Prezidentin “Euronews”a müsahibəsində dünyaya önəmli mesajlar verildi

Ölkə başçısı İlham Əliyev son illərdə Avropanın və dünyanın aparıcı informasiya agentliklərinə müxtəlif müsahibələr verib. İyunun 21-də dövlət başçısı Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – “Caspian Power” sərgiləri zamanı növbəti dəfə Avropanın ən tanınmış televiziya kanallarından olan “Euronews” televiziyasına müsahibə verib. Kanalda yayımlanan müsahibədə bir sıra önəmli məqamlara toxunub.

 Müsahibədə cənab Prezident əsasən son zamanlar gündəm məsələsi olan enerjidən danışılıb. Ölkə başçısı bildirib ki,  Azərbaycan nəinki ənənəvi enerji mənbələrinə, o cümlədən bərpaolunan enerjiyə sərmayə yatıranlar üçün cəlbedicidir. Bildirib ki, ““Masdar” Azərbaycanın bərpaolunan enerji sahəsində strateji tərəfdaşıdır. Ötən ilin oktyabrında ölkəmizdə 230 meqavatlıq ilk Günəş enerjisi stansiyasının açılışı oldu. Perspektivdə 10 qiqavata və 2030-cu ilədək 5 qiqavata qədər gücü əhatə edən bütün müqavilələr və anlaşma memorandumları icra olunacaqdır”.

Azərbaycan neft ölkəsi olduğu kimi eyni zamanda bərpaolunan enerji sahəsində də ciddi yatırımlar edir, uğurlar qazanır. Eyni zamanda ekspertlər bildirirlər ki, Azərbaycanın torpağının altı  “qara qızıl” olduğu kimi, iqlimi də alternativ enerji üçün idealdır.

Azərbaycan bərpa olunan enerji mənbələri üzrə yüksək potensiala malik olan ölkələrdəndir. Belə ki, ölkəmizin bərpa olunan enerji mənbələrinin texniki potensialı quruda 135 QVt, dənizdə 157 QVt-dır. Bərpa olunan enerji mənbələrinin iqtisadi potensialı 27 QVt, o cümlədən, külək enerjisi üzrə 3 000 MVt, günəş enerjisi üzrə 23 000 MVt, bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı 520 MVt həcmində qiymətləndirilir.

Azərbaycan prezidenti müsahibəsində bu məsələyə də toxunub. Prezident bildirib: “Azərbaycanda yaxşı sərmayə mühiti var. Ölkə ənənəvi enerjidən əldə etdiyi gəlirləri hazırda bərpaolunan enerjiyə yönəldir. COP29-a ev sahibliyi edəcək ölkə kimi yaşıl enerjiyə keçid prosesində öndə gedənlərdən olmaq bizim üzərimizə düşən öhdəlikdir. Azərbaycanın böyük tərəfdaşları var. “Masdar” ölkəmizin strateji tərəfdaşıdır. Həmçinin “ACWA Power” və BP sərmayədarlarımız sırasındadır. Azərbaycan ilə işləməyi planlaşdıran digər ölkələrin bir çox şirkətləri var”.

Prezident müsahibədə önəmli məqamları da açıqlayıb. O bildirib ki, milli enerji şəbəkəmizi gücləndirməliyik: “Sərmayədarların verdiyi mümkün qədər çox enerjini qəbul etmək iqtidarında olmalıyıq. Ötürülmə xətləri ilə bağlı qonşularla fəal çalışmalıyıq. Azərbaycanın özünə planlaşdırdığı qədər bərpaolunan enerji lazım deyil və bu səbəbdən hədəfimiz ixracdır”.

Qeyd edilməlidir ki, ölkəmizdə bərpa olunan energetika sahəsinin inkişaf etdirilməsi, bu sahədə qanunvericilik və institusional mühitin təkmilləşdirilməsi məqsədilə müvafiq qanun və normativ hüquqi aktlar qəbul edilib. Son illərdə sahə üzrə görülən işlər davam etdirilib və bərpa olunan enerjinin inkişafına xüsusi töhfə verən “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının 2021-ci il 31 may tarixli 339-VIQ nömrəli Qanunu təsdiq edilib.

Prezident İlham Əliyev müsahibəsində vurğulayıb ki, beynəlxalq tərəfdaşlıq tələb edən məsələləri biz tərəfdaşlarımızla həll etməliyik:

 “Bərpaolunan enerjidən istifadəyə olduqca düşünülmüş yanaşma tətbiq edilməlidir ki, elektrik enerjisi maksimum istehsal olunsun və təbii qaza qənaət edilsin ki, o, əsasən indi Avropaya lazım olan qaydada nəql olunsun”.

Bakı Enerji Həftəsindən danışan Prezident bunları vurğulayıb:  “Konfrans enerji sektorunda ölkəmizin qlobal liderliyini əks etdirir. Bakı Enerji Həftəsində 37-dən artıq ölkədən gəlmiş 300-dən çox nümayəndə iştirak etmişdir. Tədbir artıq 30 ildir keçirilir. Birinci tədbir hələ 1994-cü ildə təşkil olunmuşdur. Heç də hər enerji tədbiri ABŞ Prezidentinin müraciəti şərəfinə nail olmur. Bu tədbirin bütün illəri belə olub və bu, əslində, onun unikal mahiyyətini və gücünü nümayiş etdirir. Tədbir öncə Xəzər Neft və Qaz Sərgisi və Konfransı adını aldı. Sonra biz bərpaolunan enerji sahəsində işə başladıq və tədbir fərqli sektorları əhatə edən Bakı Enerji Həftəsinə çevrildi. Qısa müddət ərzində bir ölkədə hər istiqamətdə – neft, təbii qaz və indi isə yaşıl enerji sahələrində uğurları görə bilərsiniz”.

Hazırda Azərbaycan COP29 kimi böyük tədbirə ev sahibliyi etməyə hazırlaşır. Dünyanın gözü yenə də bizdədir. Azərbaycanın son illər hərb sahəsindəki uğurları, diplomatiyadakı qələbəsi, on illərdir etibarlı tərəfdaş kimi fəaliyyəti onu dünyanın diqqət mərkəzinə gətirib. Şübhə edilmir ki, COP29 tədbiri də uğurla keçəcək.

Bu barədə danışan cənab Prezident qeyd edib: “Ev sahibliyi edən ölkə kimi Azərbaycanın əsas məqsədlərindən biri birliyi və həmrəyliyi yaratmaqdır. Azərbaycan COP zamanı və ondan sonra sədrliyimiz davam edəcəyi dövrdə elə müsbət mühit qurmaq istəyir ki, ölkələr və şirkətlər bir-biri ilə istəklə işləsin və qarşılıqlı iddiaları kənara qoysunlar, planetin qorunması ilə əlaqədar əsas gündəliyə diqqət yetirsinlər”.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Share: