Moldovanın aparıcı KİV-i İlham Əliyevin Xankəndiyə səfərinə geniş yer ayırıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Moldovanın aparıcı KİV-i Azərbaycan Prezidenti İlham Əliyevin Xankəndiyə səfəri və orada Dövlət Bayrağımızı ucaltması ilə bağlı materiallara geniş yer ayırıb.

AZƏRTAC xəbər verir ki, “Noi”, “Unica”, “Azadlıq Radiosu”nun Moldova redaksiyası, “Timpul”, “AVA”, “Jurnal” və digər xəbər portallarında rumın və rus dillərində dərc edilən məqalələrdə dövlətimizin başçısının Xankəndi şəhərinə səfəri və həmin ərazidə Dövlət Bayrağını ucaltması, çıxışında səsləndirdiyi fikirlərə geniş yer verilib.

“AVA” və “Jurnal” xəbər portallarında AZƏRTAC-a istinadla dərc edilən xəbərlərdə Prezident İlham Əliyevin Xankəndidə çıxışı zamanı ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri haqqında söylədiyi fikirlər oxuculara çatdırılıb. Məqalələrdə dövlətimizin başçısının fikirlərinə istinadla yazılır: “Bu il “Heydər Əliyev İli”dir. Biz Heydər Əliyevin 100 illiyini il boyunca qeyd edirik. Necə qeyd edirik? Onun siyasətinə, onun tarixi irsinə hörmət göstərərək, onun siyasətini davam etdirərək qeyd edirik. Mən ulu öndərin ad gününü (100 illiyini – red.) Şuşada keçirdim. Onun 50 illiyini mən yaxşı xatırlayıram. 1973-cü ildə evdə ancaq ailə üzvləri onu qeyd etdik. Altmış illiyini də xatırlayıram, o zaman Moskvada çalışırdı. Orada da heç bir qonaq yox idi. Yetmiş illiyini Naxçıvanda oraya gələrək atamla birlikdə qeyd etmişdim. Səksən illiyini isə – artıq sağlamlığı o qədər də yerində deyildi – Ankarada xəstəxanada, xəstəxananın yeməkxanasında keçirmişik. Ona görə də atamın 100 illiyini bizim üçün böyük rəmzi məna daşıyan, hər bir azərbaycanlının ürəyində yaşayan Şuşada qeyd etməli idim. Orada Azərbaycan xalqına müraciət edərək öz ürək sözlərimi dedim”.

“Noi”, “Unica”, “Azadlıq Radiosu”nun Moldova redaksiyası, “Timpul” xəbər portallarında dərc edilən məlumatlarda isə qeyd olunur ki, Prezident İlham Əliyev Xankəndi, Ağdərə və Qarabağın digər bölgələrində Azərbaycanın Dövlət Bayrağını ucaldıb. Qeyd edilib ki, bu, İlham Əliyevin prezidentliyinin 20-ci ildönümünə təsadüf edib.

Share: