Prezident 800 nəfərə iş verəcək obyektdə

İlham Əliyev Gəncədə səfərdədir.

Prezident “Gəncə Mall” Ticarət Mərkəzində yaradılan şəraitlə tanış olub. Heydər Əliyev prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsində yerləşən “Gəncə Mall”un inşasına 2014-cü ilin avqust ayında başlanılıb və 2017-ci ilin oktyabr ayında tikinti işləri başa çatdırılıb. Bu ticarət kompleksinin ümumi sahəsi 26 min 293 kvadratmetr, ticarət sahəsi isə 11 min kvadratmetrdir. Səkkiz mərtəbədən ibarət mərkəzin binasının dörd mərtəbəsi zirzəmi səviyyəsindədir. Zirzəmilərin 1-ci, 2-ci və 3-cü mərtəbələrində 411 avtomobil tutumlu yeraltı dayanacaq yaradılıb. Bundan başqa, burada supermarket də fəaliyyət göstərir. Ticarət kompleksində şəhər sakinlərinə və qonaqlara bir çox xidmətlərin göstərilməsi nəzərdə tutulur. Burada elektron məhsulları, məişət avadanlıqları, mebel, parfümeriya və ev aksesuarları mağazaları var. “Gəncə Mall”da, həmçinin ayaqqabı, geyim, uşaq geyimləri, idman malları mağazaları fəaliyyət göstərir və alıcılara dünyanın tanınmış brendlərinin məhsulları təqdim olunur.

Qeyd edildi ki, burada aptek, kitab mağazası, müxtəlif restoranlar və “Cinema Plus” kinoteatrı da yerləşir. Ticarət mərkəzində 800 nəfərin yeni iş yeri ilə təmin edilməsi nəzərdə tutulub.

Share: