Poeziyası ilə dünya arenasına çıxırdı, yolu… yolda kəsildi

M.Qorki adına Beynəlxalq mükafat laureatı, respublikanın gənc qələm sahiblərinin qayğıkeş himayədarı, bütün varlığı ilə şair olan Vaqif İbrahimin faciəli ölümündən 35 il ötdü.

Çox qısa – cəmi 38 il ömür yaşasa da, Vaqif İbrahim öz istedadı, bənzərsiz poetik yaradıcılığı ilə yalnız Azərbaycanda deyil, hətta keçmiş Sovetlər İttifaqında, Polşa, Çexoslovakiya və Bolqarıstanda da tanınırdı. Xalqımızın korifey şairləri Rəsul Rza, Bəxtiyar Vahabzadə, Əli Kərim, Xəlil Rza, görkəmli rus şairləri Mixail Lukonin, Oleq Dmitriyev, Vadim Kuznetsov və başqaları onun poeziyasını həmişə yüksək qiymətləndirirdilər. Rusiyanın tanınmış şairləri, M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun adlı-sanlı, nüfuzlu ədəbiyyatşünasları, şair və yazıçılar Vaqif İbrahimin iştirakçısı olduğu VI Ümumittifaq Poeziya Festivalında və digər ədəbi tədbirlərdə həmişə onu arayıb-axtarar, çox təvazökar və bir qədər də utancaq olan bu gənc Azərbaycan şairi ilə hökmən görüşüb, poeziya barədə söhbətlər etməyi, onu dinləməyi xoşlayar, şeirlərini həvəslə rus dilinə tərcümə edərdilər. Təsadüfi deyil ki, artıq 32 yaşında onun “Vaxt” (“Времена”) adlı ilk kitabı Moskvanın məşhur “Molodaya qvardiya” nəşriyyatında 25 min tirajla çap olunmuş və oxucular tərəfindən çox qısa bir zamanda alınmış, satılıb qurtarmışdı.
Həmin kitaba ön söz yazan tanınmış şair və tərcüməçi Oleq Dmitriyev xüsusi olaraq qeyd edir ki, “Poeziya festivallarının, gənc yazıçıların ədəbi müşavirələrinin səsli-küylü, qaynayıb-coşan iştirakçıları arasında Vaqif İbrahimin nurlu, gülərüz simasını görmək həmişə xoş olur. Vaqifin şeirlərində onun ürəyi oxuculara bütün genişliyi ilə açılır. Poeziyada o, oxucunu öz ədəbi dünyasına çağırmır, onun qarşısında qəlbini evinin qapısını döyən bir yolçuya açdığı kimi qonaqpərvərliklə açır”.
Vaqif İbrahimin ilk kitabı İttifaq miqyasında elə böyük maraqla qarşılanır ki, çox keçmədən Moskvada onun daha bir şeirlər kitabı – 70-ə qədər yeni şeirinin daxil edildiyi “Qapını döyəcəyəm” (“Постучусь в твою дверь”) adlı kitabı oxuculara təqdim edilir.
Ötən əsrin 80-ci illərində öz orijinal poeziyası, süjetli şeirləri, lirik poemaları ilə sevilən Vaqif İbrahimin poeziya nümunələri çex, polyak, bolqar və s. dillərə də tərcümə edilərək, müəllifin şöhrətini daha da artırır. Azərbaycanın gənc və perspektivli şairi kimi poeziya aləmində böyük nüfuz qazanmasının nəticəsi idi ki, həmin dövrdə Vaqif İbrahim SSRİ-nin və Bolqarıstanın birgə ədəbi almanaxı olan “Drujba” jurnalının respublikamız üzrə məsul nümayəndəsi və Sovet İttifaqından olan 5 nəfərdən biri kimi redaksiya heyətinin üzvü seçilmişdi. O, Azərbaycan şair və yazıçılarının yeni yaradıcılıq nümunələrinin həmin nüfuzlu jurnalda dərc edilməsi, ölkəmizin ədəbi uğurlarının sovet və bolqar oxucularının diqqətinə çatdırılması üçün çox böyük səylə, yorulmadan, əzmkzrlıqla çalışırdı.
…Vaqif İbrahim 30 sentyabr 1945-ci ildə Şəki şəhərində dünyaya gəlmişdi. Sonralar ailəsi Sumqayıta köçmüş və o, bu şəhərdə təhsil almış, Kimya-texnologiya texnikumunu, sonralar isə Azərbaycan Dövlət Neft və Kimya İnstitutunu uğurla bitirmişdi (texnikum yoldaşları şair Nurəddin Mənsur və respublikanın Əməkdar məşqçisi Əhməd Rəcəbli xatırlayırlar ki, bir vaxtlar yaxın dost olduqları Vaqif İbrahim fakültənin ən yaxşı riyaziyyatçısı və “fiziki” idi).
Hələ uşaqlıqdan Azərbaycan poeziyasının, dahi şairimiz Nizami Gəncəvi, Səməd Vurğun, Mikayıl Müşfiq və Bəxtiyar Vahabzadə yaradıcılığının vurğunu olan Vaqif İbrahim ilk şeirlərini hələ 14-15 yaşından yazmağa başlamışdı. İlk vaxtlar şəhər qəzetində, sonralar “Azərbaycan gəncləri”, “Ulduz” və “Azərbaycan” jurnallarında şeirləri dərc olunmağa başlayan gənc şair tezliklə həm oxucuların, həm də görkəmli Azərbaycan şairləri Rəsul Rzanın, Bəxtiyar Vahabzadə və Əli Kərimin diqqətini cəlb etmişdi.
İlk vaxtlar Sumqayıt şəhər Radio Verilişləri redaksiyasında məsul katib kimi əmək fəaliyyətinə başlayan Vaqif İbrahim şəhər radiosu vasitəsilə Azərbaycan ədəbiyyatının klassiklərinin və Sumqayıtın gənc ədəbi qüvvələrinin təbliğinə geniş yer verirdi.
Poeziyada daim yeni söz, yeni fikir deməyə çalışan Vaqif İbrahim həyatda da yenilikçi, novator olmağa çalışırdı. O, özünün ustadı və böyük dostu hesab etdiyi görkəmli şair Əli Kərimin 1969-cu ildə, vaxtsız – 38 yaşında ölümündən təsirlənərək, onun adını yaşatmaq və yaradıcılığını təbliğ etmək, şəhərin istedadlı gənc ədəbi qüvvələrini bir araya gətirmək, onların istedadlarının qayğısına qalmaq məqsədilə Sumqayıtda respublikada ilk dəfə olaraq Poeziya Klubunu yaratmışdı. Ancaq təəssüf ki, xoş məramla yaradılmış həmin Kluba və onun özünə qarşı qısqanclıqla yanaşan bəzi bədxahlar hər vəchlə onun işinə mane olmağa çalışırdılar (Əli Kərim adına həmin Poeziya Klubunun ilk üzvlərindən biri kimi yadımdadır ki, hətta Sumqayıtda yaşayan şairlərdən ibarət kiçik bir dəstə bir gün Kluba… üstlərində gizlətdikləri, lakin bizə haqqında qabaqcadan məlumat çatdırılan soyuq və odlu silahla gələrək, Vaqif İbrahimə təzyiq göstərməyə, Poeziya klubunun fəaliyyətinin dayandırılmasına çalışmışdılar, ancaq Vaqif müəllimin təmkinli, müdrik davranışı onları “tərksilah” etmişdi).
Lakin fəaliyyətinə bədxahların maneçilik törətmək cəhdlərinə, hədə-qorxu və təzyiqlərinə baxmayaraq, respublikanın tanınmış şair və yazıçıları ilə Sumqayıtda keçirilən çoxsaylı tədbirlərlə (Sumqayıt Poeziya Klubunun sorağı o vaxtlar nəinki Moskva və Leninqrada, hətta uzaq Hovosibirskə də çatmışdı. Oranın yazıçı və şairləri ilə sıx ədəbi əlaqələr qurulmuşdu, Sumqayıtın gənc ədəbi qüvvələri Novosibirskdə, sibirlilər isə bizim gənclik şəhərində dəfələrlə olmuşdular), çoxşaxəli fəaliyyəti ilə şəhər rəhbərliyinin, onun mədəniyyət şöbəsinin nüfuzunu qazanan, onların dəstəyinə arxalanan Vaqif İbrahim sonralar “Ulduz” və “Göyərçin” jurnallarında məsul vəifələrə irəli çəkildi. Özünün təşəbbüsü və təşkilatçılıq istedadı ilə yaratdığı Gənc yazıçıların Respublika Ədəbi Birliyində sədr kimi geniş fəaliyyəti ilə, gənc ədəbi qüvvələrin yaradıcılığının radio və televiziyada geniş təbliği, onların əsərlərinin qəzet və jurnallarda mütəmadi çapına nail olması ilə, Ədəbi Birlikdə görkəmi şair və yazıçıların “ustad dərslərini” təşkil etməklə, respublikanın müxtəlif rayonlarında gənc şair və yazıçılarla oxucuların görüşlərini keçirməklə və özünün nümunə olan poeziyası ilə Vaqif İbrahim daha da böyük hörmət və nüfuz sahibi olmuşdu. Lakin heyf ki, daim yaratmaq eşqilə çırpınan o coşqun, çılğın qəlbin istedadlı sahibinin ömrü gözlənilmədən, kor, bədbəxt bir təsadüf nəticəsində Bakı-Sumqayıt yolunda… yarı yolda qırıldı.
Ancaq böyük Azərbaycan şairi Səməd Vurğun demişkən:
Ölüm sevinməsin qoy! Ömrünü vermir bada
El qədrini canından daha artıq bilənlər!
Şirin bir xatirətək qalacaqdır dünyada
Sevərək yaşayanlar, sevilərək ölənlər!
Təsadüfi deyil ki, unudulmaz şairi tanıyanlar və oxucular onun xatirəsini daim əziz tuturlar. Respublikanın Əməkdar jurnalisti, şair-publisist Rafiq Oday ustadı hesab etdiyi Vaqif İbrahimin xatirəsinə özünün hələ çox gənc vaxtında – 23 yaşında böyük sevgi ilə həsr etdiyi “Dünya saxlamalıydı onu” şeirində yazır:
Dünya saxlamalıydı onu
ata əvəzi,
saxlaya bilmədi –
yamanca qarışıb
başı dünyanın.
Dünya ağlamalıydı onu
ana əvəzi,
ağlaya bilmədi –
heyrətdən qurumuşdu
gözlərinin
yaşı dünyanın…
Rəhman ORXAN
Share: