Qubada idman jurnalistləri üçün seminar keçirilib

Gənclər və İdman Nazirliyinin, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) birgə təşkilatçılığı ilə idman jurnalistləri üçün üç gün davam edən seminara sentyabrın 30-da yekun vurulub.

Oxu.Az xəbər verir ki, Quba Olimpiya İdman Kompleksində təşkil olunan treninqin mentoru “High Park Communications” şirkətinin təsisçisi və direktoru, dünyanın tanınmış və ən təcrübəli media təlimçilərindən Kolin Qibson olub.

Təlimlər müddətində media nümayəndələri arasında müxtəlif idman növləri (voleybol, badminton, stolüstü tennis, basketbol, futbol, üzgüçülük) üzrə yarışlar keçirilib, viktorinalar təşkil olunub.

Təlimlərin sonuncu günündə Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov təqdimatla çıxış edib.

Şöbə müdiri bu təlimlərin ölkə idman mediasının inkişafı baxımından əhəmiyyətli olduğunu bildirib və treninq iştirakçılarına uğurlar arzulayıb.

Ardınca “Əhali arasında sağlam həyat tərzinin təbliği”, “Azərbaycanda idmanın təbliği və inkişafına dəstək” və digər mövzular haqqında məlumat verib.

Treninqin sonunda dinləyicilərə sertifikatlar təqdim edilib.

Qeyd edək ki, seminara sentyabrın 28-də start verilib.

Share: