NARİNİN İKİ YAŞI

 

Mənə BABA statusu verən bircəcik nəvəm Narinin 2 yaşı tamam olur. Həyatımın mənası olan balamı ürəkdən təbrik edir “Səni verənə şükür” deyirəm.

İki ildir ki, dünyam
Şirinləşib, ballaşıb.
Kədər yaddı qəlbimə,
Sevincim aşıb-daşıb.

İki ildi hər günü
Xəyalınla açıram.
Eşidəndə səsini
Qanadlanıb, uçuram.

Gah o şirin səsinlə
“Ay baba, gəl” deyirsən.
Gah da topuş əlinlə
Öpücük göndərirsən.

Səninlə dəyişibdi
Dünyanın dadı, tamı.
“Narin bala necədi?”
Məndən soruşur hamı.

Səni verənə şükür,
Ömrümə rəng qatmısan.
Bu gün doğum günündü,
İki yaşa çatmısan.

…İlləri bir-birinə
Muncuq kimi düz, qızım.
Hələ bundan sonra da
Yaşayasan yüz qızım.

Şərafəddin Ilkin

Share: