Paşinyanın əsas narahatlığı Ermənistan müxalifəti tərəfindən yox, Kremldən qaynaqlanır

Nikol Paşinyanın Moskvaya səfəri ərəfəsində erməni parlamentinin müxalif “Ermənistan” və “Şərəfim var” fraksiyalarının aksiyalara start verməsi heç də təsadüf deyil. Moskvadan idarə olunan bu revanşist qüvvələrin məqsədi N.Paşinyana psixoloji təzyiq göstərmək və onun bu gün Rusiya prezidenti Vladimir Putinlə Moskvada keçirəcəyi görüşdə mövqelərini zəiflətmək, onu Putinin diktə edəcəyi şərtlərlə razılaşmağa məcbur etməkdir.

“Qarabağ klanı”nın liderlərinin də (Robert Köçəryan və Serj Sərkisyanın) təmsil olunduğu hazırkı Ermənistan müxalifəti hər vasitə ilə Ermənistanın Azərbaycanla sülh danışıqlarına, Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasına mane olmaq, sərhədlərin delimitasiyana və sülh sazişinin bağlanmasına dair işçi qrupların yaradılmasını əngəlləmək və Nikol Paşinyanı Azərbaycanın ərazi bötüvlüyünü tanımaqdan çəkindirməkdir. Bir sözlə, erməni müxalifətinin bütün fəaliyyəti Brüssel görüşünün nəticələrini heçə endirməyə yönəlib.
“Ermənistan” və “Şərəfim var” fraksiyalarının liderləri hesab edir ki, aprelin 6-da Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə baş tutan Əliyev-Paşinyan görüşündə əldə edilmiş razılaşmalar və Paşinyanın Azərbaycanın 5 bənddən ibarət sülh təkliflərini qəbul etməsi ““Artsax”ın həmişəlik itirilməsi” deməkdir. Ancaq müşahidələr onu göstərir ki, hələ də qondarma “Artsax” xəyalı ilə yaşayan müxalifətin son günlər başlatdığı etiraz aksiyaları Paşinyanı ciddi şəkildə narahat eləmir. Çünki Paşinyan müxalifətin revanşist çağırışlarının ümumən erməni xalqı tərəfindən dəstəklənmədiyini görür. “Ermənistan” və “Şərəfim var” fraksiyalarının mitinqləri həddindən artıq sönük keçir. Odur ki, Paşinyanın əsas narahatlığı Ermənistan müxalifəti tərəfindən yox, Kremldən qaynaqlanır.
Bu gün Moskvada baş tutacaq Paşinyan-Putin görüşündə Ermənistan-Azərbaycan münasibətləri, sərhədlərin delimitasiya və demarkasiyası, Azərbaycanın Qarabağ ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının gələcəyi, Brüssel görüşünün nəticələri və Ermənistan ilə Azərbaycan arasında yekun sülh müqaviləsinin imzalanması istiqamətində görüləcək işlər barədə geniş müzakirələr aparılacağı gözlənilir. Putin həm Azərbaycana, həm də Ermənistana ənənəvi təzyiq rıçaqlarının əldə saxlanılması üçün şübhəsiz ki, bu günkü müzakirələrin istiqamətini Rusiyanın geosiyasi və geoiqtisadi maraqları çərçivəsində yönəltməyə çalışacaq. Bu maraqlar Rusiyanın bölgədə varlığının qorunub saxlanılmasına xidmət edir.
Ancaq bütün hallarda Rusiya da artıq Azərbaycan-Ermənistan, Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasının qaçılmaz olduğu faktını qəbul etməyə məcburdur. Bu baxımdan Kremlin Azərbaycan və Ermənistanın Brüssel görüşündən sonra bir-birinə yaxınlaşmağa başlamasını əngəlləməsi mümkünsüzdür. Bəzi ekspertlər bu görüşü Paşinyan üçün “sonuncu çətin imtahan” kimi dəyərləndirsələr də, hesab edirəm ki, Putin bu prosesi dayandırmağın mümkünsüzlüyünü anladığına görə, mövcud prosesi dayandırmağa yox, bunun tam əksinə, prosesdən Rusiyanın maraqları üçün maksimum yararlanmağa çalışacaq.
Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
Share: