30 illik həsrətə son: Torpaqların əsl sahiblərinin “Böyük Qayıdış”ı

Bu həftə Prezident İlham Əliyev “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. İşğaldan azad olunmuş ərazilərdə 2026-cı ilədək 34 500 mənzil və fərdi yaşayış evinin tikilməsi də bu proqramda öz əksini tapıb. Tədbirlər Planına əsasən, bu evlər 2022-2026-cı illərdə Ağdam, Füzuli, Şuşa, Xocavənd, Zəngilan, Kəlbəcər, Laçın, Qubadlı, Cəbrayıl, Tərtər və Xocalı rayonlarında inşa ediləcək.

Mövzu ilə bağlı “Kaspi” qəzetinin yazısını təqdim edirik.

Qayıdışın həyata keçirilməsi üçün növbəti vacib addım

Sözügedən Dövlət Proqramının əhəmiyyətini şərh edən Milli Məclisin Kəlbəcər rayonundan olan deputatı Aqil Məmmədov deyir ki, Prezident tərəfindən indiyə qədər ardıcıl olaraq regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramları qəbul olunub. Məhz bu proqramlar çərçivəsində bütün bölgələrimiz inkişaf edib, abadlaşıb. Lakin işğal faktına görə belə proqramlar Qarabağa və ətraf ərazilərə şamil edilə bilmirdi. İndi isə vəziyyət dəyişib:

“Şükürlər olsun ki, Azərbaycanın işğaldan azad edilən ərazilərinə “Böyük Qayıdışa dair birinci Dövlət Proqramı” artıq təsdiq edilib. Bu Proqram qayıdışın həyata keçirilməsi üçün növbəti vacib addımdır. 30 il ərzində öz yurd-yuvasından didərgin düşmüş vətəndaşlarımızın ləyaqətli qayıdışı təmin ediləcək. Burada əsas iki istiqamət nəzərdə tutulub. Bunlardan birincisi əhalinin dayanıqlı məskunlaşması ilə bağlıdır.

İşğaldan azad olunan ərazilərdə yaşayış üçün şərait qurulur, onların sosial-iqtisadi vəziyyətlərinin yaxşılaşdırılması ilə bağlı dövlət səviyyəsində tədbirlər həyata keçirilir, eyni zamanda məşğulluq məsələsi öz əksini tapır. Nəticə etibarilə yüzminlərlə insanın öz torpaqlarına qayıdışı burada həyatı canlandıracaq”.

Torpaqların sahibləri qayıdırlar

Millət vəkili bildirir ki, proqramda ikinci əsas məsələ bu ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiyasıdır:

“O bölgələrin böyük iqtisadi potensialı var. Orada elə rayonlarımız var ki, yeraltı, yerüstü sərvətləri böyük əhəmiyyət kəsb edir. Bundan səmərəli istifadə ölkə iqtisadiyyatına və orada yaşayan insanların həyatına müsbət təsirini göstərəcək. Proqram üzrə icraçılar müəyyənləşdirilərək konkret vəzifələr nəzərdə tutulur. Eyni zamanda, görülən işlərlə bağlı qiymətləndirmə aparacaq qurum müəyyənləşdirilir.

Bu tədbirlər konkret vaxt və qrafik əsasında aparılacağı üçün vətəndaşlarımızın ardıcıl olaraq qayıdışı təmin olunacaq. Bu, həm Ermənistanın, həm onlara dəstək verən qüvvələrin o bölgələrdən gözünü çəkməsinə gətirib çıxaracaq. Çünki o torpaqların sahibləri qayıdır. Bu proqram 30 illik arzuları gerçəyə çevirəcək”.

Müəyyən addımların atılması önəmlidir

Cəbrayıldan seçilən millət vəkili Ceyhun Məmmədov da açıqlamasında bildirib ki, qısa müddətdə Azərbaycan Qarabağda böyük abadlıq və quruculuq işlərinə başlayıb. Onun sözlərinə görə, ən önəmli məsələlərdən biri də “I Böyük Qayıdış Proqramı”nın Prezident tərəfindən təsdiqlənməsidir:

“Bu gün Azərbaycan bir tərəfdən Qarabağda, Şərqi Zəngəzurda böyük bərpa və quruculuq işlərini həyata keçirir, digər tərəfdən heç bir axsamaya yol vermədən əhalinin sosial müdafiəsinin gücləndirilməsi, sağlamlığının qorunması, ölkəmizin təhlükəsizliyinin təmin olunması, ordumuzun müdafiə qabiliyyətinin artırılması istiqamətində ciddi addımlar atır”.

Millət vəkili vurğulayır ki, bu, kifayət qədər böyük prosesdir və həyata keçirilməsi üçün müəyyən addımların atılması önəmlidir:

“Bu gün Azərbaycan dövləti bu işləri görür, addımları atır və deyə bilərik ki, proses uğurla və sürətlə həyata keçirilir. Bu, eyni zamanda onu deməyə əsas verir ki, ən qısa müddətdə Azərbaycan vətəndaşları öz doğma yurdlarına qayıdacaqlar. İşğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış” bizim əsas milli hədəflərimizdən biridir. Dövlət Proqramında nəzərdə tutulan məsələlərin icrası bu prosesi daha da sürətləndirəcək”.

Ata-baba yurdlarına qayıdan vətəndaşlarımız işlə təmin olunacaqlar

“1-ci Dövlət Proqramı”nda Qarabağ və Şərqi Zəngəzurda qayıdışın birinci mərhələsində vətəndaşlarımızın öz ata-baba yurdlarına qayıtması üçün sistemli və ünvanlı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Proqramın əsas hədəfləri infrastrukturun yenidən qurulması, iqtisadiyyatın formalaşması və inteqrasiyası, sosial inkişaf, eyni zamanda ətraf mühitdə tarazlığın qorunması, yeni yaşıl iqtisadiyyatın formalaşdırılmasından ibarətdir”.

Share: