İslamiadanın açılış mərasimi keçirilir: İlham Əliyev və Mehriban Əliyeva mərasimdə iştirak edirlər – YENİLƏNİR

Avqustun 9-da Türkiyənin Konya şəhərində V İslam Həmrəyliyi Oyunlarının təntənəli açılış mərasimi keçirilir.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva mərasimdə iştirak edirlər.

Açılış mərasiminin keçirildiyi Konya Böyükşəhər Bələdiyyəsi Stadionunun üzərində “Türk Yıldızları” aerobatika komandalarının nümunəvi pilotaj uçuşları möhtəşəm mərasimin iştirakçılarına xoş anlar yaşadıb.

Sonra Livan əsilli isveçli müğənni Maher Zain konsert proqramı ilə çıxış edib. Konsert zamanı dron və işıq effektləri mərasimə xüsusi rəng qatıb.

Daha sonra müqəddəs “Qurani-Kərim”dən ayələr oxunub.

Bu möhtəşəm tədbirin tamaşaçıları arenaya daxil olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı, Azərbaycan Prezidenti İlham Əliyevi, digər dövlət və hökumət başçılarını hərarətlə alqışladılar.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə qısa söhbət etdi.

Mərasimdə əvvəlcə səhnəyə çıxan rəqqaslar V İslam Həmrəyliyi Oyunlarının loqosunu canlandırdılar. Oyunlar üçün xüsusi olaraq lalə formasında hazırlanmış loqo özündə 21 rəqəmini simvolizə edir. Loqoda, həmçinin ərəb dilində “qardaş” sözünü bildirən “ أ خ” sözü də yer alıb.

Açılış mərasimində Türkiyə tarixinin müxtəlif dövrlərini və mədəni zənginliklərini əks etdirən kompozisiya nümayiş olundu. Kompozisiyanın sonunda işıq effektləri vasitəsilə səhnədə Türkiyə bayrağı və ay-ulduz fiquru təcəssüm etdirildi. Ardınca hərbçilər Türkiyənin Dövlət Bayrağını səhnəyə gətirdilər. Bayraq Türkiyənin Dövlət Himni – “İstiqlal Marşı”nın sədaları altında qaldırıldı.

Bayrağın qaldırılmasından sonra “Konya-2021” V İslam Həmrəyliyi Oyunlarının könüllülərinin və komandaların paradı oldu.

Azərbaycan idmançıları meydana dördüncü sırada daxil oldular.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva komandamızın üzvlərini hərarətlə alqışladılar.

Açılış mərasimində Azərbaycanın üçrəngli bayrağını atlet Nazim Babayev və voleybolçu Ayşən Abduləzimova apardılar.

Nazim Babayev Avropa çempionu, IV İslam Həmrəyliyi Oyunlarının qalibi, Qış Universiadasının ikiqat qalibi, Yeniyetmələrin Yay Olimpiya Oyunlarının bürünc medalçısıdır. Ayşən Abduləzimova isə qadın voleybolçulardan ibarət Azərbaycan millisinin kapitanı, “Çağırış” kubokunun, “Qızıl Avropa” liqasının və IV İslam Həmrəyliyi Oyunlarının qalibidir.

Azərbaycanı İslamiadada 281 idmançı təmsil edir. Onlar ağır atletika, atıcılıq, atletika, basketbol 3×3 (qadınlar və kişilər), cüdo, futbol, güləş, gimnastika, aerobika, bədii gimnastika, həndbol (qadınlar və kişilər), karate, kikboksinq, qılıncoynatma, oxatma, para-oxatma, para-atletika, para-üzgüçülük, stolüstü tennis, taekvondo, velosiped, voleybol (qadınlar və kişilər) və üzgüçülük yarışlarında güclərini sınayırlar.

Avqustun 18-dək davam edəcək V İslam Həmrəyliyi Oyunlarında 56 ölkədən 4 mindən çox atlet idmanın 24 növü üzrə 483 dəst medal uğrunda mübarizə aparır.

22:31

Avqustun 9-da Türkiyənin Konya şəhərində V İslam Həmrəyliyi Oyunlarının təntənəli açılış mərasimi keçirilir.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak edirlər.

21:52

Türkiyənin Konya şəhərində V İslam Həmrəyliyi Oyunlarının rəsmi açılış mərasimi başlayıb.

“Report”un Konyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, tədbir başlamamışdan əvvəl türk qırıcıları Konya Böyükşəhər Bələdiyyəsi Stadionunun üzərində nümunəvi uçuşlar həyata keçirərək, məharətlərini göstəriblər.

Tədbir isə Livan əsilli isveçli müğənni Maher Zeynin konsert proqramı ilə başlayıb.

Daha sonra Qurani Kərimdən ayələr oxunub. 

Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunlarında 56 ölkədən 4 200 idmançı yarışır. Avqustun 18-dək davam edəcək İslamiadada Azərbaycanın ümumilikdə 281 idmançısı qüvvəsini sınayacaq.

Share: