Nikaha daxil olarkən virus daşıyıcısı olduğunu öyrəndilər

İyul ayı ərzində cütlüklərin nikahdan əvvəl tibbi müayinəsi zamanı 530 nəfərdə talassemiya daşıyıcılığı, 50 nəfərdə siflis, 17 nəfərdə QİÇS aşkarlanıb.

Bu barədə Publika.az-a Elmi-Tədqiqat Hematologiya və Transfiziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva məlumat verib.

Onun sözlərinə görə, ümumilikdə bu ay ərzində 15565 nəfər müayinədən keçib.

“Müayinədən keçən 10 cütlüyün hər ikisində talassemiya daşıyıcılığı aşkar edilib. Həmin cütlüklərə ailə quracaqları halda prenatal müayinədən keçmələri tövsiyə edilib. Ümumilikdə bu il ərzində 81949 nəfər nikahdan əvvəl tibbi müayinədən keçib. Onlardan 2453-də talassemiya daşıyıcılığı, 196-da siflis, 86-da QİÇS aşkarlanıb. 38 cütlüyün hər ikisində talassemiya daşıyıcılığı müəyyən edilib”.

Qeyd edək ki, nikahdan əvvəl cütlüklərin icbari tibbi müayinəsi 2015-ci il iyunun 1-dən aparılır. Həmin tarixdən bu vaxta qədər 446233 nəfər icbari müayinədən keçib. Onların 165527-də talassemiya daşıyıcılığı, 1529-da siflis, 368 nəfərdə QİÇS aşkarlanıb.169 cütlüyün isə hər ikisində talassemiya daşıyıcılığı müəyyən edilib.

Müstəqil.Az

Share: