Novruz Novruzlu bu gün anılacaq: “Qısa film və səhnəciklər oynanılacaq”

Bir müddət öncə qəflətən dünyasını dəyişən tanınmış musiqiçi, Azərbaycanda ilk mistik musiqi qrupunun yaradıcısı Novruz Novruzlu bu gün yad ediləcək.
Tanınmış musiqiçinin xatirəsi bu gün Rəşid Behbudov adına Mahnı Teatrında anılacaq.
Tədbirin təşkilatçılarından Moderator.az-a verilən məlumata görə, anım tədbiri özünün yaradıcı özəllikləri ilə seçiləcək:
“Novruz müəllimi əsasını qoyduğu “Savalan” qrupu və sənət dostları, yaxınları bu gün Mahnı Teatrında yad edəcək. Əsasən, musiqi parçalarından –“Savalan” qrupunun ifa etdiyi ilahilər – konsertin özəyini təşkil edəcək.  Elə Novruz müəllimin öz ifasından da musiqilər səsləndiriləcək.
Daha sonra Novruz müəllim haqqında qısa film nümayiş  etdiriləcək. Qısa sənədli filmdə tanınmış ictimai şəxslərin, mədəniyyət adamlarının Novruz Novruzlu barəsindəki ürək sözləri yer alacaq”.
Tədbirin rejissoru Mirsahib  Ağazadənin sözlərinə görə, konsertdə maraqlı məqamlardan biri də mərhum sənətkarın oğlu Bürhanın atasının şərəfinə səsləndirəcəyi skripka ifası olacaq.
Həmçinin, ölkənin tanınmış sənət adamları musiqi töhfələrini əsirgəməyəcəklər.
Eləcə də, aktyorların ifasında kiçik səhnəcik oynanılacaq.
Müstəqil.Az
Share: