İtaliyada “Cosa Nostra” mafiyasının 30 il axtarışda olan başçısı həbs edilib

İtaliyalı karabinyerlər “Cosa Nostra” mafiya təşkilatının liderlərindən biri olan Matteo Messina Denaronu həbs ediblər.

Denaro 1993-cü ildən istintaqdan gizlənir. O, İtaliyanın ən çox axtarışda olan mafiya başçısı hesab olunur.

Denaro Siciliyanın Palermo şəhərindəki “La Maddalena” özəl klinikasında saxlanılıb. Həbs xüsusi dəstənin əsgərləri tərəfindən həyata keçirilib.

Messina Denaro hələ də axtarışda olan ən son “birinci dərəcəli” mafiya başçısı idi. Onun saxlanması əməliyyatına bu illər ərzində yüzlərlə hüquq-mühafizə orqanlarının əməkdaşı cəlb olunub.

O, Milan, Roma və Florensiyada silsilə partlayışların təşkilinə görə qiyabi olaraq ömürlük həbs cəzasına məhkum edilib. Matteo Messina Denaronun həmçinin bir sıra sifarişli qətllərdə əli olduğu qeyd edilir. O cümlədən müstəntiq-hakim Covanni Falkonun və Palermo prokurorunun müavini Paolo Borselinonun ölümündə də ittiham olunur.

Qeyd edək ki, mafiya başçısısnın saxlanmasına cavab olaraq insanlar İtaliya küçələrinə çıxaraq sevinc içində polisi alqışlayır.

Mənbə: ANSA

Share: