HƏMKARLAR MÜƏLLİMİ MÜDAFİƏ EDİR, YOXSA SİSTEMİ?

HƏMKARLAR MÜƏLLİMİ MÜDAFİƏ EDİR, YOXSA SİSTEMİ?

Müəllim cəmiyyətin vicdanıdır. Onun hüquqları qorunanda təhsil sistemi güclənir, haqqı tapdananda isə bütöv bir gələcəyin təməli sarsılır. Məhz buna görə həmkarlar ittifaqları dünyanın hər yerində müəllimin yanında dayanan, onun sosial təminatını, hüquqlarını və təhlükəsizliyini qoruyan əsas təşkilatlardan biri hesab olunur.

Etiraf etmək lazımdır ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına rəhbərlik edən Sahib Məmmədov fəaliyyətə başladığı ilk gündən sistem daxilində müəyyən yeniliklərə və müsbət dəyişikliklərə imza atıb. Sosial layihələrin genişləndirilməsi, şəffaflıqla bağlı verilən mesajlar və həmkarlar təşkilatının yenilənməsi istiqamətində atılan addımlar cəmiyyətdə müsbət qarşılanır.
Lakin təəssüf ki, eyni fikirləri Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının rəhbəri Araz Paşayev haqqında söyləmək çətindir. Çünki bu sahədə illərdir yığılıb qalan ciddi problemlər, cavabsız suallar və müəllimlərin artan narazılığı artıq açıq şəkildə hiss olunur.
Bu gün müəllimlər arasında ən çox narazılıq doğuran məsələlərdən biri həmkarlar xətti ilə təşkil olunan istirahət proqramlarıdır. İllərlə maaşından üzvlük haqqı tutulan sıravi müəllimlərin böyük əksəriyyəti həmin imkanlardan yararlana bilmədiyi halda, göndərişlərin əsasən ilk təşkilat sədrlərinə və müəyyən yaxın çevrələrə verilir.
Burada isə haqlı bir sual yaranır, əgər həmkarlar təşkilatı müəllimin sosial rifahı üçün yaradılıbsa, niyə istirahət imkanlarından ilk növbədə müəllimlər deyil, vəzifəli şəxslər yararlanır?
Müəllim ilboyu ağır psixoloji yük altında çalışır, aşağı maaşla yaşayır, sertifikasiya, sənədləşmə və müxtəlif təzyiqlərlə üzləşir. Amma istirahət vaxtı gələndə yenə də kənarda qalan tərəf olur. Əvəzində isə həmkarlar sistemində vəzifə tutan şəxslərin daha çox imtiyaz əldə etdiyi barədə iddialar səslənir.
İddialara görə, bütün rayon komitəsi sədrləri xidməti avtomobil və sürücü ilə təmin olunub. Halbuki məktəbdə çalışan sıravi müəllim gündəlik dolanışıq problemləri içində yaşayır, aldığı maaş isə elementar sosial ehtiyaclarını belə tam qarşılamağa kifayət etmir.
Ən ciddi suallardan biri də əməkhaqqı məsələsidir. Müəllimlərin maaşından toplanan vəsait hesabına fəaliyyət göstərən sistemdə bəzi komitə əməkdaşlarının müəllimdən iki, hətta üç dəfə artıq maaş aldığı iddia edilir.
Bəs bu maaşların meyarı nədir? Hansı fəaliyyətin nəticəsində müəllimdən qat-qat yüksək məvacib əldə olunur? Niyə bu barədə ictimaiyyətə açıq hesabat verilmir?
Müəllim məktəbdə həm dərs yükü, həm sənədləşmə, həm sertifikasiya prosesi, həm də psixoloji gərginlik altında çalışdığı halda, onu müdafiə etməli olan sistemdə rahat kabinetlərdə çalışan şəxslərin yüksək maaş və imtiyazlarla təmin olunması cəmiyyətdə haqlı narazılıq yaradır.
Daha ciddi iddialardan biri isə işə qəbul və yerləşdirmə məsələləri ilə bağlıdır. Müxtəlif rayon təşkilatlarında çalışan şəxslərin qohumluq əlaqələri əsasında formalaşdığı, sistemin müəyyən çevrələrin nəzarətində saxlanıldığı barədə fikirlər mövcuddur.
Bu isə müəllimlərdə belə bir düşüncə yaradır ki, həmkarlar sistemi müəllim üçün deyil, sistemin içində olanlar üçündür.
Problemin digər ağır tərəfi rayon və məktəb səviyyəsində yaşananlardır. İddialara görə, bəzi rayon komitələrinin rəhbərləri məktəb direktorları ilə koordinasiyalı şəkildə hərəkət edir, ilk təşkilat sədrləri isə bir çox hallarda müəllimlərin iradəsi ilə deyil, direktorların istəyi ilə müəyyənləşdirilir.
Belə olan halda müəllimin hüquqlarının obyektiv müdafiəsindən danışmaq nə dərəcədə mümkündür?
Çünki direktorun dəstəyi ilə seçilən şəxs sabah müəllimlə direktor arasında problem yarananda tərəfsiz mövqe sərgiləyə bilməz.
Məhz buna görə bu gün minlərlə müəllim həmkarlar ittifaqını özünün hüquqi və sosial dayağı kimi görmür. İnsanlar artıq inanmaqda çətinlik çəkirlər ki, onların maaşından tutulan vəsait həqiqətən müəllimin rifahı üçün xərclənmir.
Məhz bu səbəblərdəndir ki, son illərdə müəllimlər arasında həmkarlar ittifaqına qarşı ciddi narazılıq formalaşıb və bir çox müəllim kütləvi şəkildə üzvlükdən imtina etməyə başlayıb.
Əgər müəllim öz haqqını müdafiə etməli olan quruma güvənmirsə, deməli ortada ciddi etimad böhranı var. Və bu etimad böhranının aradan qaldırılması üçün Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqında real islahatlara, şəffaf hesabatlığa və müəllim mərkəzli yanaşmaya ciddi ehtiyac var.
(Ardı var)

Şərafəddin İlkin,
Şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü,

“Beynəlxalq Rəsul Rza mükafatı” laureatı

Share: