazığı gəldi.

– Bildiyimiz kimi bir neçə dəfə şəhid ailələri üçün xeyriyyə konsertləri vermisən. Bu fikir ağlına hardan gəldi?

– Mən də bu torpağın yetirməsiyəm. Bu millətin ağrısından, acısından mənə də pay düşür. Fikirləşdim ki, sabah yıxılıb elə bilərəm. Qoy bu kimsəsiz, imkansız şəhid balalarına bir xeyir verim. Və gücüm çatan xeyri də verdim. Hamımız bilirik ki, mamalarının tort yeyən balalarından heç kim torpağını təcavüzdən qorumaq üçün şəhid olmayıb. Torpaq deyəndə ürəyi atlanan, torpağın yetirdiyi sərvətlərə tamarzı qalan kasıb-kusublardır. Vallah, qardaş mən özüm də bu bədbəxt xalqın bədbəxt oğluyam.

– Ən sevimli məşğuliyyətin?

– Musiqi ilə oynamaq. Bir dəfə çaldığım segahı başqa yolla çalmaq üçün axtarışlar. Dünənki ifamı bu gün qəbul edə bilmirəm, onun üçün də həmişə musiqi də improvizasiya axtarmışam. Elə sən deyən də yüksək musiqi ixtisasım yoxdur. Yadıma bir hadisə düşdü. Bir neçə il qabaq, elə-belə, gün keçirmək üçün Volqoqrad şəhərinə getmişdik. Çətinliklə bir restorana düşəsi olduq. Musiqiçilərin yarım saatlıq pullarını verib xahiş etdik ki, gitaranı məni versinlər bir neçə musiqi ifa edim. Bir neçə Azərbaycan və Avropa xalqlarının musiqisini çalıb yerində oturdum. Bir nəfər bizim stola yaxınlaşıb harada təhsil aldığımı soruşdu. Dedim ki, qarabağlıyam. Başa düşmədi. Anlatdım ki, Bakı, Azərbaycan. Tərcüməçi başa saldı ki, bu İtaliyadan gəlmiş qonaqdır, sən gitarada çalarkən bu həyat yoldaşı ilə mübahisə edib. Həyat yoldaşı deyib ki, sən Neapol Musiqi Akademiyasının yetirməsisən. Bu deyib ki, sən şərqlisən. O hadisə heç vaxt yadımdan çıxmır.

– Tanrı eyni zamanda Ağdama iki möcüzəli sənətkar qismət edib. Bir Qədiri, bir də Rəmişi. Onların nə vaxtsa bizi heyrətləndirmək üçün birlikdə çıxış etmələri mümkündürmü?

– Birinci, mən Qədirlə bir yerdə çox toylarda çalmışam. Kimi dindirirsən deyir ki, Qədirlə Rəmiş yola getmir. Niyə, nə şərikli malımız var ki, bölə bilməyək. Başına döndüyüm Azərbaycanın musiqi dəryasından bir parç o götürüb, birin də mən. Amma iki parç da o töküb o dəryaya, iki parç da mən. Ona görə də bitib tükənən deyil. Qədiri ilk dəfə rəhmətlik Əhsən Dadaşovun yanına mən aparmışam. Dedim, Əhsən müəllim, bu oğlanın səsini yoxla. Düzü əvvəl rəhmətlik inamsız yanaşdı Qədirə.

Qədir də tükü-tükdən seçən həssas adam. Üç dəfə ansambla ayaq verdi, Qədir oxumadı. Əhsən müəllim fasilə verib “Şur” üstə tarda özü üçün elə-belə gəzişdi. Birdən Qədir başladı, nə başladı. İçəri girdim ki, qəbri nurla dolmuş gözəl kişi, müqəddəs kişi dəsmalın gözünə sıxıb hönkür-hönkür ağlayır. Dedi, a bala, bu insan səsi deyil, illərlə ağzına daş basılmış Azərbaycanın azadlıq, özünü tanıma, özünəqayıtma harayıdır, üsyanıdır. Özü də bilmədən bunun boğazından qaynayır. Belə sənətkar min ildə bir dəfə yetişir, o da bizim bəxtimizə düşüb. Allah qoysa, deyəsən, bu yaxınlarda xalqımızın azadlıq mübarizəsi başlanacaq. Yaradan qabacadan bunu bizə Qədirin səsində çatdırır.

– Özündən sonra gələn nəslə nəyi arzulayırsan?

– Ağıl. Bir də o zəhrimardan uzaq olmağı. Mənim həyatımı o puç etdi. Ailə yox, ev yox, var-dövlət yox. Hamısına bais o zəhrimardır. Lakin bir onunla təsəlli tapıram ki, Rəmiş sənəti qalacaq bu dünyada.

– Bəzən toylarda lazımsız, şit havalar tələb edirlər. “Yanıq Kərəmi” havasına oynayırlar. Onlara necə baxırsan?

– Mən, ümumiyyətlə, toyda oynamağın əleyhinəyəm. Hansı günümüzə yaraşır oynamaq. Ömrümüz el arasında, toylarda keçib. Hər yerin bir adəti var. Vurğunam Novxanı toylarına. Orada baş girləmək olmaz, gərək kamil sənətkar olasan. Oynamağa meyl etmirlər. Onlarınkı tamam dəsgah musiqidir. Tələbkar dinləyici görəndə musiqiçi də özündə məsuliyyət hiss edir. Özünü öymək olmasın, mən Aftandillə, Vəli ilə çox toylarda çalmışam. Elə gözlənilməz gedişlər etmişəm ki, onlar yarı yolda qalıblar. Qaldı “Yanıq Kərəmi” havasına oynamağa. Bu sadəcə olaraq düşüklükdü. Orada deyilir ki, “Ziyadxan oğlunun nakam eşqini, yaxşı ağlayırsan, ağla, Kərəmi”. Kərəmin nakam, yetim qalmış məhəbbəti üçün acıdır bu hava. Məgər dərdə, kədərə, həsrətə qol götürüb oynayarlar?!

– Müsahibəni sən aparsaydın Rəmişə nə sual verərdin?

– Mən heç bilirəm ki, indi hansı ilin, hansı ayın, neçəsidir. Özüm-özümə sualı da gitara ilə verirəm, cavabı da gitara ilə alıram. Amma yox, soruşardım ki, hanı o gücün, qüvvətin, ay Rəmiş. Əgər canımda əvvəlki təpərim olsaydı, Qarabağın meşələrində cövlan edən saqqallı dığaların saqqallarını qırxıb özlərinə yedirdərdim. İllərlə gitara çala-çala, mahnılarımda ərimişəm, sıxılmışam. Hər mahnım ömrümün, canımın bir hissəsidir. Ona görə də bir dəri, bir sümük qalmışam. Nə isə… Qardaş, məni çox tərpətməyin…

Share: