Elmar Vəliyevdən təzə xəbər var – İşə çıxacağı gözlənilir

“Gəncənin icra başçısı Elmar Vəliyevin səhhəti artıq normallaşıb. Artıq heç bir ciddi problemi yoxdur. Müəyyən reabilitasiya işləri aparılır. Daha ətraflı məlumatı həkimi verə bilər. Əsas odur ki, səhhəti yaxşıdır, qənaətbəxşdir”.

Müstəqil.az xəbər verir ki, bu barədə Modern.az-a Gəncədəki mənbə məlumat verib.

Mənbə Elmar Vəliyevin işə çıxacağını desə də, bununla bağlı dəqiq tarix söyləməyib.

“Güman ki, Elmar Vəliyev yaxın vaxtlarda işə çıxacaq. Bu, planlaşdırılır. Amma hələ ki işə çıxacağı tarix dəqiqləşməyib. Gəncə Şəhər İcra Hakimiyyətinə hazırda başçının birinci müavin rəhbərlik edir”.

Xatırladaq ki, iyulun 3-də Gəncə şəhərinin icra başçısı Elmar Vəliyev və onun mühafizəçisi Qasım Aşbazov İcra Hakimiyyətinin inzibati binasının qarşısında odlu silahdan açılan atəş nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə məlumatına görə, cinayəti törədən 1983-cü ildə Gəncə şəhərində anadan olmuş Yunis Səfərov tutularaq, tərksilah edilib.

Fakt üzrə Baş Prokurorluqda Cinayət Məcəlləsinin 29, 120.2.3-cü, 120.2.7-ci (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar qəsdən adam öldürməyə cəhd) və 228-ci (qanunsuz olaraq odlu silah əldə etmə) maddələri ilə cinayət işi başlanıb. Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

Cinayət işilə bağlı həbs olunan və müqavimət göstərdiyi üçün məhv edilənlər var.

 

Qeyd edək ki, iyulun 4-də Türkiyədəki Bahçeşehir Universitetinin Tibb fakültəsinin dekanı, məşhur beyin cərrahı, professor Türker Kılıç Əmlak Məsələləri Dövlət Komitəsinin sədri, eyni zamanda E.Vəliyevin qudası Kərəm Həsənovun dəvəti ilə Gəncəyə gəlib. Türkiyəli həkim həmin gün icra başçısını əməliyyat edib.

Qeyri-rəsmi məlumatlara görə, E.Vəliyevin sonrakı müalicəsi İsraildəki klinikalardan birində davam etdirilib.

Share: