Mən sevincin unutduğu Adamam -Rasif İMANOĞLU

MƏN ÖLÜMƏ GÖZ ELƏYƏN ADAMAM
Yadıma düşmür udduğum,
Mən sevincin unutduğu,
Mən dərdin diri udduğu
Adamam.
.
Azmağa haqqı olmayan,
Qaçmağa haqqı olmayan,
Susmağa haqqı olmayan
Adamam.
.
Mən yarama duz eləyən,
Mən ölümə göz eləyən,
Demirəm ki, düz eləyən
Adamam.
YADINDAMI?
Yadındamı, qapını
Çırpıb, getdiyin gecə?
Yadındamı, üzüyü
Üzümə çırpdın necə?
.
Yadındamı, yalvardım,
Dedim belə səhv etmə,
Getməyin qaydası var,
Getsən də, belə getmə.
.
Dedim qayıdacaqsan,
Qayıtmağa üz saxla.
Qapının nə günahı?
Üzünə yavaş bağla.
.
İndi durub gəlmisən
Heç nə olmamış kimi,
Qəlbimdə çat kimisən,
Üzümdə qırış kimi.
BU NƏ YOLDU GEDİRSƏN?
Bu nə yoldu tutmusan?
Bu nə yoldu gedirsən,
Əyrisi düzündən çox?
Bu nə yoldu gedirsən?
Zibili dizə çıxıb.
Bu nə yoldu gedirsən?
Bu yol çoxunu yıxıb.
Bu nə yoldu gedirsən?
Əməlli yolçusu yox.
Yalançısı, xəbisi,
Rəzili, gopçusu çox.
Bu nə yoldu gedirsən?
Bir düz yol yaramadı?
Bu yol səni yormadı?
Vicdanını nə vaxtdan
Əyri yola satmısan?
Nə olsun, bir az vara,
Bir az pula çatmısan!
Həyəcandan, qorxudan
Bir gün rahat yatmısan?
Özün özünə düşmən,
Sən özünə yadmısan?
Bəlkə mən unutmuşam,
Sal mənim yadıma sən,
Bir kimsə qazanıbmı
Əyri yolla behişti?
Qan qusmağa namərdin
Hazır ki, qızıl teşti!
Söyləmə, demə gecdi,
Bütün aləm, el bilir
Zərərin yarısından
Qayıtmaq da xeyirdir.
Nə qədər ki, gec deyil,
Qayıt bu yoldan geri.
Kimi gördün, ötürsən,
Bu nə yoldu gedirsən?
GƏRƏK GÜLƏM DƏRDƏ MƏN
Dərd üstə dərd gəlibdir,
Dərd görmüşəm, dəlidir,
Dərd mənə çox gülübdür,
Gərək güləm dərdə mən.
.
Atmadım yana addım,
Çəkilir düzdə adım,
Mən arxa axtarmadım,
Arxa durdum mərdə mən.
.
Hər oğul olmaz tənim,
Hər kəs anlamaz məni,
Fələk çox qovdu məni,
Dönmədim namərdə mən.
BAYATILAR
İnanmıram hər saya,
Kasıbı çətin saya.
Bircə gəmimiz bizim
Oturmasın kaş saya.
.
Bəzəkdir evə pərdə,
Saxla böyüklə pərdə.
Vuruldum musiqiyə,
Möcüzədir hər pərdə.
.
Hər gülü gəl sən üzmə,
Bəxtindən də əl üzmə.
Su təmizdirsə, baş vur,
Kim deyir sənə üzmə.
.
Bu ağacın adı ud,
Sən kaman çal, mən də ud.
Arabir çıx bayıra,
Ciyərdolu hava ud.
Share: