“ONU BAĞIŞLAMAQ OLARMI?”-Pərviz Cəbrayıl…

Bəri başdan boynuma alıram ki, bir sual qarşısında son dərəcə aciz qalmışam:

“Onu bağışlamaq olarmı?”

Təbii sual doğur: — Kimi?

Ən yeni Azərbaycan tarixinin də ən aktiv sualı məhz budur: “Onu bağışlamaq olarmı? Və kimi?”

Bu sual baş verən proseslərdən dərhal sonra amansız formada, həm də az qala hər fərd üçün eyni şəkildə gündəmə gəlir. “Onu bağışlamaq olarmı” sualı az qala fərdlərin taleyini həll etdi və hələ də edir. Gedişat insanları iki növə bölüb və bölməkdə davam edir: “satılanlar və satılmayanlar!”

Satqınlıq yeni çağın ana mövzusuna çevrildi, ədəbiyyatın leytmotivi də qəhrəmanlıq yox, satqınlıq və xəyanət oldu.

Satqın o adamlara dedilər ki, onlar birgə vuruşduğu cərgədən ayrılıb vuruşduqlarına tərəf keçdilər. Belə demək mümkünsə, ümumun, xalqın mənafeyini şəxsi mənafeyə qurban vermiş hesab edildilər.

Onlar ideallarını da dəyişdilər, yoxsa ideallar yerində qaldı, o idealları başqa cəbhədə gerçəkləşdirməyə qərar verdilər?

Onlar xalq mənafeyini qurbanmı verdilər, yoxsa o mənafelər üçün əks-cəbhədə daha yaxşı savaşacaqlarınımı düşündülər?

Bu sualı onların özlərinə versək, sizcə nə cavab alarıq? Cavab vermək çətindi. Ancaq mənə elə gəlir, onlar həmin şəxsiyyət olaraq qaldıqlarını, sadəcə, daha uğurlu cəbhə seçdiklərini deyərlər. Gerçəkdən də insan bir gündə daxilini dəyişə bilməz axı!

Onda belə sual doğur: Bəs sənə bu var-dövlət hardan gəldi? Axı sənin bir zamanlar cibində siçanlar oynayan sosial statusunda heç nə dəyişməyib.

Çətin suallardı.

Başqa bir dövlətlə savaş zamanı məsələ birmənalıdı. Düşmən tərəfə keçdinsə, avtomatik olaraq vətən xaininə çevrilirsən. Ancaq burda da məsələ haçalanır. Sənin dövlətin ədalətsiz, işğalçı savaş aparırsa, sən ədalət naminə qarşı tərəfə keçdiyində xəyanət etmiş olursanmı? Məsələn, öz ölkəsinin işğalçı savaş apardığını anlayan, özü də həm real, həm tarixi faktlarla anlayan bir erməni əsgəri Azərbaycan ordusuna könüllü təslim olursa, o insan satqın, xəyanətkardırmı? Bəlkə, sadəcə, öz işğalçı dövlətinə xəyanət edib, ancaq bəşəri ədaləti üstün tutub? Yaxud o, həqiqəti bütün çılpaqlığıyla dərk etsə belə, bir əsgər kimi əmrləri istisnasız olaraq yerinə yetirməli, qan tökməli, işğalda iştirak etməlidir?

Bir də var daxili “savaşlar”. Məsələn, firqə savaşları. Yaxud hakimiyyət uğrunda savaşda mövqe dəyişmək. Savaşdıqlarının tərəfinə keçmək. Həmin şəxs ideallarını da qoltuğuna vurub qarşı cəbhəyə keçə bilərmi? Bəs o qarşı tərəf onun ideallarıyla düşməndirsə? Daha sərt desək, qarşı tərəf “şər”, onun tərəfi “xeyir”disə? O zaman onun alibisi varmı?

Ya da sualı belə qoysaq: onun öz əvvəlki cəbhəsi qarşı durduqları tərəfdən heç nəylə fərqlənmirsə, hakimiyyətə gəldiyi halda eynən əvvəlkilər, yəni savaşdıqları kimi “şər” olacaqsa? O zaman onun adları “xeyir” və “şər” olmaqla şərti şəkildə iki yerə bölünənlərin hansına arxa çevirməsinin bir önəmi varmı? Və deyək ki, fərq yalnız hansı şərti ad altında savaşdan ibarətdisə?.. Hər iki tərəfin məqsədi xalq və dövlət marağı deyil, sadəcə, mövqe və qazanc marağıdırsa?..

Burdan o məntiq doğurmu ki, mövqe dəyişmələri zamanı arxadan yapışdırılan istənilən satqın-xəyanətkar yarlığı da son dərəcə şərti və nisbidi?

Bu suallara kim cavab verə bilər?

Hələ daha çətin sual var qarşıda:

Köhnə əməllər indiyə bəraət qazandırırmı, yaxud indi üçün şəxsin müzakirə edilməsinə, təqdir və ya tənqid edilməsinə əsas verirmi?

Tutaq ki, biri keçmişdə yalnız doğruları yazıb. Yaxud çoxluğun və özünün doğru bildiyini yazıb. Daim şərə qarşı olub. Bir gün şərdən əl çəkib bütün gücüylə xeyirə qarşı çıxır. Bir zamanlar səflərində olduğu həmfikirlərinə hücuma keçir. Keçmişdəki qəhrəmanlıqları, cəsarəti, çəkdiyi məşəqqətlər onu satqın adlandırılmaqdan xilas edirmi? Cavablar adətən belə olur: Keçmişdə etdikləri ona haqq qazandırmır!

Keçmişdə etdikləri birinə haqq qazandırmırsa, demək, bir zamanların şərti adı şər olan cəbhədə fəaliyyət göstərib xeyirə qarşı ən murdar çarpışmalara belə müəlliflik etmiş biri bu gün öz “şər” cəbhəsini atıb həmin xeyirə tərəfə keçirsə, onu alqışlamaq olarmı? Halbuki ona qarşı ittihamlar da hər zaman aktualdı: indiki toplumun diliylə desək, dünənki əks-inqilabçı bu gün birdən-birə inqilabçı ola bilərmi? Onu sevgiylə qucaq açıb qəbul etmək, keçmişinə görə susmaq olarmı?

Dindirsən, onun da bu alibisi olmazmı: “Mən kor idim, ayıldım…”

Yoxsa hər hansı cəbhədən o birinə keçmənin də hərəkətverici qüvvəsi məhz şəxsi mənafe, yaxud şəxsi dərin yaşantılardı və onların hər biri əvvəl olduğu səfdə tam qeyri-səmimi olub?

Belədə adamın ağlından bu keçməzmi: “Keçmiş yaxşı dediyiniz əməllərə görə birini indiki pis əməlinə görə bağışlaya bilmirsənsə, onda keçmiş pis əməlləriylə məşhur biri sənin cəbhənə keçəndə onu da qəbul etmə”. Keçmiş bəraət vermirsə, ona görə ittiham da qəbul edilə bilməz.

Artıq neçənci dəfə təkrar edirəm: bunlar çox çətin suallardı. Mən özümçün deyirəm ən azı. Və yenə də o fikrimdə qalıram ki, belə sarsaq suallarla baş yormağa, kiminsə satqın olub-olmadığını araşdırmaq, kimisə nə üçünsə mühakimə etmək yerinə, özümüzü araşdıraq, özümüzü mühakimə edək. Yoxsa bir gün sizi də başqaları mühakimə edəcək. İncildə deyildiyi kimi…

 Pərviz Cəbrayıl

Share: