“Qarabağda təhlükəsizlik təmin olunduğundan YUNEKO-nun missiyası da bura dəvət edilməlidir”

“Azərbaycanın siyasəti həmişə beynəlxalq ictimaiyyət üçün açıq olub. Planlarımız və niyyətlərimiz haqqında həmişə açıq şəkildə mövqe bildirmişik. Torpaqlarımız işğal altında olduğu illərdə bu duruma danışıqlar yolu ilə son qoyulmazsa, güc yolu ilə ədaləti bərpa etdirəcəyimizi açıq şəkildə demişik. Ordumuzu gücləndirdiyimizi, yeni silahlar aldığımızı dəfələrlə bəyan etmişik. Amma beynəlxalq ictimaiyyət çağırışlarımıza əhəmiyyət vermədi və BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi kağız üzərində qaldı. Beləliklə, üç il əvvəl dövlətimiz öz suveren ərazilərini müharibə yolu ilə azad etməyə məcbur oldu”. 

Bu fikirləri Oxu.Az-a Milli Məclisin deputatı Azər Badamov deyib. O qeyd edib ki, Azərbaycan qalib tərəf kimi Ermənistana sülh əlini uzatdı və Qarabağdakı ermənilərə cəmiyyətimizə reinteqrasiya olunaraq, bayrağımız altında birgə yaşamağı təklif etdi:

“Amma xarici havadarlarına arxayınlaşan Ermənistan isə öz çirkin niyyətlərindən əl çəkməyərək, torpaqlarımızda separatizm dəstəkləməkdə davam etdi. Azərbaycan lokal xarakterli antiteror tədbirlərinin aparılmasına məcbur oldu. 24 saata yaxın aparılan antiteror tədbirləri sayəsində qeyri-qanuni silahlılar ağ bayraq qaldırdılar və keçmiş qondarma qurum təslim olduğunu elan etdi. Biz Qarabağda yaşayan ermənilərə vətəndaşlığımızı qəbul edərək qanunlarımız altında yaşamağı təklif etdik. Amma Ermənistan və separatçılar sadə  ermənilərə təzyiq edərək, kütləvi köç etmələrinə məcbur etdi. Azərbaycan hər bir insanın yaşayış yerinin seçiminə hörmətlə yanaşaraq, Ermənistana könüllü getmək istəyən şəxslərə qapıları açdı. Hətta  polisimiz  ərazilərimizdən könüllü çıxan erməniləri qida vasitələri ilə təmin edərək təhlükəsizliklərini təmin etdi. Ermənistan isə ermənilərin torpaqlarımızdan çıxmasına siyasi don geyindirərək, yenə də yalan məlumatlarla beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışdı. Azərbaycan bu gün də Qarabağda yaşayan ermənilərə mədəni, dini, təhsil, bələdiyyə və digər hüquqları təmin edəcəyini bildirməkdə davam edir. Amma humanizm üzərində qurulmuş çağırışlarımıza məhəl qoymayaraq, ərazilərimizi tərk edən ermənilər separatçıların və Ermənistanın çirkin planlarının qurbanına çevrilirlər.  
Azərbaycan  torpaqları  işğal altında olduğu dövrdə BMT və digər beynəlxalq təşkilatlara işğal olunmuş ərazilərimizə səfər etmələrinin vacibliyini bildirirdi. Amma Ermənistan özünün çirkin əməllərini üst-basdır etmək üçün  beynəlxalq təşkilatların misiyalarını işğal altında saxladıqları ərazilərə buraxmadı. Bu gün isə Azərbaycan öz suveren hüquqlarını bərpa edib, əraziləri erməni separatizmindən təmizləyib.  Ona görə də suveren ərazilərimizə BMT-nin missiyasını dəvət etdik və işğaldan azad edilmiş ərazilərdə baş verən prosesləri öz gözləri ilə görməyə şərait yaratdıq. Bu gün BMT-nin missiyası artıq işğaldan azad olunmuş ərazilrdə səfərdədir. Onlar erməni vandalistlərin dağıtdığı yaşayış məntəqələrimiz və işğaldan azad olunmuş ərazilərdə qısa zaman kəsiyində həyata keçirilən bərpa, yenidənqurma işləri ilə yaxından tanış olacaqlar. Həm də qeyri-qanuni silahlılardan müsadirə olunmuş silahları görəcəklər, keçirdiyimiz lokal xarakterli antiteror tədbirləri zamanı heç bir mülki obyektin dağıdılmadığının şahidi olacaqlar. O cümlədən, ermənilərin ərazilərimizdə yaşamaqda davam etmələri ilə bağlı Azərbaycanın humanitar və humanizm üzərində qurulmuş baxışları ilə tanış olacaqlar. BMT-nin missiyası Azərbaycanın heç nəyi gizlətmədiyini və bütün hərəkətləri ictimaiyyət üçün açıq olduğunu bir daha görəcək”.  

A.Badamov onu da qeyd edib ki, BMT rəsmiləri bütün bunlarla bərabər, Ermənistanın siyasətinin beynəlxalq ictimaiyyəti aldatmaq üçün apardığı yalan və böhtan üzərində qurulduğunun şahidi olacaqlar:

“Beynəlxalq missiya Qarabağda yaşayan ermənilər üçün heç bir təhlükə olmadığını və onların bütün humanitar məsələlərinin Azərbaycan dövləti tərəfindən həll edildiyini yerindəcə müşahidə edəcəklər. Artıq Qarabağda təhlükəsizlik təmin olunduğundan YUNEKO-nun missiyası da işğaldan azad olunmuş ərazilərə dəvət olunmalıdır. Ermənistanın 30 ildə torpaqlarımızda həyata keçirdiyi çirkin niyyətləri bütün beynəlxalq ictimaiyyət öz gözü ilə görməlidir”.

Aysel Aslan

Share: