31 ildir taleyi naməlum olan Natiq Qasımov

30 ildən artıqdır doğmaları ondan xəbər gözləyirlər. Bu illər ərzində yaxınlarına onun yandırıldığı, əzab işgəncə ilə öldürüldüyü, hətta sağ olması barədə xəbərlər gəlib.

Söhbət son günlər haqqında çox danışılan Natiq Qasımovdan gedir. O, 1971-ci il yanvarın 2-də Gədəbəyin Kiçik Qaramuradlı kəndində dünyaya gəlib. Bir müddət sonra ailəsi ilə birlikdə Mingəçevirə köçüb.

Məktəbi bitirdikdən sonra Azərbaycan DRES-də çilingər, kinoteatrda kinomexanik işləyib. Rusiyanın Krasnoyarsk vilayətində Daxili Qoşunlarda hərbi xidmət yolunu keçib.

1991-ci ildə ordudan tərxis olunduqdan sonra bir müddət valideynlərinin yanında qalan Natiq könüllü olaraq yenidən Vətənin müdafiəsinə yollanıb. Xocalı faciəsində sakinlərin başına gətirilənlər onu daha da hiddətləndirib.

Natiq Qasımov ailədə 2 qardaş, 2 bacı olub. Ailənin son beşiyi bircə fotosu ilə dünyada tanınıb. Şəkildə Natiqin ağır döyüşlərdən sonra əlində üçrəngli bayrağımızı 2 erməni arasında məğrurcasına addımladığı əks olunub.

Ermənilər 5 gün müddətində kilsədə onlarla cəmi bir nəfərin mübarizə apardığını bilib çox pərt olublar. Daha sonra Xocalı sakinlərinin azad edilməsi üçün Natiq təslim olub.

“Dəstədə 7 nəfər olublar. Ermənilər tərəfindən edilən hücumlar nəticəsində 6 nəfər şəhid olub, bir Natiq qalıb. Kilsədə 5 gün döyüşüb. Ermənilər elə biliblər ki, kilsədə böyük dəstə var. Xocalı sakinlərindən istifadə edərək Natiqin təslim olmasını istəyiblər”, – deyə Natiq Qasımovun qardaşı Nofəl Qasımov qeyd edib.

Ailəsi Natiqin sağ qalması və bir milyon manat pul müqabilində doğmalarına qovuşması barədə xəbərlər alıb. 30 il öncə Gürcüstanda yaşayan bir nəfər ailəyə ümid verib. Amma bu da öz təsdiqini tapmayıb.

Nofəl Qasımov qardaşının qatillərindən olan Vitali Balasanyanın tezliklə Natiqin yeri və ya qətlə yetirildiyi barədə məlumat verəcəyinə inandığını deyir.

“Balasanyan tək mənim qardaşımın cinayətində olmayıb. O, Xocalı soyqırımında da iştirak edib”, – deyə Nofəl Qasımov bildirib.

Doğmaları onu indi yalnız yuxularda görür, xəyallarda yaşadırlar. Mingəçevirdə yerləşən Şəhidlər Xiyabanında itkin düşənlərin rəmzi məzarları sırasında onun da adı var.

Ətraflı Baku TV-nin videosunu təqdim edirik:

Share: