“Özgə, yasaq bədənlərlə artar sayı günahların…”-Aygün Sadiqin yeni şeiri…

Müstəqil.Az gənc yazar Aygün Sadiqin yeni şeirini oxuculara təqdim edir:
MƏNİ KİMLƏ UNUDURSAN?
 
Məni kimlə unudursan ayrılıqlar şəhərində?
Sübh açılır siqaretin tüstüsünün zəhərində ,
Daha gəlmir səs-sorağı həmənki şən səhərin də…
Xatirələr sanma səni rahat qoyar, bundan belə,
Mənsizliyə mənlə dolu xatirəylə davam elə…
 
 
 
 
Nə o? Dünən mənsizliyə zəifliyin diqqət çəkib,
Qara şərab sakit-səssiz badələrdə növbət çəkib,
Bir cüt yad əl sevgimizə, de, haçandan sərhəd çəkib?
Ayrılığın şərəfinə içmək hünər deyil, inan…
Ayrılığın şərəfi var? Şərəfsizdir, doğulandan.
 
 
 
Unutmağa çalışmağın yolu belə olmur axı,
Unudan kəs gündə yüz yol xatirəyə dalmır axı ,
Ayrılanlar bir-birinin xəyalında qalmır axı…
Bilmirdin mi, ayrılığın heç birisi deyil asan,
Unutmağa köməyin var? Məni kimlə unudursan?
 
 Başqasının yatağında rəngsiz açar sabahların,
Özgə, yasaq bədənlərlə artar sayı günahların,
Tələsinə tutularsan hiylələrin, tuzaqların…
Üzün gülər şəkillərdə… Ürəyində acı yara,
Ruhun sınmış ayna kimi düşər, düşər ayaqlara…
 
Uca səsli sükutların əsirisən bunca zaman,
Gördüm, hələ tərəddüdlər sıxmaqdadır səni yaman,
Bağlamadım qapıları… Bir az qoydum ümid, güman…
Axı səni mənim qədər bilən, duyan, olmadı heç,
Özün düşün… Sükutu poz… Qərara gəl… Yaxşını seç.
 
 
Bir gün əgər duyğuların dönüb olsa buztək soyuq,
Məni kimlə unutmağın, onda, daha önəmi yox,
Mən özümü… Mən sevgimi qınayaram, səndən də çox…
Sonda vida söyləməyə bir cəsarət taparam mən
(Sonra gərək özümü də bu dünyadan aparam mən) !

Share: