“PKK-nın Türkiyədə terror imkanları sıfıra endirilir”

Türk ordusunun son günlər PKK terrorçularına qarşı mübarizə çərçivəsində Qəndil istiqamətində başlatdığı hərbi əməliyyatlar davam edir.

Moderator.az-a açıqlamasında bu əməliyyatların önəminə diqqət çəkən politoloq Natiq Miri, PKK-nın “ürəyinə” qarşı aparılan bu əməliyyatların Türkiyənin təhlükəsizliyi üçün mühüm önəm kəsb erdiyini vurğuladı:

“AKP iqtidarından öncə Qəndillə bağlı keçirilən hərbi əməliyyatlar sadəcə müəyyən bombardımanlar, məhdud miqyaslı əməliyyatları özündə ehtiva edirdi. Terrorçular müəyyən qədər zərərsizləşdiriləndən sonra bütün qüvvələr geriyə – Türkiyəyə qayıdırdı. İndiki proseslər isə fərqli yöndədir. Türkiyə Şimali İraqda, yerlə-yeksan edilən PKK düşərgələrinin yerində 11 hərbi baza yaradıb. Bu bazalar müvəqqəti hərbi bazalar deyil. Bunlar uzunmüddətli və qalıcı hərbi bazalardır. Artıq İraq ərazisindən terrorçuların sızması mümkün deyil. Bu isə PKK-nın Türkiyədə terror imkanalarını sıfıra endirəcək.

Qəndil əməliyyatlarının uğurlu nəticəsi də şübhəsizdir. Qəndil demək olar ki, tamamilə mühasirəyə alınıb. Qəndil ətrafındakı bütün strateji nöqtələr də türk ordusunun nəzarəti altındadır. Hesab edirəm ki, türk ordusu qısa zamanda Qəndilin təmizlənməsi prosesini başa çatdıracaq. Bununla da Qəndil məsələsi Türkiyənin gündəmindən çıxacaq”.

Share: