“O kişi mənə şillə çəkib dedi…” – Müsahibə

Kulis.az tanınmış tarzən, Xalq artisti Möhlət Müslümovla müsahibəni təqdim edir.

– Möhlət müəllim, Hacı Məmmədovdan, Bəhrəm Mansurovdan bizə qalan tarla, indiki tarın fərqi nədir?

– Tar elə həmin tardı. Əvvəl tar düzəltmək üçün tut ağacının gün düşən tərəfindən kəsirdilər, sonra həmin hissəni on il normal temperaturda saxlayıb tar düzəldirdilər. Amma indi ağacı burdan kəsib, ordan da iki ay istixanada saxlayıb, sonra tar düzəldirlər. Adlarını çəkdiyiniz tarzənlərin dövründə tarlar çox yaxşı tar olub, ustalar da yaxşı ustalar. Özü də Bəhram Mansurov kimi tarı bilən tarzən olmayıb. O vaxt Bakıda yaşayan erməni tar ustalarını usta edən elə Bəhram Mansurov kimi tarzənlər olub. Bəhram müəllim gedirdi onların emalatxanasında otururdu, orada onlara tar alətinin incəliklərini deyirdi, onlar da düzəldirdilər. O, hər il özünə bir-iki tar düzəltdirirdi. On ildən sonra on-on beş tarı olurdu. Onların da içindən bir tarı seçib saxlayırdı. Həmin tarların misli yox idi. Hacı Məmmədovun tarları da eyni keyfiyyətdə idi.

1976-cı ildə iyirmi iki yaşım olanda, Asəf Zeynallı adına kollecə məni işə götürmüşdülər. Həmin dövrlərdə, elə indiyə qədər də, Asəf Zeynallı şərq dünyasında ən böyük məktəb idi. Dövlət Konservatoriyasında muğam dərsi keçilmirdi, ancaq orda keçilirdi. Baxmayaraq ki, çox gənc idim, tələbələrdən seçilmirdim. Heç kim inanmırdı ki, mən müəlliməm. Amma ustadlarla çiyin-çiyinə işləyirdim. Onlar illərin sənətkarları idilər.

– Onlardan öyrənə bilirdiniz, yoxsa, yaş fərqi mane olurdu?

– Çox şey öyrəndim. Hacı Məmmədovun mənim ifamdan xoşu gəlirdi. Hərdən bizim sinfə gəlirdi. Mənə deyirdi, səhərə qədər yatmamışam, tarım məni incidib. Tarından bir neçə küt sim çıxarıb mənə verirdi. Deyirdi, bunları səhərə qədər tarıma salmışam, yoxlamışam, xoşuma gəlməyib. Ona görə də sənə bağışlayıram. Deməli, xoşuna gəlməyən simləri mənə verirdi (gülür).

– İşlədirdiniz?

– İşlədirdim nədi? O simləri göz-bəbəyim kimi saxlayırdım ki, onlar Hacı Məmmədovun tarından çıxıb. Son illərəcən saxladım, sonra gördüm, paslanıblar, atmağa məcbur oldum. Onlar tar sənətinin şahı idilər. Biz onları görməsəydik bu yerə gəlib çatmazdıq.

– Möhlət müəllim, sazla tarın fərqi nədir?

– Hərəsinin öz xüsusiyyəti, dəcəlliyi, rəngi, şirinliyi var. Saz tardan da əvvəl yaranıb. İngiltərədə qastrolda olanda, tar çalırdım. Tanımadığım məşhur cazmen mənə yaxınlaşıb soruşdu ki, bu alətin neçə yaşı var? Dedim, bu sənin gitaranın babasıdır, amma bunun da babası sazdır. Saz və tar bizim milli kökümüzdü. Bu alətlərlə biz dünyaya azərbaycanlı olduğumuzu sübut edirik. Müqəddəs alətlərdir…

– İranda sitar aləti də var…

– O farsların alətidir, gözəl alətdir. Onunla tarın fərqi çoxdur. Tarın imkanları sitardan daha yüksəkdi. Sadıqcan bizdə inqilab edib. Tarı dizdən sinəyə gətirib. Üzeyir bəy də tardakı müxtəlif pərdələri ləğv etməklə, tarımızın vahid səs tembrini yaradıb. Tarımızı dünya alətləri ilə eyni səviyyəyə qoyub. Bu gün tarda dünyanın ən böyük səhnələrində ən böyük əsərləri çalınır. Mən dünya səhnələrində ən çətin, avanqard musiqilər çalmışam. Tar Avropa alətləri ilə yarışa girir, muğamımız da ifa edilir. Üzeyir Hacıbəyov olmasaydı, bəlkə də bu yerə gəlib çatmazdıq. Tarın dünya səhnələrində söz demək imkanı, texniki baxımdan sitardan, İran tarından və bir çox alətlərdən qat-qat çoxdu.

– Tarın simfonik orkestrdə yeri, məqamı nədir?

– Keçmişdə tar üçün konsertlər yox idi. Rəhmətlik Qara Qarayev uzaqgörən adam olub. O, görüb ki, erməni bəstəkarı Xaçaturyan tar üçün konsert yazmağa başlayır, Hacıxan Məmmədovu çağırıb, deyib get, tar üçün təcili konsert yaz. O da yazıb. Simfonik orkestrlə də on konserti ilk dəfə elə Hacıxan Məmmədov ifa edib. Sonra da Əhsən Dadaşov. Bundan sonra tar simfonik orkestrdə iri həcmli, kiçik əsərlər, xarici bəstəkarların əsərlərini ifa edib. Bunu xüsusi qeyd edim ki, tarın tembrinin oxşarı ola bilər, amma eynisi yoxdur. Bu səs tembiri ancaq bizim tara məxsusdur. 120 nəfərlik simfonik orkestrin içində tar çalınanda, onun səsi digər alətlərdən dərhal seçilir, hətta onlardan da üstün gəlir.

– Deyirlər ki, saz havalarını tarda ifa etmək mümkün deyil. Bunun səbəbi nədir?

– Mizrab quruluşunda fərq var. Amma mən son dövrlər bir şeyin əleyhinəyəm. Sazda tar barmaqları edirlər. Bu sazda assimilyasiyaya gətirib çıxarır. Amma mən sazı o qədər sevirəm ki, hərdən tarda aşıq havaları çalıram.

– Alınır?

– Deyirlər ki, çox gözəldi, yaxşı alınır. Amma mən bilmişəm ki, bunu etmək ayıbdı. Çünki mən saz ifaçılarının yanında tar çalanam. Öz işimlə məşğul olsam, yaxşıdı. Bir dəfə də canlı efirdə aşıq dostlarımın yanında saz havasını tarda çaldım. Səhəri gün mənə o qədər zəng gəldi ki, məəttəl qaldım. Deyirdilər, bu cür gözəl bilirsən, amma çalmırsan. Dedim, yox, olmaz.

Bilirsiniz, tarla sazın yaxınlığı var. Tarda saz havaları çalmamaq deyə bir qayda, qadağa yoxdu. Muğam bizə aşıq sənətindən gəlib. Mən indi bu yaşa gəlib çatmışam və dərk edirəm ki, biz aşıq sənətindən çox şey götürürük. Elə xalq mahnılarımız, təsniflər var ki, onları birinci aşıqlar başlayıblar, sonra bizə ötürüblər. Mən saza, tək saza yox, tara da müqəddəs ocaq, pir kimi baxıram. Bəzən biri sazı boynunda, biri ayağının üstündə çalır. Bu saza qarşı hörmətsizlikdi. Yaxşı olar ki, sazı saz mizrabları ilə çalalar. Təəssüf ki, bunu bilən ustadlar da indi azdı.

– Ədalət Nəsibova qulaq asırsınız?

– Nəinki qulaq asıram, mən onunla səfərlərdə, qastrollarda olmuşam. Allah ona rəhmət eləsin. Ədalət Nəsibovdan sonra Ədalət Dəlidağlıya qulaq asıram. Sazı düzgün ifa edir. Onlarda olan mizrab quruluşu indiki saz çalanlarda yoxdu.

– Möhlət müəllim, niyə bir aşıq sazı qoltuğuna vurub, çiynindən asıb apara bilir, amma tarzən tarı o cür apara bilmir?

– Tarı da elə aparmaq olar. Baxır hara. Məni harasa dəvət edəndə, qoltuğuma vurmamışam tarı. Qabına qoyub aparmışam.

– Saz ifaçılarının sərbəstliyi sanki tarzənlərdə yoxdu. Bunu demək istəyirəm…

– Aşıq belədir ki, bir də görürsən, sazı da götürdü getdi meşədə oturdu çaldı. Və yaxud da hansısa yeməkxanada ifa etdi. Mənim buna bir az da ürəyim ağrıyır. Meşədə, təbiət qoynunda oturub saz çalmaq olar. Amma, ümumiyyətlə, saza, tara qulaq asanda, gərək çəngəl, bıçaq səsi gəlməyə, tam sakitlik ola. Xörək yeyə-yeyə tara, saza qulaq asmağı hörmətsizlik hesab edirəm. Həmin musiqilər ürək tərpədən musiqilər deyil, baş tərpədən musiqilərdi, ona görə elə yerlərdə qulaq asırlar.

– Habil Əliyev deyirdi ki, skripka böyük imkanlara malik musiqi alətidi. Hətta kamançanı yüz faiz əvəz edə bilər. Sizcə, tarı bu cür əvəz edəcək musiqi aləti var?

– Avropa alətləri içərisində?

– Ümumiyyətlə.

– Hər bir alətin öz yeri, öz rəngi var. Kamança da skripkadan geri qalan alət deyil. Kamança skripka üçün yazılan əsərləri çalır. Amma skripkada kamançanın ifa etdiyi əsərlərin çalındığını görən olmayıb. Başqa millətin nümayəndələri kamançada olan mahnını skripkada ifa edə bilməzlər. Amma bizi kamança ifaçılarımız skripka üçün yazılan əsərlərin əksəriyyətini çalıblar. Tarda da bunu edən tarzənlərimiz var. Düzdü, indi tarda bir az inteqrasiya gedir, bunun mənfi cəhətləri də var. Bunu peşəkar səviyyədə etmək lazımdı.

– Tarı muğamsız təsəvvür etmək olar?

– Muğamsız tar, tar deyil. Tar deyəndə birinci muğam yada düşür.

– Sizə elə gəlmir ki, tar muğam ifa etmək üçün yaradılıb?

– Elə deməzdim. Muğamı yaşadan tardı, amma tarda tək muğam ifa etmirik axı. Mən tarda başqa mahnılar da ifa edirəm. Qərb bəstəkarlarının doxsan faizini demək olar ki, ifa etmişəm.

– Kimlərin əsərlərini?

– Motsartın, Baxın, Bethovenin, Moldova bəstəkarlarının əsərlərini çalmışam. İndi də lazım olanda edirik. Amma sonra mən sırf muğam ifaçılığına keçdim.

– Sizin ən yaxşı ifalarınızdan biri olan “Xaric segah” bu günə qədər də dillərdən düşmür. Özünüzün ən xoşladığınız ifanız hansıdır?

– “Xaric segah”ı özümdən də çox istəyirəm. Ümumiyyətlə, segahı çox sevirəm. Nə qədər xalqımı çox sevirəmsə, bir o qədər də onu sevirəm. Mən özümü demək olar ki, segahla tapmışam. Və müxtəlif illərdə “Xaric segah” ifa edib lentə yazdırmışam. Hər yazılışdan bir il sonra əvvəlki ifamı bəyənməmişəm. Təzədən yazdırmışam. Amma hər yazılışda elə bilirdim ki, məndən yaxşı ifa edən yoxdur. Mənim ifamda on–on iki “Xaric segah” ifası var. Hamısını da disklərə yazdırmışam. İndi mən hərdən o yazılara qulaq asanda, düşünürəm ki, hər yaşın da öz gözəlliyi, öz fantaziyası var.

– Yaqub Məmmədov, Səxavət Məmmədov yaxın dostlarınız olublar. Necə yadınızda qalıblar?

– Səxavət Məmmədov mənim uşaqlıq dostum, sonra da tələbə yoldaşım olub. Birgə işləmişik. Qarabağın yaxşı, axarlı-baxarlı vaxtlarında oraları qarış-qarış gəzmişik. Halbuki, onda nə Əməkdar, nə Xalq artisti adımız vardı. Hamımız cavan uşaqlar idik. Ağdam, Bərdə, Ağcabədidə hansı qapıya getsək, hamı bizi tanıyır, hörmət edirdi.

Yaqub Məmmədov korifey idi. Yaşda da məndən böyük idi. Elə gənc yaşımda məni bir konsertdə gördü, tanış oldu. Sonralar mənimlə çox çıxışları oldu. Tək onu yox, bir çox sənətkarlarımızı müşayiət etmişəm.

– Alim Qasımov bir dəfə Səxavət Məmmədov haqqında danışanda, onu çox avam adam olduğunu demişdi. Səxavət müəllim sizin yadınızda necə qalıb?

– Səxavəti on beş yaşından tanımışam. Səxavət yaxşıların yaxşısı idi. Avam deyildi, içərisi o qədər təmiz idi ki, balaca uşaq da onu aldadırdı. Kim yoldaşlıq etmək istəyirdisə istəyirdi ki, Səxavətlə yaxın olsun, dost olsun. O, özündən çox yan-yörəsini, dostunu, qardaşını düşünürdü. Gecə-gündüz pul qazanırdı, məhərrəmlik ayı girəndə, bir qəpik pulu olmurdu. Axırıncı pulunu da qohumlarına, əmisinə, dayısına verirdi. Səxavət belə Səxavət idi. Sənəti, səsi də göz qabağında idi. Onunla xarici ölkələrdə çox olmuşuq, ən sanballı lent yazılarını birgə yazdırmışıq. Ölümü böyük itki idi. Onun ölümündən sonra mən neçə illər özümə gələ bilmədim. Xaricə, qastrola gedəndə, yuxuda görürdüm. Səxavətin ən böyük arzusu Təbrizdə konsert vermək idi. Deyirdi, görəsən, o gün olacaq? Amerikaya getməyi çox istəyirdi, amma qismət olmadı. Mən Amerikaya gedəndə, Səxavət orda mənim yuxuma gəldi. Təbrizə gedəndə də, yuxuma girdi. Orda ona “Yasin” oxutdurdum. Bilirsən, Səxavət xasiyyətdə ikinci bir adamı sonralar mən incəsənətdə tapa bilmədim. Səxavətin başmağını geyinən çox olar, amma yerişini yeriyə bilən olmaz.

– Sizin üçün kimləri müşayiət etmək çətin olub?

– O dövrdə mənim yaşım az idi. Ona görə də hamısı ilə səhnəyə çıxmaq mənə çətin gəlirdi. Mənə deyəndə ki, Əbülfət Əliyev səninlə “Dəsgah” ifa etmək istəyir, onda mənim 23 yaşım vardı. Bu xəbəri eşidəndə, həm sevinmişdim, həm də qorxmuşdum. Ona görə də onun görüşünə getmədim. Sonra məni bir də yanına çağırdı, dedi, niyə qaçırsan? Dedim, Əbülfət müəllim, mən qorxuram, sizin üçün tar çala bilmərəm. Dedi yox, mən səni bəyənmişəmsə, deməli çala biləcəksən, gəl. Bir dəfə məşq edəndən sonra ifa etdik. Özü də ən çətin “Humayun” dəsgahı idi. Yəni o dövrdəki sənətkarların hamısını, Sara xanımı, Tükəzban xanımı, Hacıbaba Hüseynovu müşayiət etmişəm.

– Alim Qasımovu müşayiət edərsiniz?

– Alim Qasımovla tay-tuş olmuşuq, onu lap sıfırdan tanımışam. Alimi də müşayiət etmişəm. 84-cü ildə Cabbar Qaryağdı adına muğam müsabiqəsi oldu. O müsabiqə mikrofonsuz keçirilirdi. Orada Alim, Fəxrəddin Dadaşov və mən birinci yeri tutduq.

– Müşayiət sənətkarı çərçivəyə salırmı?

– Mən həm solistəm, həm müşayiətçiyəm, həm də Əhməd Bakıxanov adına böyük bir ansamblın bədii rəhbəriyəm. Bunlar hamısı ayrı-ayrı aspektlərdi. Mənə deyirlər hansı sənə çətin gəlir? Cavab verirəm ki, müşayiət. Ona görə ki, solist olanda tək özüm oluram, nəyi necə ürəyim istəyir, beynimə gəlir ifa edirəm. Özü də mən muğamı bədahətən ifa etməyi xoşlayıram. Muğamı çox məşq edəndə kontrolu itirirəm. Ansambl rəhbərliyi də ağır işdir. Partiyaları bölməli, məşq etməlisən. Amma üçlük, müşayiət lap çətindi. Çünki orda aparıcı alət tardı. Həm özünə, həm xanəndəyə, həm də kamançaya cavabdeh olursan. Çətindi, amma şərəfli işdi. Ancaq indi mənim üçün çətinliyi yoxdu. İndi xanəndə mənim ürəyim istəyəni etməyəndə, çətinlik çəkirəm. Solo ifa zamanı da bir, iki dəfə məşq edib ifamı çərçivəyə salıram. Amma bir də görürsən səhnədə həmin çərçivəni itirirəm. O qədər olub ki, elə şeylər. Bir dəfə Ərdəbildə olanda, mənə dedilər ki, sən beş il əvvəl jurnalistlərin sualına cavab verəndə, demisən ki, mənim Ərdəbilə bir muğam borcum qalıb. İndi həmin borcu qaytar. Gətirib mənə bir qəribə də tar verdilər. Dedim, mən bu tarla nə çalım? Özü də açıq danışaq, əsl, düzgün azərbaycanlılar elə bil ki, ora yığılıblar. Onlar musiqiyə qulaq asmırlar, içirlər. Musiqini hiss edirlər, hönkür-hönkür ağlayırlar. Nə isə məni necə həvəsləndirdilərsə, çıxdım səhnəyə. Öz-özümə dedim ki, 7, 8 dəqiqəlik Zabul segah çalıb gedərəm. Onlar məni necə qarşıladılarsa, bir də ayıldım ki, yarım saatdır tarda ifa edirəm. Xəbərim olmayıb, necə özümdən getmişəmsə, çalıb qurtarandan sonra ayılmışam. Bax, əslində muğam belə olmalıdı.

– Alim Qasımov da deyirdi ki, mən muğam oxuyanda yerdə yox, göydə oluram. Belə hallar çox olur?

– Çox olur. Elə olub ki, mən 39 dərəcə qızdırma ilə səhnəyə çıxmışam. 2003-cü ildə gecələr yayımlanan “Görüş yeri” proqramına çıxmalı idim. Qızdırmam vardı, iynə də vururdular, 39 dərəcədən aşağı düşmürdü. Getmək istəmədim, rejissor dedi bayaqdan anons gedir, canlı yayım başlanır, gəlməlisən. Gəldim, veriliş başlandı. Mənim bəxtimdən də reklam vermədilər. Əvvəldən axıra qədər tarda çaldım, arada canlı zənglər olurdu. Efir başa çatan kimi özümdən getdim. Bəzən konsertlərə çıxanda, canım ağrıyıb, böyrəyimdən sancı tutub, amma bildirməmişəm, səhnəyə çıxmışam. Yəni belə şeylər olub.

– Belə bir fikir var ki, üçlükdə əsas aparıcı qüvvə xanəndədir. Nə tar, nə kamança xanəndəni ötüb keçə, xanəndənin ifa zamanı getdiyi yerlərə gedib çıxa bilər. Sizcə, müşayiət zamanı vəziyyət necə olur?

– Müşayiət sözünü sevmirəm. Mən indi danışıram, siz qulaq asırsınız. Siz danışırsınız, mən qulaq asıram. Musiqidə də belədi. Xanəndə danışanda, tar, tar danışanda kamança, kamança danışanda da xanəndə dinləyir. Əslində muğamda nöqtə, vergül məsələsi var. Qapıdan girmisənsə, qapıdan da çıxmalısan. Qapıdan girib pəncərədən çıxmaq olmaz. Bəzən elə şeylər olur ki, tarçalan xanəndəni qabaqlayır. Bəzən görürsən ki, ifa zamanı tarçalan elə şeylər edir ki, elə bil, heç qapıdan girməmişdi. Son dövrlər belə hallar lap çox olur. Görürsən tarçalan başqa şey ifa edir, xanəndə başqa şey ifa edir. Amma, əslində, üç nəfər danışan bir-birinə hörmət etməli və gözləməlidir.

– Bəs muğamda elə yerlər var ki, oraları xanəndədən tez və asan ancaq tar keçə bilir?

– Var. Əslində, elə o yolları xanəndələrə tar çalanlar göstərib. Elə yerlər var ki, xanəndə zildə ilişib aşağı düşə bilməyib. Tarçalan onu aşağı düşürdüb. Çünki tarın musiqi savadı bir az çox olur.

– Hansı sənətkarların ifaları sizin üçün əlçatmaz olub?

– Mənim üçün ideal sənətkarlar olub. Hacıxan Məmmədovu çox gördüm, onunla işlədim. Əhsən Dadaşov da idealım olub. Amma mən ona yaxın dura bilmədim. Hərbi xidmətdən gəldim, o, dünyasını dəyişdi. Amma arzum idi ki, onun tələbəsi olum. Məmmədağa Muradovu, Bəhram Mansurovu görmüşəm. Əliağa Quliyev, Həbib Bayramov, Firudin Yarməmmədov, Firudin Ələkbərov mənim ifalarına diqqətlə qulaq asdığım sənətkarlar olub. İdealım isə Əhsən Dadaşov olub. Amma adlarını çəkdiyim tarzənlərin barmaqları məni heyrətə gətirib. Mən onları görməsəydim, bəlkə də bu sənətə gəlməzdim.

– Möhlət müəllim, tar kifayət qədər klassik alətdi. Ora yeni nələrsə əlavə etmək mümkündürmü?

– Yenilik belə ola bilər ki, hər kəsin barmağının öz dadı-duzu var. Yoxsa, simlərin yerini dəyişməklə yenilik olmur.

– Belə bir deyim var ki, muğamın qəlbi Qarabağda, beyni Bakıdadır. Sizin ifanızda qəlb daha çox önə çıxır…

– Mən hansı bölgəmizə getmişəmsə, mənə deyiblər ki, sən buralısan. Bu yaxınlarda Ərdəbildə solo konsertim oldu. Ora Zəncandan, Əhərdən, Təbrizdən gəlmişdilər. Allah haqqı hamı mənə deyirdi ki, sən elə bizim yerlimizsən. Deyirəm, Azərbaycanı bölməyin. Bilirsən, mən qəlbə üstünlük verirəm. Qəlb, ürək olmasa musiqiçi heç nə edə bilməz.

– Ramiz Quliyevi dinləyirsiniz?

– Mən onu müəllim kimi qəbul etmişəm. Həmişə onun hörmətini gətirmişəm. Böyük sənətkardı. Əlbəttə, qulaq asıram. Amma o, niyəsə məni sevməyib.

– Bayaq tarın dizdən sinəyə qalxmasından danışdıq. Sizcə, yaxın gələcəkdə tarın ifa, hərəkətlilik baxımından hansısa dəyişikliyə məruz qalmağı mümkündür?

– Heç vaxt. Bundan o tərəfi yoxdu. Çünki tar ya dizdə çalınır, ya da sinədə. Sinədə tarı çalmaq çətindir. Dizdə çalmağa nə var ki. Bir dəfə İranda mənə sual verdilər ki, niyə öz tarını bizimkindən çox sevirsən? Dedim, ikisinə də hörmətim var, amma öz tarımı ona görə çox sevirəm ki, ürəyimin başında çalıram. Tarı sinədə saxlamaq ağırdı, tar kişi sənətidi, güc aparan alətdi. İki-üç saat səhnədə tar çalandan sonra elə bilirəm bir kamaz daş boşaltmışam. Hətta daş boşaltmaq ondan asandı. Çünki tar çalanda fiziki güclə birgə beyin də işləyir.

– Muğamı çox vaxt saray musiqisi də hesab edirlər. Ümumiləşdirib belə bir sual verərdim. Siz Möhlət Müslümov özünüzü elitanın tarzəni hesab edirsiniz, ya xalqın?

– Əllidən yaxın ölkədə olmuşam. Yer kürəsini xeyli fırlanmışam. Elə Avropa ölkəsi var ki, orda on–on beş dəfə olmuşam. Açıq yerlərdə də, ancaq caz ifa olunan səhnələrdə də, kilsədə də tar ifa etmişəm. Amma yaxşı olar ki, tar qapalı yerdə çalınsın. Özümü, təbii ki, xalqdan hesab edirəm. Xalqa qurban olaram. Xalqın içindən çıxmışam. Mən bunu danmıram. Bilirsən nə qədər çətin yollar keçmişəm bu günə çatana qədər? İndi mənə çox böyük adam kimi, professor kimi müraciət edəndə, utanıram. Mən sadə adamam.

– Burda bir az da bakılı olmağınızın rolu olmasın?

– Var. Mən çox bər-bəzəyi sevmirəm. Adam vardı sovetin vaxtında bir “Jiquli” alırdı, necə dəyişilirdi. Mən onları da aldım, fəxri adlar da aldım, dövlət mənə hər ev verdi, amma heç dəyişmədim. Amma indikilər bir dosent adı alırlar, şəkillərin çəkib paylaşırlar. Bunların heç birini eləmədim. Utanmışam, demişəm ayıbdır.

– Başqa hansı alətdə ifa edə bilirsiniz?

– Bir az məşq etsəm, sazı pis çalmıram. Ud çalıram. Xaricdə olanda bir dəfə gördüm bolqarlar simli alətlərində çala bilmirlər. Alıb özüm ifa etmişəm, dəli olublar. O alətlər tardan çətin deyil. Tar çox çətindi.

– Bir dəfə demişdiniz ki, Rəmişin ifası məni ağlatdı…

– Ağladıb deməmişəm. Amma Rəmişi çox sevirəm. Məni Habil ağladıb. Özüm öz ifama ağlamamışam, amma ağlatmışam. Bircə dəfə özüm Ana segahını çalanda ağlamışam. Onda anam təzə dünyasını dəyişmişdi. Qırxı bir həftə olardı çıxmışdı. Kanalların birinə dəvət etdilər. Proqramda da Ana segahı yox idi. Fasilədə çıxdım bayıra siqaret çəkməyə. Kimsə mənə başsağlığı verdi. Birdən anam yadıma düşdü. Gəldim studiyaya, məşqsiz-filan uşaqlara dedim ki, Cahangir Cahangirovun “Ana” mahnısını çalacam. Öz ifam məni necə tutdusa, efirdə ağladım. Səhəri gün rəsmi yerlərdən də mənə zənglər gəldi, dedilər bu qədər “Ana” segahı eşitmişdik, amma beləsi olmamışdı.

– Çox vaxt deyirlər ki, saz, tar lokal alətlərdi. Siyavuş Kərimi də bir dəfə demişdi ki, muğamla dünyanı fəth etmək olmaz…

– Bəs dünyanın nə ilə fəth etmişik? Muğamla etmişik də. Allah rəhmət eləsin, Habil Əliyev mənə çox vəsiyyətlər etmişdi. Mən hamısına əməl edirəm. Habil Əliyev dünyanı nə ilə fəth etmişdi? Muğamla fəth etmişdi. Onun ifasına amerikalının da, fransızın da, azərbaycanlının da ağlaya-ağlaya qulaq asdığını görmüşəm.

– Vaxtilə Fikrət Əmirov, Vaqif Mustafazadə muğamla sintez ediblər. Sintezə münasibətiniz necədir?

– Onlar sənətkarlar idi. Onlar peşəkarlar idi. İndikilər sintez edilər, geyimlərini də dəyişirlər, qulaqlarına sırğa taxırlar. Onlar tarzənə yox, bomja oxşayırlar. Bir oğlan var, elə edir. O oğlanı axtarıram.

– Niyə axtarırsınız?

– Tutum, ona bir-iki söz deyim. Onların etdikləri tara hörmətsizlikdi. Sintezdən də başları çıxmır. Sintezi Vaqif Mustafazadə kimi edirlər.

– O da saqqal saxlayırdı, geyimi də fərqli olub.

– O, abırlı-həyalı adam idi. Vallah onun bığları nəyə desən dəyərdi. İndikilər saç-saqqalla, ayaqlarında da sapoqla səhnəyə çıxırlar. Təsəvvür elə ki, mən elə çıxıram səhnəyə. Mənə nə deyərlər? Fitə basar camaat məni.

– İndi internet əsridi, postmodern dövrdü, texnika inkişaf edir. Bütün bunlar tara nələrsə əlavələr edə bilməz?

– Eləsin. Amma biz müasirliyin yox, müasirlik bizim tarın ardınca düşməlidir. Mən guya onların etdiyini edə bilməzdim? Edərdim. On beş yaşım vardı. Tarın simlərinin yerini dəyişirdim, samanı pərdənin ortasına yapışdırıb səs axtarırdım. Özümü vurmuşdum dahiliyə. Elə bilirdim məndən güclü bilən yoxdu. Dərsə gələndə, elədiklərimin hamısını sökürdüm ki, müəllimlər görməsin. Bir gün yadımdan çıxdı sökmədim. Novxanıdan olan Akif adlı bir müəllimim vardı. Acıqlı da kişi idi. Mənə bir şillə çəkib dedi, sənə kim icazə verib tara belə şeylər edirsən? O hadisə mənim yadımda qaldı. Amma qulağım yenilikləri axtarıb həmişə.

– Onda sizə imkan verməyiblər, mühafizəkar davranıblar…

– Yox, düz ediblər. Akif müəllim elə etməsəydi, mən bəlkə də bu yerə gəlib çatmazdım. Yenilik etsinlər, mən də xoşlayıram. Amma yenilik barmaqda, ürəkdə olmalıdı.

– Qadın xanəndələr geyim baxımından sərhədləri bir az aşdılar. Amma kişilər yenə də kostyumda, buxara papaqda muğam ifa edirlər.

– Muğama, tara, saza hörmət etmək istəyirsənsə, paltara fikir verməlisən. Məscidə şortiklə getmək olmaz, məsciddin pəncərəsindən baxıb artıq əskik hərəkət etmək olmaz. Muğam da belədi. Hər şeyin öz yeri var.

– Tarı kökləmək sizin üçün nədir?

– Tarı kökləmək özü bir sənətdi. Tarı düz kökləyə bilirsənsə, deməli yaxşı da çala bilirsən. Tarın simlərini çox alıram. Ona görə də məni çox vaxt aldadırlar. Bir dəfə Tehrandan beş kilo sim almışdım. Sən demə mən göstərdikləri yaxşı alman simi olub, satdıqları köhnə. Hamısını Bakıya gələndə atdım. Amma mizrab və simləri mənə elə Tehrandan göndərirlər. Bir dəfə oğlumun toyu olan gün bir təbrizli tanış Bakıya qonaq gəldi. Mənə zəng vurdu, görüşmək istədi. Dedi, hədiyyəm var sənə. Dedim, axşam altıda gəl filan yerə, oğlumun toyudur. Həm iştirak elə, həm də görüşək. Gəldi. Məclisin ortasında ciblərini eşələdi ki, hədiyyəni versin. Balaca bir mizrab çıxardı. Üstünə də mənim adımı yazdırmışdı. Dedim, sən ki, bunu o boyda yerdən mənə gətirmisən, üstünə də adımı yazdırmısan, bu mənim üçün ən böyük hədiyyədi. O mizrabla çala bilmədim, amma qoruyub saxlayıram.

– Neçə tarınız var?

– Beş-altı tarım var. Bu yaxınlarda atamdan mənə yadigar qalan tarımı Heydər Əliyev Mərkəzinə bağışladım. Orda mənim adıma guşə açılıb. O tarı məndən çox adam istəmişdi, amma verməmişdim. Ora bağışlamağım mənim üçün də şərəf oldu. Gələcəkdə uşaqlarım, nəvələrim ora gedəndə, tarımı orda görəndə, böyük fərəh hissi keçirəcəklər.

– Tarla ilk ünsiyyətiniz zamanı nə hiss edirsiniz?

– Tar mənim keçmişim, kimliyim, torpağım, dədə-babamdı. Məndə tara sevgi var. Heç cavan uşaqlarda sevdiyi qıza elə sevgi yoxdu. Mən tarsız heç kiməm.

– Tara bir az da pessimist alət kimi baxırlar. Bu, deyəsən, muğamdan gəlir…

– Elə münasibət çox görmüşəm. Biz tələbə olan illərdə konservatoriyada fortepiano üzrə təhsil alan tələbələr bizə “narodnik”, çuşka, kəndçi kimi baxırdılar. İllər keçdi həmin adamlar bizim qarşımızda baş əydilər. Biri vardı, özünü çox yekəxana aparırdı, rus dilində danışırdı. Bir dəfə onu kənara çəkdim, dedim, sən bu fortepiano ilə nə etmisən? Dedi, dərs keçirəm. Dedim, amma sənin bəyənmədiyin bu tar bütün dünyanı gəzir. Özüm də xalqın, dövlətin yanında məhəbbət qazanmışam. Yəni elə yanaşma olmaz. Amerikada pianoya, skripkaya qulaq asan olmayıb, tara qulaq asıblar. Bizim üzümüzü ağ edən bizim muğamımız olub.

– Müşviqin “Oxu tar” şeirini nə qədər əzbər bilirsiniz?

– Əzbər bilirdim. Bir dəfə toyda muğam ifa edəndən sonra bir yaşlı, ağsaç qadın ayağa qalxıb bu şeiri əzbər dedi, sonra əlavə etdi ki, Mikayıl sağ olsaydı, bu şeiri sizə ithaf edərdi. O şeirə qulaq asanda, çox pis oluram. Mən istəyərdim, Mikayıl Müşviq, Şəhriyar sağ olsun, onlar üçün tar çalardım. Bir dəfə 20 yanvar hadisələrindən 20-30 gün əvvəl, 89-cu ilin axırlarında Bəxtiyar Vahabzadə üçün tar çaldım. Bir də baxdım ki, ağlayır. Sonra məndən xahiş etdi ki, bildiyim muğamları onun üçün lentə yazım. 20 yanvar hadisələri baş verdi, ruhdan düşdüm. Onunla görüşəndə dedim, Bəxtiyar müəllim, əlimiz, qolumuz qırıldı, dediyinizi edə bilmədim. Dedi, bilirəm, indi sən o əhvalda həmin mahnıları çala bilməzsən. Amma beş muğamımı sonra yazdırıb ona vermişdim.

Share: