“Qızılgüllərin ətri” kitabı ingilis dilində çap olunub

“Mütərcim” Nəşriyyat Mərkəzində Əməkdar jurnalist Zemfira Məhərrəmlinin “Qızılgüllərin ətri” (The Scent of Roses) nəsr kitabı ingilis dilində çap olunub.

Müstəqil.Az AZƏRTAC -a istinad edərək xəbər verir ki, kitaba daxil edilmiş povest, hekayə və esseləri ingilis dilinə filologiya üzrə fəlsəfə doktoru, yazıçı-tərcüməçi Kamran Nəzirli çevirib. Tərtibat və dizaynın müəllifi Mətanət Qaraxanlı, naşir Rita Müslümovadır.

Kitabdakı “Ön söz”ün müəllifi K.Nəzirlinin sözlərinə görə, müasir jurnalistikamızın tanınmış nümayəndəsi Zemfira Məhərrəmli həm də gözəl nasir və publisistdir. Onun son illər yazdığı povest və hekayələrində, xüsusilə Qarabağ haqqında ortaya qoyduğu bədii-publisistik əsərlərində dərin və qlobal mətləblər açılır, Azərbaycanın uzun illərdən bəri başına gətirilən müsibətlər, Qarabağ həqiqətləri tarixi sənədlər və faktlar əsasında dünyaya çatdırılır.

“Müasir Azərbaycan nəsri ingilis dilində” layihəsi çərçivəsində çap olunan kitabın nəşrində əsas məqsəd də bu acı həqiqətləri dünyaya çatdırmaqdır. Müasir dünya oxucusu siyasətçidən daha çox obyektiv yazıçı sözünə inanır. Bu mənada Zemfira xanımın anlaşıqlı və əhatəli bədii-publisistik dillə oxucuya çatdırdığı mesajlar çox önəmlidir. Azərbaycanın tanınmış qələm adamı beynəlxalq aləmə şahidi olduğu, gördüyü, duyduğu, müşahidə etdiyi gerçək faciələri, Qarabağ savaşının əsl günahkarlarını və səbəbkarlarını cəsarətlə açıb göstərir və mən belə bir kitabı tərcümə etməkdən məmnun oldum…”, – deyə layihə rəhbəri bildirib.

Müstəqil.Az

Share: