Tupakın qətlində şübhəli bilinən şəxs 27 ildən sonra həbs olundu

ABŞ-nin Las-Veqas polisi məşhur amerikalı repçi Tupak Şakurun qətlində şübhəli bilinən şəxsi 27 ildən sonra həbs edib.

Məlumata görə, Keefy D kimi tanınan “Crips” bandasının keçmiş üzvü Dueyn Kit Devis nəzarətə götürülüb. Hələ 2019-cu ildə o, öz memuarlarında etiraf etmişdi ki, 25 yaşlı musiqiçinin güllələndiyi “Cadillac” avtomobilinin içində olub.

Devis iddia edir ki, o, ön oturacaqda oturub, atəş isə arxa oturacaqdan açılıb. Cinayətdə isə öz qardaşı oğlu Orlando “Beybi Leyn” Andersonu günahlandırıb və onun Şakurun rəqibi olduğunu bildirib. İki il sonra ölən Anderson ifaçının ölümündə hər hansı əli olduğunu inkar edib.

Devisin arvadının evində axtarış aparılıb və polislər kompüterlər, mobil telefon və sərt disk, həmçinin Tupak haqqında məqalələr yazılmış jurnallar və bir neçə 40 kalibrli gülləni müsadirə ediblər.

Mənbə: KP.ru

Share: