Qlobal iqlim dəyişmələri dünya ölkələrinin gələcək inkişafını ciddi şəkildə təhdid etməkdədir

Məlumdur ki, müasir dövrdə   qlobal iqlim dəyişmələri  dünya ölkələrinin gələcək inkişafını  ciddi  şəkildə təhdid etməkdədir. Qeyri-müəyyənliklərin həddindən artıq  çox olduğu və heç bir ölkənin bu qlobal problemdən sığortalanmadığı   bir  zamanda  inkişaf səviyyəsindən asılı olmayaraq  bütün   ölkələrin baş verə biləcək itkilərin minimuma endirilməsi üçün elmə əsaslanan müfəssəl biliklərə,  humanist təşəbbüslərə,   faydalı təkliflərə   böyük ehtiyacları vardır. Belə qeyri-müəyyənliklər qarşısında məqsədə çatmaq üçün başqalarına doğru düzgün yol göstərmək    indiki dünyanın  bəşəri insanlıq vəzifəsidir.

Təəssüf ki, bəşəriyyətin   bu ölüm -dirim məsələsində xoş məramlı  fəaliyyətlər əvəzinə, bəzən   yaranmış   şəraitdən bəhrələnərək  iqlim adı altında ölkələri müxtəlif  vasitələrlə  təhdid etmək, təsir dairələrinə salmaq, öz maraqlarına uyğun  layihələri həyata keçirmək  və   yanlış   təsəvvürlərlə çaşqınlıq  yaratmaq  üçün heç bir əsası olmayan məlumatlar yayılır, məkrli oyunlar  oynanılır.   Həm də bu kimi hallar  xırda lobbiçi təşkilatlar tərəfindən  deyil, dünyanın aparıcı  elmi, iqtisadi, maliyyə və s. kimi   təşkilatları tərəfindən  oynanılanda ikiqat təəssüf hissi  doğurur.  Bu cür oyunlardan biri də 29 noyabr 2023-cü il tarixində   Bakının mərkəzində   (Landmark Biznes Mərkəzinin   Rotunda konfrans zalında) oynanıldı.
Belə ki, Dünya Bankı  tərəfindən  hazırlanmış     “Azərbaycan üzrə İqlim və İnkişaf Hesabatı” (CCDR)   dərc edilərək ictimaiyyətə (ekspertlər, beynəlxalq təşkilatların   vətəndaş cəmiyyəti  üzvlərinin və  əksər   aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə) təqdim olundu.  Ölkəmizin iqlim fəaliyyətləri ilə    bağlı mövcud reallıqlardan uzaq  məlumatlarla  dolu olan  və tələm tələsik (çoxlu texniki, qrammatik və tərcümə səhvləri   bunu  dəlalət edir)  hazırlandığı dərhal nəzərə  çarpan  bu hesabatdakı fikirlərin təhlilinə keçməzdən   əvvəl   burada   əsas   təəccüb  və təəssüf doğuran   məqam  təqdimat mərasiminin  dünyanın  əksər ölkə başçılarının, o cümlədən Azərbaycan Prezidenti İlham Əliyevin iştirakının nəzərdə tutulduğu Qlobal İqlim Sammitinin  yüksək seqmentindən    bir gün əvvələ təsadüf etməsidir. (bunun təhlilini politoloqlarımız versələr yaxşı olar).

İndi isə əsas mətləbə keçərək   ədalət naminə qeyd edək ki, Azərbaycanda iqlim və inkişaf problemlərinə həsr olunan  bu hesabatda iqlim problemlərinin ümumibəşəri xarakter daşıyan  məsələləri  (su çatışmazlığı, quraqlıqlar, daşqınlar, ekstremal  atmosfer hadisələri, kənd təsərrüfatına təsirlər və s. kimi qlobal təhdidlər)  üzrə  bəzi  faydalı tövsiyələr    olsa da, əsas diqqətin  ağına -bozuna  baxmadan ölkəmizdə bu sahədəki vəziyyətə   dair heç bir məntiqə   söykənməyən   fikirlər və  təhdid xarakterli   mülahizələrə yönəldiyi  açıq -aşkar hiss olunur.

Bu baxımdan  Azərbaycanda  iqlim fəaliyyətləri barədə   yanlış məlumatlar   üzərində    qurulan bu      dolaşıq         hesabatın özəyində duran  ölkəmizin  iqlim öhdəliklərinə dair    daha vacib  məqamlara   aydınlıq gətiririlməsi müstəsna əhəmiyyət kəsb edir.  İndi isə baxaq görək hesabatda nə deyilir,  faktlar nə deyir:

1.Hesabatın başdan ayağa   hər yerində  ölkəmizin  Paris Sazişi üzrə istixana qaz emissiyalarının  1990-cı illə müqayisədə 2030-cu ildə 35%  və 2050-ci ildə isə 40% azaldılmasına dair   götürdüyü iqlim  öhdəliklərini yerinə yetirə bilməyəcəyinə dair     fərziyyələr   dönə-dönə vurğulanır.   Hesabatdan çıxarışlar:  “Neft və qaz rentasından və dövlət investisiyasından asılı olan hazırkı inkişaf modeli ilə bu məqsədlərə nail olmaq mümkün deyil” bax: səh11,  “Hazırkı siyasətlər Azərbaycanın karbonsuzlaşdırma ilə bağlı 2030-cu və 2050-ci illər üçün məqsədlərinə nail olmayacaq”. bax: səh 13, “Hazırkı siyasətlər əsasında ölkənin 2030-cu ilədək 35 faizlik, 2050-ci ilədək isə 40 faizlik (1990-cı illərdə mövcud olmuş səviyyələrlə müqayisədə)24 MMT+ hədəflərinə nail oluna bilməz” bax: səh13, “2.1. Uzunmüddətli məqsədlə qısamüddətli icra arasında boşluq” bax:səh 16, “Lakin ölkə həm karbonsuzlaşdırma, həm də dayanıqlılıq göstəriciləri üzrə uzunmüddətli məqsədlə faktiki icra arasında boşluqla uzləşir” bax: səh17. “3.1.1. Nisbətən az səy tələb  olunmasına baxmayaraq, Azərbaycan emissiyanın azaldılması sahəsində müəyyənləşdirdiyi MMT+ hədəflərinə nail olma yoluna davam etmir”  bax: səh 25,  Ölkədaxili karbonsuzlaşdırma fəaliyyətləri yoxdur. Bax: səh 44,  və.s…

İndi  hesabatdan  bu çıxarışların nə dərəcədə düzgün  və ya təhrif   olduğunu bilmək üçün   məsələnin mahiyyətinə və faktlara    diqqət yetirək:  Azərbaycanın  ümumi istixana emissiyaları 1990-cı baza ilində   82,6 milyon ton CO2   ekvivalenti olub.  Bunun  3.7 milyon tonu meşələr və digər torpaq və çoxillik kənd təsərrüfatı əkinləri tərəfindən  udulub  və təmiz netto emissiyamız 1990-cı ildə  79 milyon ton CO2 ekvivalenti olub.    Ölkəmiz Paris Sazişi üzrə öhdəlik götürüb  ki, 2030-cu ildə 1990-cı ildəki səviyyə ilə  müqayisədə  emissiyalarımızı 35 % azaldacaq.    Rəqəmlə ifadə etsək  bu təxminən 27,7 milyon ton olur.  Yəni  sadə riyazi hesablama göstərir ki, Paris Sazişi üzrə öhdəliklərimizin yerinə yetirilməsi üçün  ölkəmizin istixana qaz emissiyaları 2030-cu ildə 79- 27,7 = 51.3 milyon ton CO2 ekvivalenti  olmalıdır. Baxın    Dövlət Statistika Komitəsinin  rəsmi məlumatına əsasən bu rəqəm son inventarizasiya ili  kimi 2021-ci ildə   58,1 milyon ton CO2   ekvivalenti təşkil etmişdir. Buradan aydın olur ki,   biz hələ 2021-cı ildə öhdəliklərimizin təxminən  73 %-ni yerinə yetirmişik və    öhdəliklərimizin yerinə yetirilməsi üçün qarşıdakı 7 il üçün cəmi  6,8 milyon ton qalıb  Belə bir  uğur   ölkədə həyata keçirilən irimiqyaslı mitiqasiya tədbirləri   – istilik elektrik stansiyalarında mazutdan  ən təmiz yanacaq  olan qaza keçid (dünyada hələ bir çox ölkədə (Almaniya, ABŞ və s. daxil olmaqla)  daha çox emissiya yaradan kömürdən istifadə edirlər),   bərpa olunan enerji mənbələrindən istifadə,  arid bəzən ekstra arid zonalar daxil olmaqla yeni  meşə massivlərinin salınması, enerji səmərəliliyinin artırılması, yeni texnologiyalara keçid, tullantıların səmərəli idarə edilməsi və s.  nəticəsində mümkün olmuşdur. Ölkədə həyata keçirilməsi  planlaşdırılan  irimiqyaslı tədbirlərin təhlili göstərir ki,    növbəti 7 ildə öhdəliklərimiz üzrə  yerdə  qalan kiçik payın da  artıqlaması ilə yerinə yetirilməsi üçün  möhkəm baza yaranmışdır.   Belə olan halda  təbii  olaraq sual   yaranır ki, görəsən    hesabatdakı bu  fikirlər  haradan  götürülüb, nəyə əsaslanır?  Demək olar ki, öhdəliklərini   yerinə yetirmiş Azərbaycan niyə 2030-cu ilə olan öhdəliklərini yerinə yetirə bilməz?   Nədən heç bir fakta əsaslanmadan belə bir cəfəng fikir yürüdülür?  Üstəlik  əsas qayəsini “Azərbaycan iqlim öhdəliklərini yerinə yetirə bilməz” kimi  uydurma bir     ideyanın   təşkil etdiyi  bu hesabatın Dubay Qlobal İqlim Sammiti öncəsi (açılış mərasimindən    bir   gün əvvəl)   təqdim edilməsi bir  təzyiq və təsir vasitəsi və ya   təhdid deyildirsə, onda   nədir?  Kim deyə bilər ki,  hesabat  Azərbaycana qarşı xoş məramla,    kömək etmək niyyəti ilə hazırlanmışdır?

2. Hesabatda ölkənin    iqlim öhdəliklərinin yerinə yetirilməsi üçün  tələb  olunacaq  maliyyə vəsaitləri   üzrə  fərziyyələrin   ən azından 5-6 dəfə şişirdilərək,  dəfələrlə təkrarlanması  diqqəti cəlb edir.

Hesabatdan çıxarışlar: “Azərbaycanın strateji hədəflərində karbonsuzlaşdırma və dayanıqlılığa ehtiyacın yaratdığı uzunmüddətli çağırışlar hələ də əks olunmamaqla yanaşı, bir neçə istisna xaric, mövcud hədəflər hələ də müvafiq siyasətlərlə və investisiyalarla dəstəklənmir”. bax: səh 17, “Ümumilikdə, MÖS-də Azərbaycan 2022-2030-cu illərdə enerji sisteminə əlavə 6,3 milyard ABŞ $ investisiya yatırmalı ola bilər (ƏS-də tələb olunandan 58,1 milyard ABŞ $ çox), 2022–2060-cı illərdə isə əlavə 12,4 milyard ABŞ dolları (ƏS-də tələb olunandan 116,1 milyard ABŞ $ çox) yatırmalı ola bilər”  bax:səh  26,    “Ümumilikdə, baza ssenarisi ilə müqayisədə, XSS-də Azərbaycanın enerji sisteminə 2022-2030-cu illərdə əlavə 7,9 milyard ABŞ $, 2022-2060-cı illərdə isə əlavə 28,1 milyard ABŞ $ investisiya (hazırkı qiymətlərlə göstərilmişdir) yatırması tələb oluna bilər”  bax:səh29,  “2060-cı ilədək qlobal xalis sıfır emissiyaya uyğunlaşdırma yolu Azərbaycan üçün əlavə iqtisadi xərclər yarada bilər” bax:səh 47,   “Təhlil göstərmişdir ki, 2060-cı ilədək xalis sıfır səviyyəsinə nail olmaq üçün Azərbaycan enerji sisteminə 2022-30-cu illərdə 7,9 milyard ABŞ $, 2022-60-cı illərdə isə 28,1 milyard ABŞ $ (diskontlaşdırılmış) investisiya yatırmalı ola bilər=”.  bax:səh 65 və s…..

Göründüyü  kimi hesabatda  2022-2030 illər  üzrə iqlim öhdəliklərinin yerinə yetirilməsi üçün  Azərbaycanın enerji sisteminə tələb olunacaq maliyyə vəsaitinin 7.9 milyard ABŞ dolları olacağı vurğulanır.  Bu   heç bir əsası olmayan və mövcud reallıqlardan   dəfələrlə artıq olan bir rəqəmdir.   Bunun da izahı elə bir alimlik tələb etmir və çox sadədir.  Baxın ölkəmizin  energetika sisteminin ümumi qoyuluş gücü   7 927 MVt   təşkil edir. Bunun 6623 Mvt-ı istilik elektrik stansiyalarının payına düşür, iri su elektrik stansiyaları daxil olmaqla bərpa olunan enerji mənbələri üzrə elektrik stansiyalarının gücü 1 304 MVt-dır ki, bu da ümumi gücün  təxminən 17 faizini təşkil edir.

Buradan aydın olur  ki, bütövlükdə 35%  öhdəliklərinin   yerinə yetirilməsi üçün Azərbaycana  əlavə olaraq maksimum 1500 Mvt bərpa olunan enerji  lazımdır ki, enerji istehsalında bərpa olunan enerjinin payı 30 %-ə çatdırılsın.  Həmdə  Paris Sazişi üzrə 2030-cu ilə  35 % azalma öhdəliyini artıqlaması (artıq 73%-i yerinə yetirilib bax: yuxarı) ilə   yerinə yetirilsin.   Bunun üçün isə   lap    2022-ci il  qiymətləri (hərçənd ki, dünya bazarında günəş və külək stansiyalarının qiymətləri sürətlə ucuzlaşmaqda davam edir) ilə götürülsə belə Azərbaycanda  2030-cu  hədəfinə   nail olmaq üçün cəmi – cümlatanı   6  Qaradağ   GES (hansı ki,tikintisi 293,3 milyon  ABŞ dollarına başa gəldi) kimi stansiyanın  tikilməsi kifayət edir. Buna isə indiki qiymətlərlə təxminən 1,7mlrd. ABŞ dolları lazım gəlir ki, bu da növbəti 7 il üzrə götürüləndə  hər ilə   hesabatda qeyd edildiyi kimi  1.1 milyard ABŞ dolları deyil,  250 milyon  ABŞ dolları deməkdir.   Bəs görəsən onda  hesabatdakı bundan  dəfələrlə  artıq, yəni  ildə 1.1 milyard ABŞ dolları, ümumilikdə isə     2030-cu ilə qədər 7,9 milyard ABŞ  dolları  lazımdır kimi  fikirlər haradan götürülüb və əgər bu şişirdilmiş məlumat yanlış təsəvvürlər yaradaraq qaranlıq otaqda qara pişik tutmaq cəhdi deyildirsə, onda nədir və    hansı məqsədə  xidmət edir?  Bu yeni müstəmləkəcilik forma və metodları deyildırsə, onda  bəs nədir?   Bəzi “ağzıgöyçək” ekspertlər   görməzdən gələrək   deyə bilərlər ki, bu  bizlik deyil və modelin verdiyi nəticədir.   Yuxarıda bunun  indiki dünya bazar qiymətləri ilə sadə izahını verdim. Bir də atalar demişkən görünən dağa bələdçi nə lazımdır.  Yəni  bu məsələdə hər şeyin  aydın göründüyü  yaxın 7 illik   dövr üçün  modelin    (istfadə olunan  model və ona verilən parametrlər    barədə  bir az sonra) nəticələrinə   heç bir ehtiyac duyulmur.

2060-cı ilə  tələb olunan investisiyaların  necə şişirdildiyi də   nəzərdən qaçırılmamalıdır.    Heç kim deyə bilməz ki, 30 ildən  sonra dünyada  elektrik enerjisinin, suyun, ərzağın və ya yanacağın qiymətləri necə olacaq? Ona görə də bu cür əsassız, özünü doğrultma ehtimalı 1%-dən aşağı olan  cəfəng  fərziyyələrin üzərində dayanmaqla oxucuların    vaxtını  itirməyinə dəyməz.

3. Maraqlı məqamlardan biri də  “Azərbaycan 2030 və 2050-ci il üzrə öhdəliklərini yerinə yetirə bilməz”   fikri qəti olaraq bəyan edilən  hesabatda nədənsə,   ölkənin iqlim öhdəliklərinə böyük töhfələr verəcək Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “Yaşıl enerji” zonasının yaradılması ilə bağlı tədbirlər haqqında”, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində salınacaq 30 min  ha meşəbərpa işləri,  Qaradağ GES (Masdar 230 Mvt) Abşeran Xızı KES (AQVA Pover 240 Mvt),Cəbrayıl-Zəngilan (BP 230 Mvt)  Xudafərin SES(100 Mvt)  “Qız Qalası” (40 Mvt), işğaldan azad edilmiş ərazilərdə  KSES-lər (170  Mvt), Koreya şirkətləri tərəfindən  Laçın/Kəlbəcər ərazisində  100 MVt gücündə tikintisi planlaşdırılan  KES və  ölkə Prezidenti İlham Əliyevin 7 fevral 2023-cü il tarixli   Fərman ilə   təsdiq edilmiş  2022-ci il dekabrın 17-də Buxarest şəhərində imzalanmış “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”   barədə   heç bir məlumat verilməyib və ya istifadə olunmayıb? Hansı  ki, bu fəaliyyətlərin   nəinki    35 % öhdəliklərin, hətta emissiyalarda  əlavə azalmaları  necə şərtləndirəcəyini   görməmək gülüncdür. Əksinə  (bax:səh 26)  “Yeni azad olunmuş ərazilərdə 2050-ci ilədək xalis sıfır emissiya səviyyəsinə nail olmaq üçün əlavə təklif və tələbat yönümlü investisiyalar tələb oluna bilər”  Sual olunur  qlobal emissiyalarda 0,1 % karbon izi olan,  gənc və dinamik inkişaf edən bir ölkənin  qlobal iqlim öhdəliklərindən    narahat olan   Dünya Bankı   kimi nəhəng maliyyə təşkilatı     infrastrukturu tamamilə  viran edilmiş bu torpaqlarda  elan olunan Yaşıl enerji zonasına   niyə aşağı faizli, uzunmüddətli güzəştli kreditlərini ayırmır?

Həmdə bütün qeyd edilən bu iri layihələrlərlə yanaşı,  təbii ki   bütün sektorlarda (məişət daxil olmaqla)  innovativ texnologiyalardan istifadə və bərpa olunan enerji mənbələrindən istifadə  haqqında qanunun yaratdığı stimullar  nəticəsində icra ediləcək minlərlə kiçik layihələr də növbəti illərdə emissiyaların azalmasına mühüm töhfə verəcəyi   heç kimdə şübhə doğurmur.

4. Hesabatdakı   istifadə edilən modellər barədə nəzərinizə çatdırım ki, bu dünyada qismən  qəbul edilmiş prosedurlardandı.   Özünü doğrultma ehtimallarının aşağı olması    modellər   üzrə təlimatlarda da  qeyd olunur.   Düzgün  parametrlər qoyulduğu halda  uzunmüddətli dövrlər (40,60 il vəs) üçün müəyyən bir qida verə bilər.  Həm də modelə nə qədər çox sıralı (daha çox ilin məlumatları)  məlumatlar və daha son illərin məlumatları  qoyularsa onun etibarlılığı  xeyli  yüksək olar. Bu baxımdan dünyada qəbul edilmiş modellər vardır. Lakin mənə hesabatda istifadə edilən  CompactPRIMES modelinin adı tanış gəlmədiyindən Googlda bir axtarış verdim və gördüklərimdən dəhşətə gəldim.     Belə ki,    E3-Modelling  şirkəti tərəfindən CompactPRIMES əsasında ESA modeli (Azərbaycan üçün Enerji Sistemi modeli) hazırlandığı  və ancaq Azərbaycanın  2015-ci il statistikasına uyğunlaşdırılmış və 2050-ci ilə qədər 5 illik mərhələli həllində tətbiq edildiyi bildirilir.

Baxın  2023-cü ilin sonunda hazırlanan bir hesabatda istifadə olunan modeldə   parametrlər  8 il  əvvəlin məlumatları  yəni  2015-ci ilin məlumatlarıdır. Heç olmasa təxminlərin etibarlılığını  artırmaq xatirinə ölkənin ingilis dilində olan hazır rəsmi statistikasından  əziyyət çəkib  son  5 ilin məlumatlarını götürməyi belə özlərinə rəva biməyiblər. Bu da hesabatın necə tələsik və başdansovdu hazırlanmasının daha bir əyani sübutudur. Üstəlik yuxarıda qeyd elədiyim Yaşıl enerji üzrə ölkəmizdə həyata keçirilən irimiqyaslı tədbirlərin heç biri haqqında məlumatlar o modellərə qoyulmadığı da aydındır.  Çünki  istifadə edildiyi təqdirdə nəticə fərqli olacaqdı və xox gəlmək üçün sərf etməyəcəkdi.  Burada həm də E3-Modelling  şirkətinin bunlardan xeyli insaflı olduğu da  görünür. Çünki onlar ən azından bu modelin ancaq Azərbaycan   üçün hazırlandığını  və ora yerləşdirilən  məlumatların ancaq 2015-ci ilin statistik məlumatları olduğunu  bildirirərək     öz saytlarında yerləşdiriblər.

Digər  maraqlı  və  həmdə gülünc  məqamlardan biri də  belə bir mötəbər qurumun   hesabatında (bax: səh18)    “Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) iqlim dəyişmələri üzrə proqram üzrə milli koordinator kimi, UNFCCC konvensiyasına hesabat verməyə məsul olsa da, ölkənin strateji baxışının müəyyənləşdirilməsinə və idarə edilməsinə məsul deyil” kimi absurd fikir vurğulanır.  Bu nə deməkdir?     Axı  dünya ölkələrinin hamısında bu kimi nazırliklərin funksyaları elə adından bəllidir.

Əlbəttə belə bir hesabatın hazırlanıb, Dubay Qlobal İqlim Sammitinin rəsmi açılışından 1 gün qabaq Bakıda onun təqdimatının keçirilməsi  ölkəmizə qarşı açıq təxrıbat olmaqla acı təəssüf doğurur.
Daha çox təəssüf doğuran digər məsələ  isə hesabatı hazırlayan 75-dən çox üzvü olan komandanın  tərkibində  5-6  yerli mütəxəsislərin də olmasıdır.

Bundan daha çox təəssüf və  həmdə    təəccüb doğuran  acınacaqlı məqam isə həmin  “sapı özümüzdən olan”  ekspertlərin  bəzilərinin dövlət qurumlarında məsul vəzifə tutmalarıdır.

Ən  acınacaqlısı isə   qeyd olunan   yanlış məlumat,  fərziyyə və fikirlərlər   üzərində qurulan bu hesabatın təqdimatı ilə bağlı yayilan press-relizdə    bu hesabat “Azərbaycan üçün dayanıqlı və xalis sıfır emissiyalı inkişafın təmin edilməsi üçün strateji yol xəritəsi     və ölkə əhalisini iqlim dəyişikliyinin mənfi təsirlərindən qoruya biləcək tədbirlərin  həyata keçirilməsinə keçid üçün praktiki yol  kimi təqdim olunur”.

Buna bənzər  təxribat xarakterli hadisənin 2015-ci Parisdə keçirilən COP-un 21-ci sessiyası   ərəfəsində də şahidi olmuşduq. O zaman  Fransa COP21-in ev sahibi kimi xüsusi canfəşanlıq göstərirdi.  Azərbaycana səfərə gəlmiş  Aİ nümayəndə heyəti tərkibində olan fransa nümayəndələri      görüş zamanı  ölkəmizi qlobal iqlim dəyişmələri problematikasında  neft ölkəsi kimi tarixi məsuliyyət daşıdığını bəyan etmişdilər.      Lakin vaxtında verilən əsaslandırılmış cavablar nəticəsində təxribatın qarşısı alındı.

Burada görünür ki, iqlim adı altında  gedən qlobal mübarizədə   bəzi dairələrin öz çirkin maraqlarını güdməsi nəticəsində      hərdən      müxtəlif  konfliktlərin  yaranması  qaçılmaz olur.    Bu baxımdan belə   məsələləri nəzərdən qaçırmamalı,  xüsusilə diqqətli olmalı, hər çalınan havaya oynamamalı və məsələnin mahiyyətini dərindən araşdırandan sonra   özümüz qərar verməliyik.

Təcrübə göstərir ki, ölkə haqqında   qəsdən yanlış təsəvvürlər  yaradan,   ölkənin    uğurlu  yaşıl enerji strategiyasına gölgə salan, iqlim öhdəliklərini yerinə yetirə bilməz vəs.   kimi heç bir elmi izahı olmayan  fikirlərlə ölkənin beynəlxalq   imicinə xələl gətirən  təhdid xarakterli     bu kimi  hesabatlara vaxtında cavab verilməsə, qabaqlayıcı tədbirlər görülməsə  qarayaxma kompaniyası, faktların təhrif edilməsi halları getdikcə daha da arta bilər.  Bu baxımdan   ölkə Prezidenti  İlham Əliyevin    təşəbbüsü ilə  Konvensiya Katibliyi tərəfindən 2024-cü ildə     ölkəmizdə keçirilməsi artıq rəsmən  elan edilən COP-un  29-cu sessiyası   ərəfəsində  müxtəlif təşkilatlar tərəfindən  bu  kimi təxribat hallarının   baş verməsi istisna deyildir və  ona görə də    dövlətin aidiyyəti qurumlarının  yüksək səviyyədə  diqqətli və   ayıq -sayıq olmaları   müstəsna əhəmiyyət kəsb edir.

Hesabat o qədər  qeyri-peşəkar  üslubda  hazırlanıb ki, onu hazırlayanların əməyini düzgün qiymətləndirmək üçün nədənsə azərbaycan dilində bir ifadə tapa bilmədim və  düşündüm   ki, rusların     “svinya v oqorode” məsəli  belə yerdə qeyri-peşəkarlığı,   səriştəsizliyi   əks etdirən   ifadə kimi daha yaxşı səslənir.

İsa Əliyev
İqlim dəyişmələri üzrə müstəqil ekspert

 

Share: