“Necə gözləməyim gedən qatarı?”-AYGÜN SADİQDƏN yeni şeir…

Müstəqil.Az şairə AYGÜN SADİQİN yeni şeirini təqdim edir:
QATAR
 
Ağlım yanındadır, sevən ürəksə
Bağışlaya bilmir ayrılıqları.
Mənə sevdiyimi gətirəcəksə,
Necə gözləməyim gedən qatarı?
 
Kimi aldadıram? Özümü, yenə…
Yenə saymaqdayam həftəni, ayı.
Axı səni sevmək nə verdi mənə-
Kədərdən savayı, dərddən savayı?
 
 
Yenə təzələnər təqvimin günü,
Sənsiz bir günüm də qalar geridə.
Gördükcə anbaan üzüldüyümü,
Bezikər saatın əqrəbləri də.
 
Axı bu saatın niyə yox dili,
Axı bu zamanın qolları hanı?
Saat tənbeh edə,
Vaxtınsa əli
Tutub silkələyə sənin yaxanı!
 
Səni bir yaxşıca utandıralar,
Səhvini etiraf edəsən, bəlkə.
Qalxasan masadan…
Yerində qalar
Aciz varlığından yaranan kölgə.
 
Səsin inad edə: “Qatar… hey…. dayan!
Gözləyə bilmirəm, zamanım ötür,
Mənsiz yaşamağı ömür saymayan
Biri var… Sən məni o qıza götür! “
Aygün Sadiq
Müstəqil.Az

Share: