Ömrünü təhsilə və vətənə həsr edən ziyalı…- Leyla Məcidova

Ömrünü təhsilə və vətənə həsr edən ziyalı…- Leyla Məcidova

 

Ziyalı işığı elə bir nurdur ki, o, sadəcə fərdin daxili dünyasını deyil, bütöv bir cəmiyyəti, gələcək nəsilləri aydınladır. Azərbaycan təhsilinin, xüsusilə də cənub bölgəsinin elmi-pedaqoji mühitinin inkişafında öz dəst-xətti, gərgin əməyi və müəllim ləyaqəti ilə seçilən belə işıqlı simalardan biri də Lənkəran Dövlət Universitetinin (LDU) “Xarici dillər və tərcümə” kafedrasının baş müəllimi Rafael Heyderovdur. Onun ömür yolu həm mükəmməl bir pedaqoq fədakarlığının, həm də dövlətçiliyə, milli dəyərlərə bağlılığın təcəssümüdür. Lakin bu ömrün ən uca, ən müqəddəs məqamı onun həm də bir Şəhid Atası olmasındadır. Vətənə həm elmi, həm də canından qan verən qəhrəman övlad böyüdən bir ata örnəyidir.O,kənd məktəbindən universitet kürsüsünə böyük bir zəhmətlə gəlib.
Hər bir böyük uğurun təməlində onun gərgin əmək və ardıcıl fəaliyyət dayanıb. Şərəfli müəllimlik fəaliyyətinə 1978-ci ildə Lənkəran rayonunun Zövlə kəndində ingilis dili müəllimi kimi başlayan gənc pedaqoq, burada 1991-ci ilə qədər yerli gənclərin dünyagörüşünün formalaşmasında, xarici dil biliklərinin zənginləşməsində böyük rol oynamışdır. Daha sonra, 1991–2001-ci illərdə fəaliyyətini Boladi kəndində davam etdirərək, təhsilə olan sadiqliyini növbəti onillikdə də nümayiş etdirmişdir. Kənd məktəblərində qazanılan bu 23 illik zəngin təcrübə onun gələcək akademik fəaliyyəti üçün möhkəm bir təməl olmuşdur.
2001-ci ildən etibarən onun həyatında yeni və daha məsuliyyətli bir mərhələ ali təhsil müəsisəsində başlayır. Lənkəran Dövlət Universitetinin Xarici dillər və tərcümə kafedrasında müəllim kimi fəaliyyətə başlayan pedaqoq, tələbələrin dərin rəğbətini qazanmış, öz elmi-metodik hazırlığı ilə həmkarlarından seçilmişdir. Bu səmərəli fəaliyyətin məntiqi nəticəsi olaraq, O, 2016-cı ildə baş müəllim vəzifəsinə seçilmişdir.
Beynəlxalq təcrübə və akademik inteqrasiyasında müasir dövrün müəllimi mütəmadi olaraq öz üzərində işləməli, qlobal təhsil trendlərini mənimsəməlidir. Bu mənada, baş müəllimin fəaliyyəti beynəlxalq miqyaslı layihələrlə zəngindir. O, Azərbaycan təhsilinin Avropa standartlarına inteqrasiya etməsi prosesində aktiv iştirak etmişdir:
Böyük Britaniya (Esseks Universiteti) 2010–2012-ci illərdə Avropa İttifaqının nüfuzlu TEMPUS layihəsi (JEP-RİTSA:511329-TEMPUS-1-2010-1AZ) çərçivəsində Esseks Universitetinin Beynəlxalq Akademiyasında dil müəllimləri üçün keçirilən irimiqyaslı təlimlərdə iştirak edərək, ingilis dilinin tədrisində müasir metodologiyaları mənimsəyib.
Almaniya Federativ Respublikası (Leypsiq Universiteti) 2011-ci ildə yenə TEMPUS layihəsi çərçivəsində Leypsiq Universitetində keçirilən beynəlxalq konfrans və təlimlərdə Lənkəran elmi mühitini layiqincə təmsil etmişdir.
Bununla yanaşı, o, “Mədəd” humanitar təşkilatı və Təhsil Nazirliyinin birgə təşkil etdiyi İntel “Gələcək üçün Təhsil” (İKT-nin təhsilə tətbiqi) kurslarını uğurla bitirmiş, həmçinin Az.ETA-nın Beynəlxalq ELT konfranslarında, Gəncə Dövlət Universitetində “Tərcüməçi hazırlığında əsas məqamlar” və ali məktəblər üçün “Ümumtəhsil kurikulumunun əsasları” kimi fundamental təlimlərdə fəal iştirak edərək sertifikatlara layiq görülmüşdür.
Onun elmi fəaliyyəti 15 elmi məqalə və 5 tezisdə öz əksini tapmışdır. Bu elmi işlər dilçilik və metodika sahəsində gənc mütəxəssislər üçün dəyərli mənbə rolunu oynayır.
Dövlət tərəfindən verilən yüksək qiymət,çoxillik səmərəli elmi-pedaqoji fəaliyyəti, Lənkəran rayonunun ictimai və təhsil həyatındakı xidmətləri dövlətin və universitet rəhbərliyinin diqqətindən kənarda qalmamışdır. O, əvvəlcə səmərəli fəaliyyətinə və 60 illik yubileyinə görə, daha sonra isə anadan olmasının 70 illiyi münasibətilə Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının 07 may 2024-cü il tarixli, 81 saylı Sərəncamı ilə Fəxri Fərmanlarla təltif edilmişdir. Bu təltiflər bütöv bir ömrün hesabatına verilən ən ali dəyərdir.
Şəhid Atası olmağın müqəddəs ucalığı ondadır ki,hər bir insanın cəmiyyətdə müəlif statusları olur: alim, müəllim, ictimai xadim.Lakin bu statusların fövqündə dayanan bir məqam var ki, o,da “Vətəni canından çox sevən övlad yetişdirməkdir”. Rafael muəllim ailəlidir, iki övlad böyüdüb boya-başa çatdırsada,bu övladlardan biri Azərbaycanın ərazi bütövlüyü, torpaqlarımızın azadlığı uğrunda canını fəda edərək Şəhadət zirvəsinə ucalmışdır.
Müəllimlik fəaliyyəti boyu minlərlə gəncə vətənpərvərlik hissini aşılayan bir atanın, öz evində də əsl qəhrəman, xalqın qürur mənbəyinə çevrilən şəhid böyütməsi təsadüfi deyil. Bu gün o, təkcə tələbələrin sevimli müəllimi, elmi məqalələrin müəllifi deyil, həm də qarşısında baş əyiləsi bir Şəhid Atasıdır. Onun dərslərində tələbələr təkcə ingilis dilinin qrammatikasını deyil, həm də bu fədakar atanın simasında vətəndaşlıq ləyaqətini, mətanəti və milli qüruru öyrənirlər.
Ömrün 70 illik zirvəsində dayanan, Lənkəranın təhsil tarixini öz əməyi ilə zənginləşdirən bu dəyərli ziyalımız həm pedaqoji uğurları, həm də ailə bütövlüyü ilə hər kəsə örnəkdir. İnanırıq ki, onun rəhbərliyi və tövsiyələri ilə yetişən gənc nəsil həm elmdə, həm də vətənpərvərlikdə onun və şəhid övladının xatirəsini hər zaman uca tutacaqdır. Səmərəli fəaliyyəti, beynəlxalq təcrübəsi və ən əsası xalqımıza bəxş etdiyi qəhrəman övlad üçün ona sonsuz təşəkkür edir, elmi-pedaqoji fəaliyyətində yeni uğurlar arzulayırıq.Allah ömrünüzə bərəkət versin əziz müəllimim.Biz Sizinlə qürür duyuruq,var olun!

Lənkəran Dövlət Universitetinin
Tarix üzrə fəlsəfə doktoru dosent
Lənkəran Tarix Diyarşünaslıq Muzeyinin direktoru

Share: