“Nə qədər ki o insan oradadır, belə də olacaq…”

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktrisası Ülviyyə Əliyeva teatrın direktoru Əliqismət Lalayevdən şikayətçidir.

Kulis.az xəbər verir ki, bu haqda sənətçi özü danışıb. Aktrisa iddia edib ki, Ə. Lalayev onunla ədavət aparır, illərdir fəxri ad və Prezident mükafatı almasına imkan vermir:

“Mənimlə nəyi bölüşə bilmədiyini bilmirəm. Balığı sudan çıxarıb havasını kəsərsən a, o da elə davranır. Hətta bir dəfə mənə qarşı çox böyük haqsızlıq etmişdi. Teatrdan küsüb getmişdim, amma sənətdən uzaqlaşmamışdım. O ərəfələrdə “Üç bacı” serialı çəkilirdi, “Çal-çağır” da var idi. İki ildən sonra Əliqismət Lalayev çağırdı ki, gəl, sənə fəxri ad da, mükafat da verəcəyik. İki il də keçdi, mənə Xalq artisti Afaq Bəşirqızının “Mən dəyərəm min cavana” tamaşasındakı “Güldəstə” obrazını həvalə etdilər. İki-üç il də keçdi, gəlib dedim ki, bəs nə oldu? Qayıdıb dedi ki, sən hələ gözlə, səndən əvvəl gələnlər var. Dedim ki, yaxşı, mən həmişə böyük-kiçik yerini gözləmişəm. Sonra gördüm ki, hətta dörd-beş ildir gələnlər də artıq mükafat alır, amma mənim adım yenə də siyahıya salınmayıb. Bəli, gənclərin də haqqıdır, hamının haqqıdır. Bu, Prezidentin, dövlətin verdiyi mükafatdır. Biz artıq orta nəsil sayılırıq. Və məni yenə kölgədə qoyurlar. Nə qədər ki o insan oradadır, belə də olacaq, adım siyahıya heç vaxt düşməyəcək. Səbəbini bilmirəm”.

25 ildir teatrda çalışan Ü. Əliyeva oradakı çatışmazlıqları dilə gətirib:

“Sağ olsun Prezidentimiz, teatra akademik statusunu verdi. Amma çox təəssüf ki, operetta teatrı olsaq da, operettadan başqa nə istəyirsiniz, oynayırıq. Əslində bütün aktyorlar gileylidir, sadəcə olaraq onların danışmağa cəsarəti yoxdur. Buna çox təəssüf edirəm. Biz yaradıcı insanıq. Direktorlar gəlib-gedir, amma biz qalırıq. Biz bu teatrın varisləriyik. Hər il tamaşalarımıza dövlət büdcəsindən maliyyə ayrılır. 60, 90, hətta 100 minlik dövlət sifarişli tamaşalarımız olur. Niyə mən “Beş manatlıq gəlin” tamaşasındakı paltarı “Bəxtiyar”da geyinməliyəm?! Fərqli-fərqli tamaşalardır. Teatrın iki metrə parçası yoxdur ki, aktrisanın əyninə başqa bir paltar tiksin?! Tamaşaçı eyni paltarı geyindiyimi hiss etməsin deyə, başqa aktrisanın evindən gətirdiyi jaketi geyinib çıxıram səhnəyə.

Qafqazinfo

Share: