“Qoy sənin kölgənə sığınım,Allah…”-Ömrünün 41-ci baharını qeyd edən şair Səfa Rəşiddən yeni şeirlər…

Müstəqil.Az  bu gün doğum günü olan şair SƏFA RƏŞİDİ bu münasibətlə ürəkdən təbrik edir,ona yaradıcılıq uğurları arzulayır.Şairin bir neçə yeni şeirini oxucuların diqqətinə çatdırırıq…
Bu ömürdən doymuşam..
Eh, səni də unuduram deyəsən…
Unutqandı bu didərgin yaddaşım.
Bir şam kimi əritdiyim bu ürək,
Bir gecəyə nədən belə yadlaşıb..?!
 
Vücuduma bir şaxtalı qış geyib,
Sırsıra tək budaq -budaq donmuşam.
Əllərimə günəş qədər toxunma,
Sənlik deyil… bu ömürdən doymuşam.
 
Yaz qaranlıq dəftərinə payızı,
Həsrətimi bir ömürlük karıxdır.
Daha mənim o sonuncu ümidim,
Boylandığın pəncərədə darıxmır…
****
Üzü gülər..
 
Dodağına gülüş qonar güzgüdə,
Saçlarında sığal çəkər darağın.
Çiçək açar şeir yazan əllərim,
Üzü gülər, üzü gülər varağın.
 
Sarı payız bitdi yenə amansız,
Yenə soldu,çör çöp qaldı budaqlar.
Səni varaq-varaq öpub qoxladım,
Isinmədi,isinmədi dodaqlar.
 
Heç bilmirəm nələr sıxır qəlbimi,
Tənhalığım sukut edir yağışda.
Səni mənə gətirmədi illərim,
Gətirmədi, gətirmədi bağışla.
 
***
Əllərim Tanrının eşq süfrəsində…
Əllərim Tanrının eşq süfrəsində,
Diləndim bir eşqin sədəqəsinə.
Indi hər ağrımın şəklini çəkib,
Gedib tullamıram poçt qutusuna.
 
Bu ömrun bəs niyə iki üźü var..?
Bəxtimmi bir nimdaş üzünə düşdü.
Bir kölgə izləyir gedən yolumu,
Bir qərib yolçunun izinə düşdü.
 
Gecələr pəncərəm önundə kölgə,
Duyarsan,masana hər gun iz duşər.
Qoy sənin kölgənə sıģınım Allah,
Kölgələr ömrumə yaman pis düşər.

Share: