Kitablar səltənətinin incisi: “Həyat sevgisi” şeiri

Kitablar səltənətinin incisi: “Həyat sevgisi” şeiri

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında  Mədəniyyət Konsepsiyasının icrası ilə əlaqədar həyata keçirilən “Kitablar səltənətinin inciləri” adlı mütaliə silsiləsindən izləyicilərə, nakam şair, öz yaradıcılığı ilə hər zaman qəlblərdə yaşayan Mikayıl Müşfiqin “Həyat sevgisi” şeiri təqdim olunur.

1927 – 1931-ci illərdə Azərbaycan Dövlət Universitetində (h/h BDU) dil-ədəbiyyat müəllimi ixtisası üzrə təhsil alan Mikayıl Əbdülqadir oğlu İsmayılzadə 1934-cü ildən AYB-nin üzvü olmuşdur.
Qəlbi həyat sevgisi ilə dolu olan Mikayıl Müşfiqin “Yenə o bağ olaydı”,  “Maralım”, “Oxu, tar”, “Dostlar olmasa”,  “Yaşa ürəyim”, “Qurban olduğum” və onun sözlərinə yazılmış bir çox mahnılar dövrün, zamanın sürətlə inkişaf etdiyi bir zamanda bu gün də dinlənilir, bu gün də  düşündürür və bu gün  də  sevilir. Dərin, dahiyanə şeir və poemaları sənət aləmində öz layiqli yerində vüqarla yaşamaqda olan Mikayıl Müşfiqin ən qocaman yaşı 30 yaş oldu. “Çoban”, “Mənim dostum”, “Səhər”, “Sındırılan saz”, “Buruq adamı” poemalarını və yüzlərcə şeir yazan sevgi və gözəllik tərənnümçüsü olan gənc şair 1938-ci ildə Stalin repressiyalarının qurbanı oldu. 1956-cı il mayın 23-də SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının qərarı ilə həyatı yarımçıq kəsilmiş şairə bəraət verildi.
İllər, qərinələr keçsə də, Mikayıl Müşfiq kimi yox ikən yaşayanlar olub və olacaq. Gözləri həyat dolu parlayan, saçları qapqara 30 yaşlı nakam Mikayıl Müşfiq… Gənc və müdrik!  Demə müdrikliyin yaşını bilən yoxmuş… Biz qocalacağıq, o isə hər zaman dərin, poetik, dahi bir şair olaraq yaşayacaqdır.
“Həyat sevgisi” şeirində insanın həyata bağlılığı, yaşamaq eşqi və gələcəyə ümid hissləri tərənnüm olunur. Şair bu əsərdə həyatın gözəlliyini, insanın yaşamağa və yaratmağa olan istəyini poetik və duyğulu şəkildə ifadə edir. İnsan çətinliklərə baxmayaraq həyatı sevməli, ümidini itirməməli və daim gələcəyə inamla baxmalıdır. Şeirin əsas ideyası həyatın qiymətli olduğunu və onu sevərək yaşamağın vacibliyini oxucuya çatdırmaqdır.
Yazıçı Şahzadə İldırım Mikayıl Müşfiqin “Həyat sevgisi” şeirindən bir parça poeziyasevərlərə təqdim edir və şairin sadə dildə, könül oxşayan tərzdə yazılan bütün əsərlərini oxumağı tövsiyə edir.

Şeir kitabxananın YouTube kanalında aşağıdakı keçiddə verilib:

Share: