Papaqçı – Thomas Bernhardın hekayəsi


Kulis.az Şəbnəm Adilin tərcüməsində Thomas Bernhardın “Papaqçı” hekayəsini təqdim edir.

Bəzən illər boyu, indi baxıram, on illər boyu bir insanın kim olduğunu bilmədən yanından ötüb keçirik. Mən də bir insanın, indi hesablayıram ki, iyirmi il boyu kim olduğunu bilmədən yanından ötüb keçmişəmmiş. Bu insanın yanından həmişə eyni saatda keçmişəm, bir dəfə səhər erkəndən, bir dəfə də axşam, onlarla il boyu eyni saatlarda. Doğrudan da, bu insanın kim olduğundan xəbərsiz, bəlkə min dəfə, yüz min dəfə görmüşəm. Əlbəttə, ona heç salam da verməmişəm, axı bu, ağlımın ucundan belə keçməyib. Ağlıma da gəlməyib ki, bu adam məndən cəmi ikicə bina aralıda yaşayır. Bu gün papaqçı mənə “Mən papaqçıyam”, dedi. Həqiqətən özünü “papaqçı” adıyla təqdim etdi bu adam. Vəkil olduğumu da öyrənibmiş. Görüş vaxtı təyin etdik, sözünə sadiq qalıb ofisimə düz vaxtında gəldi. ‒ Bu qədər böyük ofisinizin olması məni təəccübləndirdi, ‒ dedi. ‒ Hə, – dedim, ‒ böyükdür, amma niyə bu qədər, onu heç özüm də bilmirəm. Görünür, artıq dövrün tələbi belədir, dünyadakı hər şey kimi, çox güman, 30 il əvvəl bura köçməyim də təsadüfdür. O da indi yaşadığı binaya 30 il öncə köçübmüş. ‒ Sizdən iki bina o tərəfdə yaşayıram, – dedi, ‒ Xeyli vaxtdır qarşılaşırıq, dəqiq, iyirmi ildir. ‒ Dəqiq iyirmi ildir, ‒ deyə təkrarladım. ‒ Dəfələrlə qarşılaşmışıq, amma nə sizin məndən xəbəriniz olub, nə də mənim sizdən, ‒ o dedi, ‒ doğrusu, burda ofisinizin olduğunu da bilmirdim. ‒ Maraqlısı odur ki, vəkil ola-ola məndən iki bina aralıda kimin yaşadığından xəbərsiz olmuşam. ‒ Doğurdan, ‒ dedim, – sizi həmişə üz cizgilərinizdən yox, geyim-keciminizdən tanıyardım, çünki yanımdan ötəndə heç üzünüzə baxmamışam. Əslində, mən həmişə yoldan keçənlərin geyimlərinə fikir verirəm, kostyumlarına, kostyumlarının keyfiyyətinə, ayaqqabılarına, onların keyfiyyətinə baxıram. Düzünü desəm, üzünüzü heç görməmişəm. ‒ Amma mən sizin simanızı çox yaxşı tanıyıram, – dedi, – çünki sizdən fərqli olaraq həmişə yanımdan keçənlərin üzlərinə nəzər yetirirəm. Nə kostyumları, nə ayyaqabıları, nə də ayaqqabılarının markası eynimdə olur. Lakin indi fərqinə varıram ki, çox zövqlü geyinmisiniz, – dedi, – vəkillər adətən çox zövlqü geyinirlər. Heç zövqlü geyinməyən hüquqşünas görməmişəm. Mənimsə əyin-başımda səliqəsiz, aşağı keyfiyyətli paltarlar olur. Siz, yəqin ki, ən bahalı mağazalara gedir, paltarlarınızı ən yaxşı dərzilərə tikdirirsiz, halbuki mənim getdiyim yerlər ara küçələrdəki ucuz mağazalardır, aldığım da satış üçün tikilmiş hazır kostyumlar olur, – dedi, – bilirsiniz, son dövrlərdə onları da almağa çətinlik çəkirəm, çünki günü-gündən kökəlirəm. Yaxın günlərdə artıq kostyum ala bilməyəcəm. Gözəl, səliqəli geyinən insanlara baxmaqdan zövq alsam da, zövqlü geyinən insanlara, əyin-başı səliqəli şəxslərə maraq duysam da, şəxsən özüm yaxşı görünməyə heç əhəmiyyət vermirəm. Pis, ya yaxşı geyinmək ehtiyacı, xüsusi görünməyə ehtiyac olub-olmaması, məncə, adamın peşəsiylə əlaqədardır. Əlbəttə, sizin peşəniz, ‒ dedi, ‒ daim yaxşı geyinməyi tələb edir. Sizin vəkil olduğunuzu bilmədən, sizi gördüyüm ilk dəqiqədə məhz vəkil ola biləcəyinizi düşünmüşdüm. Bu, sadəcə geyiminizlə bağlı deyildi, yox, yox, bunlar onsuz da önəmsiz şeylərdir, – deyib, əsas mətləbə gəldi. Başına çox qəribə bir iş gəlibmiş, haradan başlayacağını bilmirmiş. ‒ Nəylə bağlıdır? ‒ deyə soruşdum. İçməyə bir şey təklif etsəm də, imtina edib sualıma cavab verməyə çalışdı: ‒ Bir tərəfdən məsələ çox qarışıqdır, digər tərəfdən yox. Dediyim kimi, sizdən sadəcə iki bina o tərəfdə yaşayıram.

Mənim evim 7 nömrəli binadadır, məncə, bura 9-dur. İşin qəribə tərəfi, binalarımızın arasında ikicə rəqəm fərqi olsa da, bir-birimiz haqqında heç, amma heç nə bilmirik. Bəlkə də, papaqçı olmağım sizə maraqlı gələ bilər. Doqquz nömrəli binada bir papaq mağazası var, sahibi mənəm, düz 21 il əvvəl babamdan miras qalıb. Papaq mağazasında işlər yaxşı gedir, hətta deyərdim ki, olduqca yaxşı gedir. Fəqət mağaza yaxşıya getdikcə mənim halım pisləşir. Qoyun belə izah edim, bir oğlum var, o da mənim kimi papaqçıdır. Atam məni papaqçılığa həvəsləndirdiyi kimi, mən də oğlumu həvəsləndirmişəm. 17 yaşım olanda bu sənətin bütün incəliklərinə bələd idim, oğlum da 17 yaşına çatanda papaqçılıq sənətinə hərtərəfli yiyələndi. Onun zəkası, papaqçılığa hədsiz yatqınlığı sayəsində mağazamızın şöhrəti hər yerə yayılıb. Papaqlarımız dünyanın dörd bir tərəfinə ixrac edilir. Bilirsiniz, bu şəhərdə istehsal edilən papaqların yarısı bizim istehsalımızdır. Papaqlarımızı ən məşhur insanlar geyinir. İngiltərənin, Fransanın adlı-sanlı adamları başlarında bizim papağımızla gəzir. Sözsüz ki, ən yaxşı materiallardan istifadə edirik, amma əsas məsələ bu deyil, bura papaq tikərkən nələrdən istifadə etdiyimizi, bütün Avropada ən yaxşı papaqçı dükanının bizə məxsus olduğunu deməyə gəlməmişəm.

Doğurdan, Milana getsəniz, papaqlarımızı ən say-seçmə mağazaların vitrinlərində görə bilərsiniz. İstəyirsiniz Londona gedin, ya da Parisə… heç okeanın o tayındakı ölkələrdən hələ danışmıram… Səyahətə çıxarkən ilk işimin papaq mağazalarına baş çəkmək olduğunu, yəqin ki, təxmin edirsiniz… yəni hər önümə çıxan papaq mağazasına da girmirəm ha, sadəcə istehsal etdiyimiz papaqların vitrinlərdə görünməsindən əmin olmaq istəyirəm… ildə bir yol Avropaya səyahətə çıxıram, düşünə bilərsiniz ki, başımı itirmişəm, amma mən gəzməli-görməli yerləri görmək üçün yox, Avropaya məhz papaq mağazalarına baş çəkmək üçün gedirəm, məsələn Metzə çatıram, dərhal ən yaxındakı papaq mağazasına girirəm, Lion, Paris, London, Brüssel və Antverpdə də eynisini edirəm… əgər vitrində bizim papaqlardan görməsəm, mağazaya girib heç olmasa içəridə varmı deyə soruşuram, sözün əsl mənasında heç vaxt məyus olmamışam… Mənim tikdiyim papaqlara dünyanın istənilən bucağında rast gəlmək olar… amma bu gün sizin yanınıza gəlməyimin səbəbi bu deyil. Oğlumu tanımırsınız, – dedi, – amma hər gün mənim kimi onun da yanından keçib gedirsiniz, çünki oğlum hər gün arxa tərəfdəki restorana nahar etməyə gedir, siz də o vaxt çıxırsınız… subay adamlar olduğumuz üçün sizlər kimi oğlum da, mən də restoran yeməyinə möhtacıq, yeməkləri yaxşı olmasa da, orada yemək artıq vərdişə çevrilib… həmişə özümdən soruşuram, niyə məhz o restoran? Ora getmək necə də mənasızdır, ancaq yenə də nahara ora gedirik… daha doğrusu, – dedi, – iki aydır ora getmirik, daha heç bir restorana getmirik, çünki oğlum evlənib, daha evdə yeyirik… iki aydan artıq bir müddətdir qarşılaşmamağımız nəzərinizdən qaçmaz… Amma belə görürəm, bu heç də diqqətinizi çəkməyib… Yeməkləri gəlinim bişirir, – dedi, – amma məsələ bu deyil, problem oğlumun evlənməsində, özü də belə görürəm uğursuz evliliyindədir… Oğlumun xoşbəxt bir ailəsinin olmasını çox istərdim, əlbəttə, ailə xoşbəxtliyi adlı bir şey varmı, deyə həmişə düşünmüşəm, neynəsən ki, gəlinlə birlikdə bədbəxtlik evimizə ayaq açdı…

Vəziyyət bax bu cürdür, – dedi. 35 il idi binanın altında, yəni mağazaya bitişik otaqda yaşayırdım. Gəlinimin evə ayaq basmasıyla oradan birinci mərtəbəyə qalxmalı oldum. Çünki oğlum mağazanı böyütdü və mənim otağımı da mağazaya daxil elədi, hamısını da arvadı onun beynini doldurmasına görə elədi, böyüklük xəstəliyinə tutulmuş bir qadının ağlıyla məni otağımdan çıxardı… Təbii ki, otağımdan çıxmamaq üçün dirənə bilərdim, mağazanı böyütmək fikrini qəbul etməyə də bilərdim, axı bu mağaza əvvəlki kimi yenə də mənə məxsusdur, lakin artıq mağazamda, evimdə istədiyimi edə bilmirəm. Axırda öz otağımdan çıxıb birinci mərtəbəyə köçdüm. Birinci mərtəbəyə öyrəşmək asan olmadı, amma zamanla öyrəşdim, hətta gördüm ki, binanın altındansa birinci mərtəbədə yaşamağın xeyli üstünlükləri var.

Bildiyiniz kimi, bu binaların altı rütubətli olsa da, birinci mərtəbəsində çox da rütubət olmur. Elə birinci mərtəbəyə köçməyimdən bir neçə gün keçmişdi ki, baxdım revmatizm ağrılarım azalıb, kürək ağrılarım da azaldı, hərəkətliliyimin artmasından isə zövq alırdım. Hər şeydən o yana, birinci mərtəbə daha işıqlı idi, elektrik enerjisinə qənaət edə bilirdim, söz yox ki, havası daha yaxşı idi, səs-küy də azalmağa başlamışdı, beləliklə çox keçmədən yeni vəziyyətimə, yəni binanın altındakı otağımı sevərkən həmişə nifrət etdiyim birinci mərtəbəyə öyrəşdim. Lakin birinci mərtəbədə yaşamağım iki ay olmamışdı ki, ikinci mərtəbəyə köçməyim məsləhət görüldü, səbəbi gəlinimin hamilə olması və birinci mərtəbədəki otağıma ciddi ehtiyac yaranmasıydı. İnadkarlıq etmək üçün heç bir səbəb görünmürdü, mən də təslim olub birinci mərtəbədən ikinciyə köçdüm. Bu müddət ərzində mağazada işlər sürətlə irəliləyirdi. Çünki binanın altındakı otağımın hesabına mağaza daha da genişlənmişdi. Sonra nəvəm dünyaya gəldi, birinci mərtəbədən ikinciyə köçməyimin, həqiqətən də, xeyirli olduğunun fərqinə vardım. Əlbəttə, ikinci mərtəbədə səs-küy birincidən daha az idi, həm də rütubət demək olar yox idi.

Özü də ikinci mərtəbəyə köçəndə burda otaqların daha ideal olduğunu kəşf etdim. İndi ikinci mərtəbədə, ideal otaqda, ideal yüksəkliyi yaşayırdım. Yaşadığımız binada, bildiyiniz kimi, lift yoxdur, ümumiyyətlə, bu küçədə heç bir binada lift yoxdur. Odur ki, ikinci mərtəbədə yaşamağın yaratdığı çətinliklərə qısa müddətdə dözüb öyrəşməli oldum. Ora daha sakit idi, orda yaşadığım müddətdə elə hey düşündüm, düşünürdüm ki, papaq mağazasını oğluma təhvil verdikdən sonra ikinci mərtəbədə yaşayaraq xoşbəxt ola bilərəm, çünki ən az narahat edildiyim yer oraydı. İşlədiyim onlarca il boyu kitablarımdan uzaq düşmüşdüm. İndi onlara daha çox vaxt ayıra, hər ürəyim istəyəndə piano çala bilirdim. Ürəyim istəyəndə dostlarımı evə dəvət edər, ürəyim istəyəndə evdən çıxıb konsertə, teatra gedə bilirdim. Bildiyiniz kimi, bu şəhər öz sakinlərinə hər gün saysız-hesabsız əyləncələr təklif edir. Bir müddət zövqi-səfa içində beləcə yaşadım. Amma, – dedi, – əsl mətləbə, bura təşrif buyurma səbəbimə gəlirəm.

Bir həftə əvvəl, deyib, söhbətə davam etdi. Müştərim olan bu kişinin ona qədər dediklərini və o anda dediklərini qeyd edirdim. Çünki adətim üzrə müştərilərimin dediyi hər şeyi, həmişə yazıram. Bir həftə əvvəl ikinci mərtəbədən üçüncüyə köçməyim təklif olundu. Oğlumun təklifi idi, amma şübhəm yox ki, bu sözləri ona əslində arvadı, yəni gəlinim yeritmişdi. Hə, hə, dedi ki, artıq üçüncü mərtəbəyə köçmək lazımdır. Çünki keçən müddət ərzində iki uşaq daha olmuşdu, dördüncüsü isə yoldaydı. Dördüncü uşaq, ‒ dedi, ‒ axmaqlıq deyilmi? Dördüncü uşaq, – dedi, – qorxunc deyilmi bu? Sonra beşinci, altıncı, belə olmaz, bu işin sonu necə olacaq? Dedim, oğluma… Tutaq ki, işlər yaxşı gedir, mükəmməl gedir, lap nə qədər yaxşı gedir getsin, dörd uşaq ağlasığmaz bir şeydir… indi dörd nəvəm var, çoxdur bu, bu qədər nəvə çoxdur… amma mən bütün bunları deyərkən oğlum heç nə anlamamış kimi gözlərini döyürdü, nəsə deməyin heç bir mənası olmadığına əmin idim, başa düşmür, başa düşmür artıq… Oğluma nə olub deyə düşündüm, bu qız oğlumun başına nə gətirib? Bir neçə ilin içində oğlumdan 4 uşaq doğdu, indi də keyin birinə çevirib…

Məni başa düşün, ‒ deyərək ayağa qalxdı, ofisimdə o yan-bu yana addımlayaraq danışmağa davam etdi, ‒ key oğlu key, – dedi, – dörd uşaqlı key… İşlər böyüsə nə olacaq, nə faydası var? İllərdir, – dedi, – illərdir onları müşahidə edirəm, əvvəlcə binanın altındakı otağımdan, sonra birinci mərtəbədən, sonra ikinci… indi də üçüncü mərtəbəyə köçməyim məsləhət görülür. Siz də bilirsiz, bu binaların hamısı cəmi üçcə mərtəbədən ibarətdir… Amma 3-cü mərtəbədə yaşamaq mənə yaraşmaz, – dedi, – bizim binaların üçüncü mərtəbəsinin necə olduğundan xəbəriniz var, yəqin ki, bu binanın üçüncü mərtəbəsinin də nə cür olduğunu yaxşı bilərsiz, insanlığa yaraşmayan, alçaq tavanlı otaqlardır, əvvəl insanlar bu otaqlara ən uzağı qulluqçularını qoyardılar, daha heç qulluqçular də qalmaz burda, qaçıb gedərlər…

Evin mansardına köçməliyəm, yaşlı adam mansarda yaşayacaq, – dedi, – sabah mənə bir otaq hazırlayacaqlarını deyiblər, doğrudan da, belə dedilər, amma mansarda otaq filan yoxdur axı, künc-bucağı kir-pas içində bir yerdir ora, pianomu da yuxarıya aparacaqlarmış, ən sevdiyim tabloları isə mansardın divarlarına asacaqlar… Oğlum sübh tezdən otağıma gəlib sabah mansarda köçməli olduğunu dedi… bir dəstə mebeli mansarda sağa-sola sürüməyə başlayıblar artıq, yatdığım yerdən hiss etmişəm bunu… Oğlumun dediyinə inansaq, üçüncü mərtəbədə mənimçün çox rahat olacaqmış… təsəvvür edə bilirsiniz? Bütün bu müddət ərzində susdum, nə səhər yeməyinə düşdüm, nə də ağzımı açıb kəlmə kəsdim… hazırlaşıb evdən çıxdım, bir neçə saat şəhərdə o tərəf-bu tərəfə gəzib üçüncü mərtəbəyə köçməməliyəm deyə fikirləşmişəm, üçüncü mərtəbə olmaz, mansard da olmaz axı… sonra qəflətən sizə baş çəkmək gəldi ağlıma, o vəkilin yanına gedəcəyəm dedim öz-özümə… bəlkə, o sənə kömək edə bilər, bəlkə, iyirmi ildə bir dəfə də olsun danışmadan yanından keçib getdiyin, iki bina aralıda yaşayan bu adam sənə kömək edə bilər… İndi gedib qapının zəngini çalacaq, vəkilin ofisinə qalxacaqsan deyə keçirdim ürəyimdən, yəni sizin yanınıza, uzun müddət eləcə dayanmışam binanızın önündə, ta ki o zəngi basana qədər… lakin, lakin sonra ofisinizə girəndə bir an fikirləşdim ki, sizə bütün əhvalatı danışmağımın heç bir mənası yoxdur, amma sizə bütün əhvalatı danışdım, bütün əhvalatı yox, – dedi, – təbii ki, bütün əhvalatı yox, çünki hamısını nəql etmək mümkün deyil, bütün əhvalatı sizə danışmağım qəti mümkün olmazdı… biz əhvalatı danışarkən, əslində, o əhvalatı tamamilə danışmırıq, bir neçə məqamı qeyd edirik… Əhvalatlar özləri danışılmamış qalır, əsl əhvalatları susaraq danışırıq biz… bütün əhvalatı danışmaq, – dedi, – dəhşətli olardı… amma danışdıqlarım elə kifayət qədər qorxuncdur, – dedi, – əlbəttə, indi fərqinə varıram ki, yanınıza gəlməməliydim zəngi basıb yanınıza gəlməyim bir xətaydı, şəhərdə bir-iki saat da gəzsəydim, daha yaxşı olardı… sizi narahat etmiş olmazdım… həm də çarəsiz qalmış yaşlı kişiyə necə kömək edə bilərsiz ki?… öz-özümə “vəkilin yanına getməməlisən, onun yanına getmək çarəsizliyini daha da artırar” deyə düşündüm… sizin yanınıza gəlməyim axmaqlıq idi… əslində, sizə danışdıqlarımla bağlı edilə biləcək heç nə yoxdur… mənim kimi birinin başına gələnlər faciəvi olsa belə, önəmsizdir, – dedi, – yazı masamın önündə sakitcə bir neçə dəfə o tərəf-bu tərəfə var-gəl etdi: mənə qəbz göndərin, bu qədər müddət, hətta bir saatdan da çox məni dinlədiniz, çox yüksək məbləği haqq etdiniz, çox yüksək… sizdən xaiş edirəm, – dedi, – əgər yenidən ‒ çünki böyük ehtimalla yenə də o restorana gedəcəyəm ‒ qarşılaşsaq, hətta hər gün qarşılaşsaq, – dedi, – özünüzü əvvəlki kimi aparın, sanki bir-birimizi tanımırıq, mən də heç yanınıza gəlməmişəm. Şəxsən mən belə edəcəyəm… Bilirsiniz, insanların elədiyi bir çox şey səhvdir, – dedi, – insanların elədiyi, demək olar ki, hər şey səhvdir, bir az da dərinə getsək, insanların elədiyi hər şey səhvdir. Amma, bəlkə də, – dedi, – bəxtsizlik alnıma yazılıb. Məni müştərilərinizdən biri hesab edin, unudun məni, amma qəbz göndərməyi əsla unutmayın! Hər şey bir yana, yeni papaq istəsəniz, qulluğunuzdayıq. Ən yaxşı papaqlar ən yüngül olanlardır, insan başında papaq varmı-yoxmu, hiss etmir, əsla hiss etmir, – dedi…”

İki gün sonra qəzetdə bir adamın üçüncü mərtəbədəki mansardan özünü ataraq intihar etməsi xəbəri çıxdı. İntihar edən papaqçıydı.

Share: