Avtobusla rayonlara gedənlər biletləri necə alsınlar?

İctimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə yeni tariflər təsdiq edilib. Qərar fevralın 3-dən qüvvəyə minəcək.

Qərarla bağlı ötən gündən sosial şəbəkələrdə müzakirələr davam edirir. Təbii ki, gediş haqlarının artırılması vətəndaşlar üçün o qədər də sevindirici hal deyil. Lakin digər tərəfdən də, ictimai nəqliyyatda istifadə edilən avtobusların vəziyyətindən daim şikayətlənən də elə sərnişinlər idi. Bu artım öz növbəsində sərnişindaşıma fəaliyyəti göstərən sahibkarlara xəttə buraxdıqları avtobusları daha müasir və səliqəli nəqliyyat vasitələri ilə əvəz etməyə müəyyən mənada kömək edə bilər.

Maraqlı məqamlardan biri də budur ki, ötən gün axşam saatlarından etibarən Bakı Beynəlxalq Avtovağzalın rəsmi saytına (avtovagzal.az) girişdə problem yaranıb. Bu barədə məlumat sosial şəbəkədə bilet almaq istəyən sərnişinlər tərəfindən paylaşılıb.

Qeyd edək ki, yeni tariflər qüvvəyə minənə qədər Bakı Beynəlxalq Avtovağzalında mövcud tariflər aşağıdakı kimidir:

Sərnişinlər üçün maraqlı olan üç sual:

1. Bakı Beynəlxalq Avtovağzalının rəsmi saytına girişdə yaranan problemin səbəbi nədir?

2. Yeni tariflər qüvvəyə minənə qədər (fevralın 3-dək) onlayn qaydada bileti necə ala bilərlər?

3. Fevralın 3-dən qüvvəyə minəcək yeni tariflər üzrə hesablanan yeni qiymətlər nə zaman elan ediləcək?

Məsələ ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanladıq.

AYNA-dan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Bakı Beynəlxalq Avtovağzalın rəsmi saytına girişdə problem yaranması təkmilləşdirmə işləri ilə əlaqəlidir və yaxın zamanda sayta giriş bərpa ediləcək.

Regionlara gediş üçün onlayn bilet almaq istəyən şəxslər biletim.az onlayn bilet satışı portalı və avtovagzal.az saytı üzərindən fevral ayının 3-nə qədər mövcud tariflərlə, fevralın 3-dən sonra isə qüvvəyə minəcək yeni tariflərlə bilet ala bilərlər.

Cavabda o da qeyd edilib ki, şəhərlərarası və rayonlararası daşımalarda istifadə olunan avtobuslar daşıyıcılara məxsusdur. Avtobus parkının saxlanması və təmir xidməti xərclərində kəskin artım daşıyıcıların maliyyə vəziyyətini də ağırlaşdırır. Ötəngünkü tarif dəyişikliyinin əsas məqsədi nəqliyyat sektorunda keyfiyyətli xidmət tələb etmək üçün bu sahədəki iqtisadi rentabelliyi təmin etmək və daşıyıcı şirkətlərin gəlirləri ilə xərcləri arasında düzgün proporsiyanın formalaşdırılması istiqamətində görülməsi nəzərdə tutulan işləri stimullaşdırmaqdır. Bu tarif daşıyıcılara mövcud avtobusları istismara saz vəziyyətdə saxlamağa və əsaslı təmirə imkan yaradacaq.

“AYNA tərəfindən ictimai nəqliyyatda sərnişinlərə göstərilən xidmətin təhlükəsizlik və keyfiyyət baxımından yüksək standartlara çatdırılması məqsədilə avtobus parkının yenilənməsi daim diqqət mərkəzində saxlanılır. Müntəzəm sərnişindaşıma ilə məşğul olan iri daşıyıcılarla mütəmadi şəkildə keçirilən görüşlərdə də sərnişindaşıma sahəsində mövcud çatışmazlıqlar, qarşıda duran məsələlər müzakirə olunur və təkliflər dinlənilir. Görüşlər zamanı sərnişindaşıma xidmətlərinin keyfiyyətinin artırılması, müştəri məmnuniyyətinin prioritet istiqamətlərdən olduğu diqqətə çatdırılır”, – qurumdan bildirilib.

Qeyd edək ki, Tarif (qiymət) Şurasının 31 yanvar 2023-cü il tarixində keçirilən növbəti iclasında daşıyıcı şirkətlərin müraciətlərinə baxılıb və ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə yeni tariflər təsdiq edilib. Aparılan müzakirələrdən sonra 10 qəpik artırılmaqla metroda sərnişindaşıma tarifi 1 gediş üçün 40 qəpik, ölkə üzrə tarifin yuxarı həddi şəhərdaxili avtobus marşrutlarında 40 qəpik, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 0,40-1,00 manat təsdiq edilib. Şəhərlərarası avtobus marşrutlarında isə tarifin yuxarı həddi 1 kilometr üçün 3 qəpik səviyyəsində müəyyən olunub (əvvəlki tarif 2,4 qəpik). Qərar 3 fevral 2023-cü il tarixindən qüvvəyə minəcək.

Könül Cəfərli

Share: