“Azərbaycan xalqı əsgərlərə o qədər ərzaq göndərirdi ki, yığmağa yer tapmırdıq”

44 günlük Vətən müharibəsində qazanılan qələbədə böyük rol oynayan məqamlardan biri də hərbi qulluqçuların maddi-texniki təminatının vaxtlı-vaxtında gerçəkləşdirilməsi idi. Buna hərbçilərin qidalanması, silah-sursat ehtiyatları, geyimlər, zəruri əşyalar və s. daxildir. 

Bütün bunları yorulmadan yerinə yetirən, gözəgörünməz qəhrəman hərbçilərimizi – mühəndis qoşunları, maddi-texniki təminatda çalışan hərbçilərimizi, tibb xidməti hərbi qulluqçularını da unutmaq olmaz. 

Oxu.Az müharibə zamanı döyüş meydanında güllə yağışının altında xidmət aparan Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsi Arxa Cəbhə İdarəsinin Ərzaq xidmətinin baş zabiti polkovnik-leytenant Mehdiyev Sənan Miri oğlu ilə müsahibəni təqdim edir. 

Goranboy rayonu Zeyvə kəndində anadan olan polkovnik-leytenant Sənan Mehdiyev deyir ki, Vətən müharibəsi düşmənə heç vaxt unuda biləməyəcəyi dərs oldu.

– Müharibənin ilk günlərindən cəbhə bölgəsində olmusunuz. Hansı istiqamətlərdə sizə daha çox ehtiyac var idi?

– Maddi-texniki təminat Azərbaycan Ordusunun, ümumiyyətlə, müharibə zamanı orduların qələbə çalması üçün ən vacib məqamlardan biridir. Maddi-texniki təminat olmasa, tanklar, toplar yeriməz, şəxsi heyət irəli gedə bilməz. Sentyabrın 27-də düşmən Azərbaycana qarşı növbəti təxribatlara başladı. Döyüş mövqelərimiz, yaşayış məntəqələtimiz atəşə tutuldu. Nəticədə hərbi qulluqçularımız arasında yaralananlar, şəhid olanlar oldu. 

İlk olaraq sentyabrın 28-29-da Bərdə istiqamətinə təyin edilmişdim, oktyabrın 1-dən isə Beyləqan istiqamətində ordunun təminatına cavabdeh idim. 

Silahlı Qüvvələrin Ali Baş Komandanı, ölkə başçısı İlham Əliyevin əmri ilə hərbi vəziyyət elan olundu və bütün hərbçilər bir nəfər kimi Vətənin müdafiəsinə qalxdılar. Bütün şəxsi heyət xidməti ərazilərə çağırıldı. Döyüş cəbhədə gedirdi, biz isə onlara tam dəstək olurduq. 

– Maddi-texniki təminatın çatdırılması da riskli idi. Bildiyim qədər, yanacaq çatdırılması da buraya daxildir.

– Bütün təminat vacib idi, xüsusilə də yanacaq və qida təminatı gecikdirilə bilməzdi. Qida təminatı mərkəzi ərzaq anbarından götürülərək hərbi hissələrə paylanırdı. Nəinki ərzaq, bütün təminat 100 faizlik təşkil olunmuşdu. 

Qoşun növü, birlik və birləşmələrin, şəxsi heyətin təminatı mərkəzi ərzaq anbarları və onların ölkə ərazisindəki müxtəlif bölmələri tərəfindən həyata keçirilirdi. Mərkəzi ərzaq anbarından həmçinin hərbi hissələrin ərzaq anbarlarına zəruri ehtiyatlar göndərilirdi. Döyüş boyu istifadə olunan ərzaq ehtiyatı daim yenisi ilə əvəz olunur, anbarlar yenidən müvafiq qaydada doldurulurdu. 

– Ordumuz Füzuli və Cəbrayıl rayonları istiqamətində düşmən mövqelərini məhv edərək irəliləyirdi. Ərzaq ehtiyatının daha tez çatdırılması üçün daha yaxın ərazilərə daşınmasına nə vaxt başlanıldı?

– Təbii ki, ordumuz düşmən cəbhəsini yararaq irəlilədikcə biz də ərzağı işğaldan azad edilmiş rayonlara yaxın soyuducu saxlanclara köçürürdük. Bunu ona görə etdik ki, döyüşən bölmələrə ərzaq ehtiyatı daha tez çatdırılsın. 

İşğaldan azad olunan ərazilərdə yerləşən düşmənin hərbi hissələrində sıradan çıxmış yeməkxanalar vardı. O yeməkxanalar müharibə gedə-gedə tərəfimizdən təmir edilərək şəxsi heyətin istifadəsinə verilmişdi. Məsələn, Cəbrayılı, eləcə də rayonun Daşkəsən yaşayış məntəqəsini, həmçinin Hadrut qəsəbəsini misal göstərmək olar. Bizim ordu çox keyfiyyətli və enerjili qidalarla təmin edilirdi. 

– Müharibə vaxtı əhali də orduya çox yardım göndərirdi. Bunların çatdırılması özü də sizin işinizin daha sürətli həyata keçirilməsinə təkan verirdi deyə düşünürəm. 

– Döyüşən heyət üçün isti yeməklərin hazırlanması birinci növbədə qarşımızda duran vəzifə idi. Hərbi hissələr irəlilədikcə maddi-texniki təminat bölmələri də onların arxa komanda məntəqəsində mövqelərini qururdu. Orada səhra mətbəxləri açılır, yeməklər bişirilirdi.  

– Cənab polkovnik-leytenant, yeməklərin daşınması, qablaşdırılması necə həyata keçirilirdi?

– Səhra mətbəxlərində bişirilən yeməklər termoslara doldurulur, gündüz və gecə saatlarında cəbhədə düşmənlə üz-üzə döyüşən əsgərlərə çatdırılırdı. Çatdırılması mümkün olmayan yerlərdə isə bəzi hallarda səhra mətbəxlərini işlətmirdik. Çünki düşmən mətbəxdən çıxan tüstünü görüb oranı atəşə tuturdu. Bu səbəbdən bəzən tam gecə vaxtı çalışırdıq ki, arxa hərbi hissələrdə mülki aşpazların gücü hesabına yeməkləri hazırlayaq. Müxtəlif növ qarnirlər hazırlanaraq çörək arasına yığılır, qablaşdırılırdı. 

Qablaşdırma paketləri isə üç bölməlik idi. Buraya qızardılmış mal və toyuq ətləri, kolbasa, sosiska, müxtəlif bulkalar, cem, meyvə şirələri, şokolad, mineral sular, kibrit və siqaret kimi təminatlar qoyularaq, göndərilirdi. Bütün bu qablaşdırılmalar elə gecə saatlarında da zəruri istiqamətlərə çatdırılırdı.

– Aşpazlar arasında xanımlar da vardı, yoxsa yalnız kişilər xidmət edirdilər?

– Kişi aşpazlarla yanaşı, mülki qadın aşpazlarımız da var idi. Həmçinin Dövlət Turizm Agentliyinin Milli Kulinariya Mətbəxinin bir qrup könüllülərindən ibarət aşpaz heyəti ordunun arxasınca bizimlə bərabər irəliləyirdi. Onlar zabitlər üçün daim keyfiyyətli, dadlı yeməklər bişirirdilər. 
Bununla bərabər, Beyləqan-Horadiz istiqamətində yerləşən şadlıq saraylarının rəhbərləri də öz mətbəxlərini Azərbaycan Ordusunun ixtiyarına vermişdilər. Bu xalqın birliyi ordunu daha da çox ruhlandırırdı. Aşpazlar yeməkləri bu mətbəxlərdə bişirirdilər, nəticədə şəxsi heyət gün ərzində üç dəfə isti yeməklə tam təmin edilirdi.

– “Dəmir yumruq” əməliyyatı tarixə silinməz iz qoydu. Müharibənin də öz qanunları var, lakin düşmən buna əməl etmirdi. Ərzaq təminatı, tibbi heyət hədəfə alınırdı. Hansı çətinliklərlə qarşılaşırdınız?

– Təəssüf ki, belə hadisələr, riskli məqamlar çox olurdu. Onlardan biri də ordumuzun Şuşa istiqamətində apardığı döyüşlər zamanı baş verdi. 2020-ci il noyabrın 7-si tarixində bizə müvafiq əmr gəldi ki, Şuşa şəhərində çoxsaylı hərbçi və bölmələr var. Şəxsi heyətin təcili surətdə bütün maddi-texniki təminatı təşkil edilməlidir. 

Bunun üçün beş maşından ibarət kolon hazırlandı. Kolonda ərzaq, əşya və yanacaq ehtiyatı götürüldü. Kolonun təhlükəsiz şəkildə Şuşadakı hərbi hissəyə çatdırılmasına nəzarət isə mənə həvalə edildi. Kolonun başçısı olaraq günorta saatlarında maşınları tam hazır etdik. Kolon ordumuzun mühəndis qoşunları tərəfindən meşə daxilindən çəkilmiş yol ilə gedəcəkdi. Bu yol Sığnaq və Çanaqçı kəndlərindən keçib Daşaltıdan Şuşaya qalxırdı.

– Bu yol çox təhlükəli deyildimi?

– Bu bizim yeganə təminat yolumuz idi. Biz yola çıxanda artıq günorta saatlarından keçmişdi. Gəlib meşənin içərisindən çıxanda hava işıqlanmışdı. Düşmən bizi görürdü. Biz kolonla irəliləyəndə düşmən bizi atəşə tutdu. Bir qədər gözlədik, alternativ variantları gözdən keçirdik. Nəhayət düşmənin baxış bucağından yayınaraq kolonu həmin gecə saat 00:00-da təhlükəsiz şəkildə Şuşadakı hərbi hissəyə, hərbi qulluqçularımıza çatdırdıq. 

Noyabrın 8-də isə Şuşanın işğaldan azad olunmasını birlikdə qeyd etdik. Müharibə boyunca bizim ərzaq və maddi təminatımız dayanmadı. Qarşıya çıxan bütün maneələr aşıldı, risklər göz önünə gətirilərək hərbi qulluqçulara zəruri olan hər şey zamanında onlara çatdırıldı. Əsgərlərimiz bu tərəfdən heç bir korluq çəkmədilər. 

– Müharibə dövründə anaların əsgərlər üçün hazırladıqları çörəkarası kotletlər da daşınırdımı?

– Bayaq da qeyd etdim, Azərbaycan xalqı əsgərlərə o qədər ərzaq, şokolad, çörəkarası tez hazırlana bilən qidalar göndərirdi ki, öz ehtiyatlarımızdan əlavə, onları yığmağa yer belə tapa bilmirdik. Bəli, onların hər biri ön cəbhəyə göndərilirdi. Yorğan, döşək, yastıq, geyimlər, işıq vermək üçün aqreqatlar və s. göndərirdilər. Orada bizim paltarları yumaq imkanımız olmurdu. Bir neçə gün geyinib, sonra tullamalı idik. Müharibə asan deyil, lakin qazanılan qələbə bütün çətinliklərə dəydiyini bütün dünyaya sübut etdi.

Könül Cəfərli
Daha çox foto burada: Photostock.az

Share: