Şairlik İlahi təyinat olsa da, bu o demək deyil ki, o, Allahın dostudur. Azərbaycan poeziyası tarixində şairlər arasında yaradıcılığı ilə şəxsiyyəti üst-üstə düşənləri də olub, düşməyənləri də. Kimisi çuğulluğu ilə suçlanıb, kimisi qorxaqlığı ilə qınanıb, kimisi də yalaq kimi yad edilib.
Fəqət aralarında Hüseyn Cavid, Mikayıl Müşfiq kimi əyilməzləri də olub. Onlar təkcə şairliklərini yox, həm də şəxsiyyət olduqlarını son nəfəslərinədək nümayiş etdirə biliblər. Haqqında söhbət açmaq istədiyim Tofiq Hüseyn də sıradan bir şair deyil, şəxsiyyəti ilə yaradıcılığını tamamlayan sanballı kişilərdəndir…
“Məni aldatmaqdan asan nə var ki,
Vaxt olub uşaq da aldadıb məni.
Bu qoca dünyada təbiət sanki
Elə aldanmaqçün yaradıb məni.
Mən çox aldanmışam bu həyatımda,
O qədər
O qədər-
Yoxdur qədəri.
Zamanın hər anı, hər saatı da
Aprelin biridir məndən ötəri.
İnsana inamla köklənib sazım,
O mənimlə yaşar, nə qədər sağam.
Arxadan badalaq atmaq nə lazım,
Çöp atsan qarşıma yıxılacağam.
Qədrini bilirəm qışın, yazın da,
İlhamla qoşayam hər səhər, axşam.
Bu dünya üzündə bircə qızın da
Gəzən olduğuna inanmamışam.
Könül uşaqlığı qoy yada salsın
Cırtdan neçə dəfə aldadıb məni.
İşıq gələn tərəf bir yana qalsın,
İt hürən tərəf də aldadıb məni.
Ceyranın inamı ayaqlarına,
Maralın inamı buynuzunadır.
Ceyran ayağından düşər tələyə,
Maral buynuzundan ilişib qalır.
Məni də inanıram öz ürəyimə
Məni də tələyə ürəyim salır.”
Bəli, bu şeir Tofiq Hüseyn yaradıcılığından bir nümunədir…
“Həyatda ən böyük, ən kobud səhvim- adamlara inanmağım olub. Bilməmişəm, adamlara inananlara sadəlövh kimi baxırlar. Sadəlövhü aldatmaq isə su içmək qədər asan işdir”- deyir.
Onu kimlər aldadıb deyə bilmirəm. Amma bunu yaxşı bilirəm ki, şair inamsız yaşaya, sevgisiz yarada bilməz. Çünki hər bir şairin inam və sevgisi tükənəndə, təbi də ondan uzaqlaşır və Tanrı bir daha ona pıçıldamır. Axı, hər yazılan şeir Tanrının pıçıltısıdır…
İyunun 6-sı şair Tofiq Hüseynin 80 yaşı tamam olur. Onu bu münasibətlə təbrik edir, ağrı-acısız günlər arzulayıram…
…İki mininci ildən iyirmi il ötmüşdü, ABŞ-dan təzə qayıtmışdım. Bir gün mənə telefon açıb yaşadığı Şirvan şəhərinə dəvət etdi. Kefim kök idi. Bu dəvətin sehri məni yel qanadında Şirvana çatdırdı. Artıq gecə olduğundan hoteldə qalmalı oldum. Səhər tezdən telefonumun zənginə yuxudan oyanıb gördüm ki, odur. Bakıdan nə vaxt çıxacağımı soruşurdu. Dedim, mən artıq Şirvanda, filan hoteldəyəm. Heç iyirmi dəqiqə keçməmişdi ki, aşağıda məni gözlədiyini gördüm. İyirmi yaş məndən böyük olsa da, həmin gün səhərdən axşamadək qulluğumda dayandı, qonaqlıq dalınca qonaqlıq verdi. İndi düşünürəm ki, onu kürəyimdə Həcc ziyarətinə aparsam da, borcundan çıxa bilmərəm…
Hörmətlə, Elman Eldaroğlu




















