Tiflisdə qeyri-adiliyi ilə seçilən məşhur “Berlin divarı”nın kiçik bir hissəsinin açılış mərasimi keçirilib. Ötən il hökumət başçısı Georgi Kvirikaşvili Almaniyada səfərdə olarkən ona orijinal bir hədiyyə veriblər. ”Gürcü arzusu”nun özünüməxsusluğunu nəzərə alan iqtidar da görüb ki, əşyanı muzeyə qoymaq mümkün deyil, onu xalqın sərəncamına verməyi qərar alıb. Bəli, məhz 9 noyabrda dövlət adamları özündə böyük bir tarixi əks elətdirən abidənin qarşısına toplanıblar.
Zatən, qərbyönümlü kurs seçəndən bir Qafqaz ölkəsində ardıcıl olaraq, keçmiş sovet mirasından qətiyyətlə imtina olunur. İndi onu dəbdə olan terminlə desək, dekommunistləşmə adlandırırlar. Lakin sonuncu hadisənin bir ayrı rəmzi mənası var. Divarlar İkinci Dünya müharibəsinin gətirdiyi alçaldıcı məğlubiyyətin üzərində inşa edilib və onun hər qəlpəsi keçmişlə gələcək arasında üzləşmək deməkdir. İndi qalib ölkələrin başkəndlərinə daşınan görkəmli rəssamların çəkdikləri tablolar deyil, kollektiv əməyin məhsulu olan divarlardır və burada seçilən niyyət qətiyyən simvolik səbəblərlə yox, uzaqgedən siyasətlə bağlıdır.
Bildiyiniz kimi, gənc gürcü demokratiyası gələn il müstəqilliyinin 100 yaşını təntənəli şəkildə qeyd edəcək. Nə olsun, bunun üçdə-ikisi qeyri-azadlıq şəraitində,konkret desək, Sovetlər Birliyinin tərkibində keçib.
Tarixdən bəlli olduğu kimi, Birinci Dünya müharibəsinin yekununda məğlub Almaniya qarşısında ikiqat təslimçiliyə məcbur edilən Rusiya imperiyası Qafqazlarda yeni dövlətlərin meydana çıxmasına mane ola bilmədi. Yeni bolşevik inqilabı fonunda əsrlərlə davam edən müstəmləkəçilik siyasəti zəifləyincə Zaqfedarasiyanın dağılması qaçılmaz reallığa çevrildi. Lakin süquta doğru gedən üç imperiyadan biri – Osmanlıya qarşı döyüşmək qərarı alan gürcü hökuməti qeyri-bərabər müharibədə o zamankı alman imperatoru 2-ci Vilhelmdən yardım istəməyə qərar vermişdi. Baxmayaraq ki, sonrakı hadisələr kommmunistlərin çarizmin xarabazarlığı üzərində yeni totalitar quruluşuna aparıb çıxardı, bununla belə, alman qoşunları qısa bir dövr ərzində gürcülərin köməyinə gələrək, Zaqafqaziyanın bir hissəsində möhkəmlənməyi bacardılar.
Doğrudur, bir müddət sonra Rusiya proletar inqilabının dahi lideri Vladimir İliç Leninin 11-ci Qızıl Ordusunun qarşısında dayana bilməyən bütün əcnəbi qoşunlar Tiflis və Bakını tərk etməli olmuşdular. Tarixin ironiyası ilə, üstündən təxminən 20 il keçəndən sonra bir də Adolf Hitlerin dünya ağalığı planı nəticəsində sovet ərazilərinə hücum edən 3-cü Reyxin əsgərləri bu dəfə işğalçılıq niyyətilə Mozdoka – Terek çayının sahillərinə qədər gəlib çıxsalar da, ondan artığına gücləri çatmayıb geri qayıtdılar. Bununla belə, müasir gürcü demokratlarının, eləcə də bütövlükdə xalqın qəlbində alman ordusunun xilaskar obrazı formalaşdığından, Kvirikaşvili iqtidarı ayırıcı divarlar üzərində qardaşlıq körpüsü tikməyə qərar verib.
Lakin ən maraqlısı iki Almaniyanın birləşməsində misilsiz əməyi olan Eduard Şevardnadzenin bir parça şəklinə abidə kompleksində yer tapılmamasıdır. Hətta keçmiş prezidentin nəvələri də buna görə tədbir iştirakçılarına xüsisi məktub yazmağa məcbur olublar. Baş nazir də iradını bildirməkdən vaz keçməyib. Hər halda, layihə müəllifləri hökumət rəhbərliyinin keçmiş prezidentlərlə apardıqları savaşa görə riskli addım atmaqdan çəkiniblər. Görün, Mixail Saakaşvilinin saldığı Avropa prospektində və ya Corc Buş küçəsində “qızılgül inqilabı”nın liderini xatırladan izlər azdırmı? Lakin son abidəyə sələflərin şərik olmadığını iddia edəndə təkcə Şevinin ruhu incimir, eləcə də 60 illik bir tarixdən imtina olunur. Almanlar isə belə ideoloji-siyasi bölücülüyü qəbul etmirlər.
Xatırladaq ki, Stalinin adı ilə əbədiləşən faşizm üzərində qələbə vahid alman xalqının arasında dərhal qalın divarların hörülməsi ilə nəticələnmədi. Müharibə qəniməti kimi ələ keçirilən və “xaqlar atası”nın əmri ilə “demokratik” adlanan hissədə kommunizm ideallarını əkməyə qərar verilmişdi. Üstündən 16 il keçəndən sonra Nikita Xruşşovun Amerikanın “Marşal planı” qarşısında aciz qalması nəticəsində, federal Almaniyanın sürətlə inkişafı fonunda sovetlərin təsirindən qaçan yüzminlərlə almanın qarşısını kəsmək üçün belə bir rüsvayçı tikiliyə imza atıldı.
Təhlükə gerçəkdən də böyük idi. Çünki qalib ölkədə həyatın qırmızı rəngi milyonlarla insanı üsyana və vətəndaş itaətsizliyinə məcbur edirdi. İş o yerə çatmışdı ki, Qərbi Almaniyanın lideri Konrad Adenauer minlərlə soydaşını bac-xəracla və digər gizli yollarla satın alıb ölkəsinə qovuşdururdu. Lakin Sovet İttifaqı Kommunist Partiyasının qərarı ilə düşmən NATO biriliyinə sərhəd xəttini göstərmək üçün 1961-ci ildə 155 km uzunluğunda beton qurğulardan ibarət istehkam çəkildi. Artıq bütün Qərb dünyası soyuq müharibənin yeni simvoluna qarşı birləşdi, hər yerdə qırmızı imperiyanın divarını lənətləməyə qalxdılar.
Məsələn, o vaxtlar hələ burqomistr olan Villi Brandtın dəvəti ilə buraya təşrif buyuran Amerika Prezidenti Con Kennedi özünün ən parlaq çıxışlarından birini Berlin divarlarının qarşısında eləmişdi. Onu meydanlarda coşqu ilə qarşılayan milyonların dərin rəğbətini qazanmaq üçün amerikalı lider az qala İsa Məsihin xilaskar obrazı ilə kütlələrə xitab etmişdi. Axı qardaş və bacılarından ayrı düşən insanların dilində danışmaq həqiqətən də İlahinin öz bəndələrinə sahib çıxması, insanların nisgilinə və ağrısına məlhəm qoyması deməkdir.
Prezident kürsüdən bunları deyirdi: “Azad dünya ilə kommunist sistemi arasında fərqi başa düşməyənlər varsa, qoy buraya gəlsinlər. Hələ də kommunizmi gələcək hesab edənlər, yaxud onu şər saysalar da, Sovetlərlə iqtisadi əlaqələr qurmağın vacibliyini düşünənlər, gəlib Berlini öz gözləri ilə görsünlər!”
Kennedi qədim Romada məşhur olan deyimi bir qədər dəyişərək, sonralar kommunist rejiminə qarşı mübarizənin epiqrafına çevrilən “mən berlinliyəm” söyləmiş, bütün azad dünyanı tiraniyaya qarşı birləşməyə çağırmışdı.
Onda başını dik tutmağa çalışan alman milləti qaynar müharibədən fərqli olaraq, soyuq savaşı qazanmağa müvəffəq oldu. 1989-cu ilin noyabrında utanc divarlarını sökməyə qalxanlar Brandenburq qapılarının qarşısında bakılı Mstislav Rastropoviçin alman bəstəkarı Baxın suitasının sədaları altında qədəm qoyduqları yeni tarixə şahidlik edirdilər. Avropanın birləşməsini qeyd edənlər içərisində ən görkəmli yeri tutan adamlardan biri də qəribə də olsa, gürcü idi. Sovetlərin sonuncu Xarici İşlər naziri Eduard Şevardnadze Berlində həmin tarixi hadisənin şərəfinə toplaşan elitanın qarşısında böyük bir tost demişdi.
Bəli, şərqi və qərbi Almaniyanın bütövləşməsində “qoca tülkü” ləqəbli Sovet çekistinin şəxsi rolunu və töhfəsini heç kəs dana bilməzdi. Ona görə də kansler Helmut Kolun təltif etdiyi Kant mükafatını alarkən, gürcü siyasətçi özünü əsil qəhrəman sifətində aparmaqdan çəkinmirdi. Şevardnadze öz xatirələrində yazır ki, birləşmə ziyafətində onun şəninə təriflər söyləyən Berlin şəhərinin rəhbəri zarafatla deyib ki, belə çıxır, bir gürcü Almaniyanı bölüb, ikincisi isə onu birləşdirir!
Həqiqətən də o vaxtlar 45 ilin içərisində Stalinin qoyub getdiyi ölkənin belə acınacaqlı aqibətlə üzləşəcəyini çoxları ağıllarına belə gətirə bimirdi. Şevardandze eyni yumorla, ”görürsünüz, dünya siyasəti gürcülərsiz ötüşmür” deyə, cavab veribmiş.
Ataların təslimiyyətini oğullar aradan qaldırır və Almaniyanın məşhur divarları indi böyük məsafələri qət edərək, Stalinin yurduna gəlib çatıb. Gürcü demokratiyasının növbəti ideoloji qalası bax belə qurulur. İndi həmin beton bünövrənin qarşısında dayanıb Kennedi kimi Rusiya əleyhinə nə qədər desən, ittihamlar yağdırmaq mümkündür. Həm keçmiş cinayətlər və qalib ataların qələbə bayrağını sancdıqları Berlini belə böldükləri üçün, həm də gənc Gürcüsan dövlətini 3 yerə parçaladığına görə bir ünvan günahkardır – o da Rusiya dövləti… Ona görə də yeni divarlardan Moskva əleyhinə böyük bir döyüş cəbhəsi yaradılacağına heç kəsin şübhəsi olmasın.
Lakin Putinin 66-cı ordusunun cəmi dörd saat içində Tiflisə daxil ola biləcəyi bəyanatını nəzərə alanda, alman qoşunlarına sığınmaq istəyən gənc gürcülərin ehtiyatlı olması gərəkdir. Görünür, məhz ona görə sovet mirasından tam qurtulmağa çalışan demokratik Gürcüstanda heç kəs İosif Vissarionoviçin əzəmətli heykəlinə toxunmağa cəsarət eləmir. Təzadlar ölkəsi olmağın bəzən təhlükəsizliyə yalnız xeyri dəyə bilər: istər diktator dediyindən, istərsə də “təhqir divarı”ndan gərək imtina etməyəsən!
Zahid Oruc