Öz ölkəsini ən yüksək səviyyədə təmsil etməyi bacaran uzaq səfərlər kapitanı

HEÇ KƏS UNUDULMUR layihəsində Əli Şirəliyev

1942-ci ildə Əmircandakı 1 №-li orta məktəbin yeddinci sinfini bitirib. Əmək fəaliyyətinə F.E.Dzerjinski adına zavodda elektrik montyoru kimi başlayıb, 1944–1945-ci illərdə “Kaqanoviçneft” trestində 5-ci dərəcəli elektrik montyoru  işləyib.

1945-ci ildə Bakı Dəniz Yolları Məktəbinin “Gəmi sürücüsü” fakültəsinə daxil olub və 1949-cu ildə sözügedən tədris ocağını “Uzaq səfərlər şturmanı“ ixtisası üzrə bitirən Ə. Şirəliyev aprelin axırlarından  Xəzər Dəniz Gəmiçiliyinin  gəmilərində çalışıb. “Qafur Məmmədov”, “Nizami”, “Kabardinka” gəmilərində əvvəlcə birinci dərəcəli matros, daha sonra kapitanın üçüncü və ikinci köməkçisi işləyib. 1953–1956-cı illərdə artıq kapitanın böyük köməkçisi kimi Gəmiçiliyin  “Desna”, “Pioner”,  “Manıç” gəmilərində çalışıb. Rəhbərlik 29 yaşlı mütəxəssisin biliyini, təşəbbüskarlığını, təşkilatçılıq bacarığını  və təcrübəsini nəzərə alaraq, 1965-ci ilin noyabrında onu kapitan vəzifəsinə təyin edib.

Bundan sonra Ə.Şirəliyev “Simenz”, “Bakı Soveti”, “Kolıma”, “Bolşevik Qarayev” gəmilərində üzüb. İctimai fəallığı, tələbkarlığı  ilə seçilən Ə.Şirəliyev tezliklə mahir kapitan kimi Gəmiçilikdə böyük nüfuz  qazanıb.

1965-ci ildə Ə.Şirəliyevə uzaq səfərlərə çıxan gəmiləri idarə etmək həvalə olunub. O, 1965–1967-ci illərdə “Bakı Soveti”, “Pioner”, “Neftçala”, “Ucar”, “Nebit Dağ” və “Sabirabad” gəmilərində Qara və Aralıq dənizlərində üzüb.

Ə.Şirəliyev  həmin illərdə suya azoturumlu tanker və meşə-pambıq daşıyan gəmilərin səmərəli istismarını təmin etmək məqsədi ilə xüsusi metod işləyib-hazırlayıb və onu praktikada uğurla tətbiq edib.

1967-ci ildə Ə.Şirəliyevin biliyi, səriştə və təcrübəsi nəzərə alınaraq hamiyəçi kapitan təyin edilib. 1972-ci il noyabrın 16-da SSRİ Xəzər Dəniz Gəmiçiliyinin İrandakı Baş Dəniz Agentliyinin rəis müavini,  1973-cü il oktyabrın 30-da isə Agentliyin rəisi vəzifəsinə irəli çəkilib.

Ə.Şirəliyev bu vəzifədə də böyük hörmət və nüfuz qazanıb.  SSRİ-nin Tehrandakı Ticarət Nümayəndəsi İ.Semyonovun SSRİ Dəniz Donanması Nazirinin müavini A.Trequbovla Xəzər Dəniz Gəmiçiliyinin o dövrdəki rəisi C.Həşimova ünvanlandığı 29 avqust 1974-cü il tarixli məktubu və məktuba əlavə edilmiş xasiyyətnamə də dediklərimizi bir daha təsdiq edir.

Həmin məktubla Ə.Şirəliyevin daha bir il İranda qalıb işləməsi məsələsinə baxmaq təklif edilir. Məktuba Ə.Şirəliyevin  SSRİ-nin  İrandakı Səfirliyinin Həmkarlar İttifaqının Yerli Komitəsinin 28 avqust 1974-cü il tarixli iclasında təsdiqlənmiş xasiyyətnaməsi də əlavə olunub.  Burada onun işgüzarlığı, qətiyyəti, ölkənin maraqlarını müdafiə etmək bacarığı xüsusi olaraq vurğulanır. Zəngin təcrübəyə malik uzaq səfərlər kapitanı kimi xarici limanlarda sovet gəmilərinin işinin səmərəliliyini yüksəltməyə, xərcləri azaltmağa böyük diqqət yetirdiyi qeyd edilir. Ə.Şirəliyevin ünsiyyətcil, təmkinli və nəzakətli olması, fars dilini kifayət qədər yaxşı bildiyi üçün işgüzar danışıqların əhəmiyyətli hissəsinin çox zaman tərcüməçi köməyi olmadan özünün aparması da xasiyyətnamədə əksini tapmışdır.

Sovet dövründə xaricə ezam olunmuş mütəxəssislərin eyni bir  ölkədə davamlı qalıb-işləməsinə məhdudiyyət vardı. Təbii ki, müstəsna hallar olurdu. Lakin belə olan təqdirdə mütləq mütəxəssisin həmin vəzifədə qalmasının məqsədəuyğunluğu əsaslandırılırdı – yüksək peşəkarlıq, əvəzolunmazlıq, öz ölkəsini ən yüksək səviyyədə  təmsil etmək bacarığı və digər bu kimi tutarlı amillər səbəb kimi göstərilirdi.  Sözügedən məktub və xasiyyətnamə də məhz bununla əlaqədar yazılmışdır.

Qeyd edək ki, Xəzər Dəniz Gəmiçiliyinin yetirməsi Ə.Şirəliyevin tutduğu vəzifədə qalması üçün SSRİ-nin İrandakı Ticarət Nümayəndəliyindən də 2 dəfə belə müraciət olunub. Birinci dəfə – 1974-cü ildə razılıq nisbətən rahat alınsa da, ikinci dəfə – 1975-ci ildə SSRİ-nin Dəniz Donanması Naziri T.Qujenkoya bilavasitə iki dəfə məktubla müraciət etmək lazım gəlib.

Belə ki, 3 oktyabr 1975-ci il tarixli ikinci məktubda Ə.Şirəliyevin işgüzar və insani keyfiyyətləri qeyd olunmaqla bərabər, həm də İranda Baş Dəniz Agentliyinin yerləşdiyi torpaq və binanın icarə vaxtının bitməsi ilə yaranmış mürəkkəb şəraitdən söz açılıb. Xəzər Dəniz Gəmiçiliyinin tapşırığına əsasən Ə.Şirəliyevin bu məsələ ilə bağlı İran tərəfi ilə danışıqlar apardığı və artıq tamamilə “işin içində” olduğu üçün  onun başqası ilə əvəz edilməsinin arzuolunmazlığı diqqətə çatdırılıb…

Xarici ezamiyyəti SSRİ Dəniz Donanması Nazirliyinin  226/L №-li  əmrinə əsasən 1976-cı ilin 28 oktyabrında bitən Ə.Şirəliyev Bakıya qayıdaraq, Gəmiçiliyin Yükdaşımalar və  donanmanın hərəkəti xidmətində 2 №-li Gəmilərin təsərrüfat-istismar qrupunda himayəçi kapitan kimi işə başlayıb.

Maraqlısı budur ki,  Ə.Şirəliyev məhz mahir, əsl peşəkar olduğu üçün himayəçi kapitan vəzifəsində çalışdığı zaman Odessa Ali Dəniz Mühəndisləri Məktəbinə daxil olub və bu tədris ocağını 1981-ci ildə “Mühəndis-gəmi sürücüsü” ixtisası üzrə başa vurub. Qeyd etmək lazımdır ki,  54 yaşlı məzun artıq səmərəli fəaliyyətinə görə SSRİ-nin ali mükafatı – Lenin ordeni ilə təltif edilmiş, “Xəzərin veteranı” kimi şərəfli ada layiq görülmüşdü. Tanınmış kapitanın sinəsini  həm də “Rəşadətli əməyə görə” medalı, “Dəniz Donanmasının Fəxri işçisi” və  “10 il qəzasız işə görə” döş nişanları bəzəyirdi.

1984-cü ildə SSRİ Dəniz Donanması Nazirliyinin nomenklatur siyahısına Dəniz üzgüçülüyü xidmətinin himayəçi kapitanı vəzifəsinin daxil edilməsi ilə əlaqədar Ə.Şirəliyev bu vəzifədə təsdiq olunub.

Uzunmüddətli və vicdanlı əməyinə görə 1986-cı ildə “Əmək veteranı” medalı ilə təltif edilən təcrübəli kapitan həmişə gənclik həvəsi ilə çalışıb. 2004-cü il yanvarın 2-də əmək müqaviləsinə xitam verilən 76 yaşlı kapitan cəmi 4 gün sonra gözlərini əbədi yumub.

Sevda ABDULLAYEVA

ASCO-nun İctimaiyyətlə əlaqələr departamentinin aparıcı mütəxəssisi

Share: