Qala sakinləri qanunsuz mebel sexinə etiraz edirlər

Xəzər rayonu, Qala qəsəbəsi, Xaşaxuna bağ massivi ərazisində yaşayan sakinlər adı və sahibi məlum olmayan mebel sexinin fəaliyyətindən şikayətçidirlər.

Oxu.Az xəbər verir ki, bununla bağlı qeyd olunan ərazidə yaşayan sakinlər redaksiyamıza müraciət ediblər. Onların sözlərinə görə, 216 saylı məktəblə üzbəüz yerləşən və haqqında heç bir məlumat olmayan obyekt səs-küyə səbəb olaraq, sakinləri narahat edir.

Bununla bərabər, sakinlər iddia edirlər ki, sözügedən mebel sexində doğranan ağaclar yaş formadadır, yəni Azərbaycanın rayonlarındakı meşələrdən qanunsuz şəkildə qırılıb gətirilir.

Qala sakinləri məsələ ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, həmçinin Daxili İşlər Nazirliyinə də müraciət ediblər. Onlar hansısa tədbir görülmədiyini iddia edirlər.

Məsələyə aydınlıq gətirilməsi üçün Oxu.Az ETSN və DİN-ə sorğu ünvanlayıb. Hər iki nazirlikdən məsələnin nəzarətə götürüldüyü və araşdırıldığı haqqında məlumat verilib.

Xəzər Rayon İcra Hakimiyyəti ilə də dəfələrlə əlaqə saxlamağa, sözügedən sexin fəaliyyəti ilə əlaqədar məlumat almağa çalışdıq. Lakin dəfələrlə cəhd etməyimizə baxmayaraq, icra hakimiyyətinin məsul şəxsləri ilə əlaqə yarada bilmədik.

Qala sakinlərinin redaksiyamıza göndərdikləri görüntüləri təqdim edirik:

Share: