Qriqoryanın “tarixi” yalanına cavab – Faktlar

Erməni siyasi icmalçı Qalust Qriqoryanın Kremli sərt şəkildə tənqid etdiyi məqaləsi dərc edilib. O, məqaləsində Ermənistanın və erməni xalqının bütün bəlalarında Rusiyanı və bu ölkənin hökumətini (Putindən başlayaraq Zaxarovaya qədər) günahlandırıb. Qriqoryanın sözlərinə, tarixə “dahiyanə” baxışlarına əsasən, guya rus hökmdarları öz xalqına erməniləri bütün bəlalardan qorumağı vəsiyyət ediblər.

Müstəqil.Az  xəbər verir ki, bu cəfəngiyyat haqqında erməni şərhçi az qala iki səhifəlik məqalə yazıb.

Qriqaryana SSRİ DİN-in arxivlərindən olan faktlarla və tarixi sənədlərlə cavab vermək istərdik:

XIX əsr. III Aleksandr ermənilərə qarşı qətiyyətli tədbirlər görüb. Həmin il o, bununla bağlı daxili işlər naziri Tolstoya müvafiq göstəriş verib. Bundan sonra hökumətin Sərəncamı ilə ermənilərin, demək olar ki, hamısı yüksək dövlət vəzifələrindən qovuldu. 1885-ci ildə 160 erməni kilsə məktəbi bağlandı. 1889-cu ilin martında “Ermənistan tarixi” fənninin məktəb tədris planlarından çıxarılması haqqında da çar fərmanı verildi.

Sonralar II Nikolay erməni kilsəsinin əmlakının müsadirə edilməsi və erməni məktəblərinin bağlanması haqqında fərman verdi.

İstər-istəməz sual yaranır, bəs ruslar erməniləri niyə belə sərt cəzalandırırdılar?

Tarixi sənədlərdən göründüyü kimi, bu sərt tədbirlər daşnakların Rusiya dövlətçiliyinin əsaslarını pozmağa yönəlmiş məkrli niyyətlərinə adekvat cavab idi.

Məsələ burasındadır ki, birinci Rusiya inqilabı ərəfəsində bir çox erməni kilsələrində bütün Qafqaz üzrə silah, döyüş sursatı, qeyri-leqal mətbəələr aşkar edilmişdi. Çar başa düşdü ki, Qafqazda təlatümlər xaricdən idarə olunur və əsasən Daşnaksütyun vasitəsilə həyata keçirilir.

1903-cü ilin oktyabrında “Qnçak” partiyasının üzvü Qafqazda çarın nümayəndəsi, knyaz Qriqori Sergeyeviç Qolitsini ağır yaralayır. Başından xəncər zərbəsi alan Qolitsin tezliklə dünyasını dəyişir. Sonradan erməni terrorçular knyazın başını kəsərək Tiflisdəki İrəvan meydanında nümayiş etdirməyə qərar verirlər.

Məsələ ondadır ki, hələ 1897-ci ildə knyaz Qolitsin çarın diqqətini təhlükəli tendensiyaya yönəltmişdi. O, çara Tiflisdə və Bakıda ermənilərin məhz bu yollarla hakimiyyəti ələ keçirməsindən danışmışdı.

Qolitsinin məktubundan: “Ermənilər çox qudurub. Onların kilsəsi yerli əhalini inqilablara sövq edir”.

Bundan sonra knyaz erməni kilsələrinin əmlakına sekvestr qoyaraq, ermənilərin şəhər seçkilərində iştirakdan tamamilə kənarlaşdırılması haqqında fərman verib.

XIX əsrin ortalarında – XX əsrin əvvəllərində erməni terrorçularının vəhşilikləri haqqında akademik-ilahiyyatçı Aleksandr Anninski, İmperatorun Elmlər Akademiyasının üzvü Nikolay Kapterev, “Moskovskiye vedomosti” qəzetinin redaktoru, professor Anton Budiloviç, rus alim Vasili Veliçko, məşhur qafqazşünas İ.Kanadeyev, Rusiyanın Türkiyədəki baş konsulu Vladimir Mayevskinin yüzlərlə yazıları, məktubları mövcuddur.

Təəssüf ki, bu gün Rusiyada bu müəlliflərin adlarına az-az rast gəlinir və Rusiya tarixinin bu səhifəsi qara ləkə olaraq qalır. Fakt isə budur ki, ermənilər tarixən dəfələrlə rusları “arxadan vurub”, satıb və buna indi də davam edirlər.

Əli MƏMMƏDOV

Share: