Ukrayna Türkiyədən 50 zirehli transportyor alıb

Türkiyə Ukrayna Silahlı Qüvvələrinə (AFU) “Kirpi” zirehli transportyorlarının ilk partiyasını təhvil verib.

Bu barədə çərşənbə axşamı hakim “Xalqın xidmətçisi” partiyasının deputatı Yuri Misyagin məlumat verib.

“Türkiyənin “Kirpi” zirehli transportyorları artıq Ukrayna Silahlı Qüvvələrinin arsenalındadır”, – o, öz “Telegram” kanalında yazıb.

“Dəniz Piyadaları Korpusunun iki briqadası artıq əlli belə maşından istifadə edir. Biz daha yüz əlli maşını gözləyirik”, – millət vəkili qeyd edib.

Misyagin bildirib ki, zirehli transportyorlar əl ilə idarə olunan və 360 dərəcə fırlanan pulemyotla təchiz olunub. Bundan əlavə, onların yanğınsöndürmə sistemi və yaxşı mina mühafizəsi var. Avtomobil 12 döyüşçü və ekipaj üçün nəzərdə tutulub.

 

Share: