“Nə qədər söz qalıb göyün üzündə, Gedirəm göylərə şeir yazmağa…-Dilşad Arazın şeirləri…

MÜSTƏQİL.AZ gənc şair Dilşad Arazın  şeirlərini təqdim edir:
Gedirəm göylərə…
Ümidin qırıldı, ya itgin düşdü?
Ey ümid səsinə ayaq saxlayan!
İLAHİ, göylərdən göz yaşı düşdü,
Görəsən kim idi Göydə ağlayan?
 
Yeri sən bilirsen, göyün tərtəmiz,
Mələklər yığılıb ay işığına.
Qəbirdə cücərdi bəlkə bəlkəmiz,
Heç kimsə bənzəmir öz başdaşına .
 
Hardasa bir şeytan yolunu azıb,
Susayıb kiminsə qanına, Allah.
Hərəsi boynundan bir şeir asıb,
Şairlər yığılıb yanına ,Allah!
 
Daha yerimiz yox bu yer üzündə,
Yol açaq göylərə qəbir qazmağa.
Nə qədər söz qalıb göyün üzündə,
Gedirəm göylərə şeir yazmağa.
             Çıx 
 Səndə qadınların gözyaşı qalıb
Nəm həyat qəm verər, bir az günə çıx .
Qadının ağlayıb bəxtəvər olub ,
Bir addım yaxınlaş, sən də önə çıx !
 
Səni kirpik- kirpik bıçaqlayarlar ,
Qanını üstündə çox saxlayarlar .
Səni mələklərdən soraqlayarlar ,
Cıxdığın zirvəyə bir də ,yenə çıx !
 
Oğlun sənə baxır ,qızın cağırır ,
Yollar ayağına palcıq yoğurur .
Evin yuxusunda səni doğurur ,
Qalma gecələrdə ayıl, günə çıx !
        Gəlir
Ruhum şeirə hamilə,
Misra-misra bəndə gəlir.
Dəniz var qorxur, sahilə
Qorxur, amma, gündə gəlir!
 
Qəlbim dərdimin limanı,
Sevincim həsrət dumanı.
İtirdim hər gün gümanı,
Məndə gedir ,səndə gəlir.
 
Qoyma andı anda içim,
Ürəyimi qanda içim.
Ciyərlərim yandı içim
Ocaq yandı, söndü, gəlim!
 
Yarımadım, yarım qaldım,
Dərd yayında tarım qaldım.
Biraz sənde varam, qaldım?
Səndə? Səndə? Sən de, gəlim!
   Tanrıya qaçaq…
 Mən, səni itirməyin,
Qədrini indi bildim.
Səndən çıxıb getməyin,
Yolunu təzə sildim.
 
Sildim,tərtəmiz olum,
Bir qapı açaq indi.
Durum özümə dolum,
Tanrıya qaçaq, indi!
 
Qaçım ruhum ulasın,
Her təzə ay çıxanda.
Dərd balatək yalasın,
Boz qurd olum yaxında!
 
Yaxın olsun günahlar,
Darıxsın tövbələrim.
Dərdim məni qucaqlar,
Gözləsin növbələrim.
 
Gözləyim qana kimi,
Ürəyimden qaç uzaq.
Ruhumdan cana kimi,
Yaşayıram yalquzaq.
 
Yaşayım dəli -dəli,
Çıxım ömürdən gedim.
Adım çıxıb sərsəri,
Ay Allah, sevmə dedim!
 
Mən səni itirməyin,
Qədrini indi bildim.
Səndən çıxıb getməyin,
Yolunu belə, sildim!!
   Dincələk
Bu qədər yorulan adam,
Dayan, bu yolda dincələk.
Tanrıya vurulan adam,
Gedək Tanrıya, dincələk?
 
Bu da bir kitab kimidi,
Dünya böyük bir gəmidi.
Dəliler sevə bilmədi,
Tut əlimi, çıxaq gedək!
 
Bu dağın yolu səndədir ,
Dünya da bir bədəndədi..
Allah da ğör nə gündədir,
Dünyanı kimə sevdirək??
 
Yaşamaq da zamanladı,
Göy ağladı, yer dağladı.
İşim ancaq Allahladı,
Cağırmır ki, dindirək!
 
Gözlərim qəmə xəstədi,
Dərdim də dəstə-dəstədi.
Allah yolumun üstədi?
Qonaq olaq ,sevindirek?
           Sən vətənsən?
 Eşit, kar qulağın qədər!
Sus, dilinə Vətən bitər!
Var olan bir yoxda itər?
Var olan yoxdan gəlirəm!
 
Sən Vətənsən, sən yurdmusan?
Göz yaşımı qurutmusan?
Sən ruhunu unutmusan?
Yoldayam çoxdan, gəlirəm!
 
Vicdan alıb satanları ,
Torpağa düşən qanları.
Düşmən olma, yalanları
Gizləmə haqdan, gəlirəm!
 
Bir yol qalmadı dönməyə ,
Ölüm,torpaq sevinməyə.
Görmüşəm, bir də görməyə,
Demı nahaqdan gəlirəm!
 
Öldüm gəldim, bu günə mən ,
Gələrdim iman, dinə,mən!
Dərdim, sən,dəymə sinəmə,
Çəkilin, oxdan gəlirəm!
 
Qəlbini qurban veresen,
Yatasan ,Tanrı görəsən.
Baxma sən görsən,görərsən ,
Qeybdən, dağdan gəlirəm .
   Bizim küçə
Bizim küçənin əvvəli,
Sizin küçənin sonu yox!
Sən yaşayan evdə ürək,
Bizim evinsə canı yox!
Evinizin kordu gözü,
Seçmir əyrini ,düzünü!
Həyat yaşamaq yerinə
Alır elindən gözünü!
Lampa boyda günəşiniz,
Çıraq boyda ayınız var!
Dört divardı sizin vətən,
Dörtdən artıq sayınız yox!
Şifrələnmiş ölümlərin,
Açılmaz bir də səhəri.
Ölümdən geri qayıdır,
Axtarır ölüm şəhəri!
Dünya qucağına alıb,
Laylayı çalmaq istəmir.
Yetim qalan arzuların,
Anası olmaq istəmir!
Bizim səhərin əvvəli,
Sizin səhərin sonu yox!
Sən istəyən yerdə Vətən,
Mən istəyən yerdə hanı?
Yox!!
2.11.2008
Müstəqil.Az

 

Share: