Ukrayna Milli Müqavimət Mərkəzi: “Rusiyalılar Svatovski su anbarı bəndini partlada bilər”

“Rusiya hərbçiləri Luqansk vilayətindəki Svatovski su anbarının bəndini partlada bilər. Beləliklə, onlar hərbçilərimizin bu istiqamətdə irəliləməsini ləngitmək istəyirlər”.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Gücləri nəzdində Milli Müqavimət Mərkəzi məlumat yayıb.

Mərkəzin məlumatına görə, əvvəlki gün müvəqqəti işğal olunmuş Svatovo bölgəsinə rusiyalı mühəndis-saper qrupu gəlib və onlar yerli su anbarının bəndinin dağıdılması ehtimalı ilə bağlı araşdırma aparıb.  

Bu yolla rusiyalı hərbçilər Ukrayna silahlı qüvvələrinin cəbhənin bu bölgəsində irəliləyişini ləngitmək istəyir. “Bununla belə işğalçılar bəndin partladılmasında Ukraynanı ittiham etməyi planlaşdırırlar”, – deyə məlumatda vurğulanıb.

Mərkəzdən bildirilib ki, rusiyalıların bu hərəkətləri Ukrayna infrastrukturunun qəsdən məhv edilməsinə yönəlib. Eyni zamanda Rusiya tərəfi bəndin partlamasından yerli əhalinin deportasiyası üçün bəhanə kimi istifadə edə bilər.

Mənbə: UNİAN

Share: