Yeni Zelandiyada 1800 il yatmış sualtı vulkan “oyandı”

Yeni Zelandiya alimləri Taupo gölünün altında yerləşən vulkanda aktivlik müşahidə edib.

Vulkanın kraterində seysmik aktivlik və qruntun deformasiyası aşkar olunub. Qeyd edilir ki, vulkan sonuncu dəfə 1800 il əvvəl püskürüb.

Bu barədə Yeni Zelandiyanın “GeoNet” seysmik xidməti məlumat verib.

Yeni Zelandiya “supervulkanı” həmişə sakit olaraq səciyyələndirilib. “GeoNet” ilk dəfə olaraq vulkanda təhlükəlilik səviyyəsinin artdığı barədə xəbərdarlıq edib. Lakin alimlərin fikrincə, aktivləşmə əlamətləri hələki püskürmənin başlandığını deməyə əsas vermir.

“Püskürmə təhlükəsi hələki altı səviyyədən birincisi üzrə qiymətləndirilir. Vulkan üzərində təyyarələrin uçuşuna məhdudiyyət qoyulmayıb”, – deyə ekspertlər qeyd edib.

Seysmoloqlar isə əlavə ediblər ki, ən son cihazlar tərəfindən bəzi tektonik dəyişikliklər qeydə alınır. Bu cihazlar Yer qabığındakı ən kiçik dəyişikliklərə belə reaksiya verə bilir.

Taupo vulkanı sonuncu dəfə eramızın 200-cü ilində püskürüb. Bu zaman Yeni Zelandiyanın Şimal adasının çox hissəsi məhv olub. Bu püskürmə seysmoloqlar tərəfindən son beş min ildə planetin ən böyük püskürməsi kimi tanınıb.

Mənbə: İzvestiya  

Share: