Müharibə arxada, Dağlıq Qarabağ münaqişəsi də tarixdə qaldı

Dünən postmüharibə dönəmindəki bir illik məsafəni toplum olaraq, dövlət olaraq uğurla qət etdik və 44 günlük Vətən müharibəsinin birinci ildönümünə böyük bir mütəşəkkilliklə yekun vurduq.

Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş əsgər və zabitlərimizin, Ermənistanın xaincəsinə bombardmanları nəticəsində qətlə yetirilən mülki vətəndaşlarımızın və itkin düşmüş soydaşlarımızın xatirəsinə ehtiram əlaməti olaraq sentyabrın 27-də, Anım Günündə paytaxtda dövlət səviyyəsində möhtəşəm yürüş təşkil edildi. Yürüşə dövlətin birinci şəxsləri də qatıldı. Prezident və Ali Baş Komandan İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, eləcə də gənc kursantlar və hərbçilər Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan igidlərimizin hər birinin foto-plakatlarını əllərində tutmaqla yürüş edərək xalqın birliyinin daimi və sarsılmaz olduğunu və şəhidlərimizə ehtiramın əbədiliyini bir daha nümayiş etdirdilər. Bu yürüş milli həmrəyliyimizin bariz nümunəsi idi. Şəhidlərin əziz xatirəsi dünən bütün xalqımızı yenidən bir araya gətirdi.
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin 27 Sentyabr – Anım Günü ilə əlaqədar xalqa etdiyi müraciəti də ayrıca olaraq qeyd etməliyik. Bu müraciətində dövlət başçımız bir sıra vacib məqamlara toxundu, taleyimizi dəyişən 44 günlük savaşın səbəb və nəticələrinə, eləcə də postmüharibə dönəminin reallıqlarına bir illik zaman pəncərəsindən yanaşmaq, dəyərləndirmələr aparmaq üçün imkan yaratdı.
Bir il öncə – sentyabrın 27-də Azərbaycan Ordusu cəbhənin bütün istiqamətlərində düşmənin başlatdığı növbəti irimiqyaslı silahlı təxribat hücumlarının qarşısının alınması və ərazi bütövlüyümüzün təmin edilməsi üçün Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında, beynəlxalq hüququn tələblərinə uyğun olaraq hərbi əməliyyatlara başladı. Ermənistan tərəfindən yürüdülən işğalçılıq siyasətinə qarşı başlayan bu savaş tariximizə Vətən müharibəsi kimi yazıldı. Dövlət başçımızın tarixi qərarın qəbul olunduğu gün kimi dəyərləndirdiyi 27 sentyabr 2020-ci ildə Ermənistanın Azərbaycana qarşı hərbi təxribat törədərək bizim döyüş mövqelərimizi və yaşayış məntəqələrimizi atəşə tutduğu ilk saatlarda mülki şəxslər, hərbçilər həlak oldu. Məhz bu qanlı cinayətə cavab olaraq Azərbaycan Ordusunun genişmiqyaslı əks-hücum əməliyyatının başlanılmasına dair tarixi qərar qəbul olundu. Yəni ki, bu gün nə Ermənistanın faşist-millətçi dairələri, nədəki ermənilərə havadarlıq edən dünya gücləri real faktları bir kənara qoyub müharibəyə Azərbaycanın birinci başladığı barədə absurd iddialarla çıxış edə bilməzlər. 30 il ərzində Ermənistanın işğalçılığını görməzdən gələn qüvvələrin və beynəlxalq təşkilatların bu gün Ermənistanı məzlum tərəf kimi təqdim etməyə də mənəvi haqları yoxdur.
Əsl həqiqət ondan ibarətdir ki, Ermənistanın işğalçılıq siyasətinə son verməsi və qoşunlarını işğal etdiyi Azərbaycan ərazilərindən çıxarması barədə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnaməni n 28 il ərzində nə Ermənistan tərəfindən, nədəki BMT-nin özü tərəfindən icra edilməməsi, eləcə də münaqişənin danışıqlar yolu ilə həllində vasitəçilik missiyasını üzərinə götürən ATƏT-in Minsk Qrupunun ermənilərin işğalçılıq siyasətinin daha da möhkəmləndirilməsinə şərait yaratması Azərbaycan üçün başqa yol qoymadı və rəsmi Bakınıı bu münaqişəni hərbi-siyasi yolla həll etməyə vadar etdi. Nəticədə Azərbaycan Ordusunun “Dəmir yumruq” adı alıtnda başlatdığı 44 günlük əks-hücum əməliyyatlarının sayəsində Ermənistan ağır məğlubiyyətə uğradıldı və 10 noyabr 2020-ci ildə Rusiyanın vasitəçiliyi ilə Ermənistan rəhbərliyi kapitulyasiya sənədini – üçtərəfli Bəyanatı imzalamağa məcbur edildi. Beləliklə, 28-29 il ərzində işğal altında saxlanılaraq talan edilən torpaqlarımızda artıq bir ildir ki, üçrəngli Azərbaycan bayrağı dalğalanılır, erməni vandalları tərəfindən dağıdılmış və viran edilmiş ərazilərimizdə indi böyük bərpa-quruculuq işləri aparılır, Böyük Qayıdış üçün geniş hazırlıq tədbirləri görülür. Eləcə də yenidən bərpa olunan dövlət sərhədlərimizdə Azərbaycan əsgərləri keşik çəkir, Gorus-Qafan yolunda qurulan postlarımız nəticəsində xarici ölkələrin (xüsusən də İranın) Azərbaycan ərazilərinə qanunsuz yüklər daşımaq cəhdlərinin qarşısı müvəffəqiyyətlə alınır.
Dövlət başçımız müraciətində onu da böyük bir qürur hissilə vurğuladı ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, şəhidlərin qanı yerdə qalmadı, Azərbaycan Ordusu şəhidlərin qisasını aldı və bu gün Azərbaycan dövləti qalib dövlət kimi, Azərbaycan xalqı müzəffər xalq kimi yaşayır. Müharibə arxada qaldı, Dağlıq Qarabağ münaqişəsi də tarixdə qaldı. Bundan sonra Azərbaycanda “Dağlıq Qarabağ” adlı inzibati ərazi mövcud deyil. Prezident birmənalı olaraq bildirdi ki, “əgər kimsə “Dağlıq Qarabağ” adlı ölünü diriltmək istəyirsə, onu öz ərazisində diriltsin, öz ərazisində “Dağlıq Qarabağ” adlı qurum yaratsın, respublika yaratsın, cəmiyyət yaratsın. Ancaq Azərbaycanda yox! Bu məsələ artıq öz həllini tapdı”.
Zənnimizcə, Azərbaycan Prezidentinin bu qətiyyətli mövqeyi və mesajı “status” məsələsi ilə spekulyasiya etmək istəyən Ermənistan rəhbərliyinə də, beynəlxalq güclərə də açıq mesajdır. Ümid edək ki, məğlubiyyətin ağır yükü altında əzilən, ancaq eyni zamanda revanşist davranışlarından da əl çəkməyən Ermənistanın hərbi-siyasi rəhbərliyində təmsil olunan şəxslər Prezident İ.Əliyevin mesajlarından düzgün nəticələr çıxarmağı, rasional qərarlar qəbul etməyi bacaracaq. Ermənistan destruktiv-revanşist mövqeni və davakar ritorikanı davam etdirərsə, bunun Ermənistan üçün ağır nəticələri ola bilər. Odur ki, indiyə qədər Azərbaycana münasibətdə riyakar və ədalətsiz mövqe tutan beynəlxalq ictimaiyyət bu gün Azərbaycanın uğurlarını və Qələbəsini etiraf etməyə, müharibənin nəticələri ilə razılaşmağa məcbur olubsa, deməli, eyni addımı Ermənistan da atmalıdır. Ermənistanı idarə edən məğlublar komandası onu da nəzərə almalıdır ki, bu gün bölgədə, o cümlədən Azərbaycan-Ermənistan münasibətlərində gündəliyi formalaşdıran tərəf də məhz Azərbaycandır. İlham Əliyevin dilə gətirdiyi bu həqiqət bundan sonra Ermənistanda hələ çox müzakirə olunacaq.
Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
Share: