“Müdafiə etdiyim və uğrunda döyüşdüyüm Vətən mənə sahib çıxmadı”

”Almaniyada bir qarış nəzarətsiz və ya istifadəsiz torpaq ola bilməz, bir toyuq və ya bir heyvan xəstəlikdən ölə bilməz”

Müstəqil.Az Moderator.Az-ın bu gündən start verdiyi “Qürbətdəki məşhurlar” layihəsindəki yazını yayınlayır və bildirir ki, bu layihə çərçivəsində dünyanın müxtəlif ölkələrində yaşayan, bu və ya digər səbəbdən ölkəni tərk etmiş tanınmış azərbaycanlılarla, ictimai – siyasi xadimlərlə, mədəniyyət, səhiyyə, elm, biznes adamlarıyla müsahibələr təqdim etməyə çalışacaq.
“Qürbətdəki məşhurlar”ın ilk qonağı hazırda Almaniyada mühacir həyatı yaşayan keçmiş polis rəisi, Miqrasiya Mərkəzinin direktoru, xalq şairi Sabir Rüstəmxanlının qardaşı Əlövsət Əliyev oldu.
 
– Əlövsət bəy, necəsiniz, özünüzü qürbətdə necə hiss edirsiniz? 
– İnsan özünü tam ifadə edə bilmədiyi cəmiyyətdə yaxşı olmasını deyirsə məncə düz danışmır. Eyni zamanda ən azından həyat üçün təhlükəli olmayan şəraitdə yaşayır və yaxşı olmadığını deyirsə, yenə də düz danışmır. Dil problemim olduğuna görə özümü ifadə edə bilmədiyim üçün pis olduğum qədər, azad və təhlükəsiz bir məmləkətdə yaşadığım üçün bir o qədər yaxşıyam.
 
– Qürbətdə yaşayış necədir? O mühitə uyğunlaşa bilmisinizmi? 
– Yəqin ki, vətən və qürbət kimi anlayışlar əbədi deyil. Çünki yer kürəsi bütün insanların vətənidir. Dövlətlər müəyyən maraqlar üçün sərhədlər çəkiblər və bundan sonra vətən və qürbət kimi anlayışlar formalaşmağa başlayıb. İndi də tədricən o sərhədlər azalmaqda davam edir. Vətənində yaşayıb özünü qürbətdə və ya cəzaçəkmə müəssisəsindəki kimi hiss edən o qədər insanlar və ya həmvətənimiz var ki! İnsan özünü ifadə edə bilmədiyi, sözünə, düşüncəsinə görə təqib olunduğu, bəzən əsassız olaraq azadlıqdan məhrum edildiyi bir məmləkətə vətən deməlidir, yoxsa deməli deyil?! Bu da yəqin ki, nə zamansa müzakirə predmeti olacaq. Yerli şəraitə uyğunlaşma sahəsində proseslər  davam edir, məncə pis də getmir. Vətəndaşlıq əldə etmək  və işləmək üçün tələb olunan rəsmi imtahanlar və ya testlər mərhələsi artıq geridə qalıb.
– Ailə üzvləriniz, eləcə də siz hansı işlə məşğulsunuz indi? Necə dolanırsınız? 
– Əvvəlki cavabım həm də ailə üzvlərimə aid olan cavablar idi. Məncə, normal insanlara xoşbəxt olmaq üçün çox az şey lazımdır. Rahat yaşayış yeri, sevdikləri ilə bir arada olmaq, sevdiyi işlə məşğul olmaq. Bizim üçün bunlar həmişə olub, burada da olacağına çox az qalıb. Sevdiyimiz sahədə olmasa da artıq hamımız  ixtisasımıza uyğun işləyirik, rahat yaşayış yerimiz var, ailəmlə bir aradayam. Dolanmaq üçün mənim və ya ailə üzvlərimin heç zaman böyük tələbləri olmayıb. Hər həftə sonu və ya ayda iki dəfə ölkə daxilində edəcəyimiz səyahətlər, ildə bir dəfə isə sevdiyimiz ölkəyə ailəmlə bərabər səyahət  üçün tələb olunacaq qədər pulumuz olur və bunu qazanmaq çətin deyil.
– Siz dağ adamısınız, dağ adamları da şəhərlilərdən fərqli olaraq Vətənə, torpağa daha çox bağlı olurlar. Necə deyərlər,  bir ayaqları torpaqda olur. Vətəndən, torpaqdan, Yardımlıdan ayrı düşmək çətin deyilmi? 
– Əvvəldə dediyim kimi, hamımız yer kürəsinin üzərində yaşayırıq. Kimin harada yaşamasından asılı olmayaraq hamı torpağa bağlı olmalıdır. Amma sualınızla qismən razıyam. Məncə bütün insanlar ərazisində yaşadıqları və böyüdükləri məkanı sevməli, onu qorumalıdır. Hər bir şəxs həm də üzərində böyüdüyü torpağa bənzəyir. Azərbaycan vətəndaşları mənə daha çox fiziki xəstəlikdən əziyyət çəkən insanları xatırladır. Fiziki xəstəlikdən əziyyət çəkənlər həyata duyduqları sevgini yavaş-yavaş itirməyə başladıqları kimi, Azərbaycan vətəndaşları da Azərbaycana olan sevgini  beləcə  itirməkdədirlər. Mən Azərbaycanda da kənddə yaşayırdım. Hər gün həyətdə əkirdim, budayırdım, becərirdim, amma yığdığımız və yediyimiz məhsul zəhmətimizə uyğun olmurdu. Çünki qaydasını bilmirdik. Almaniya Azərbaycandan tam fərqli məkandır. Almaniyada bir qarış nəzarətsiz və ya istifadəsiz torpaq ola bilməz, bir toyuq və ya bir heyvan xəstəlikdən ölə bilməz. Azərbaycanda isə şoran torpaqlar və ya şoranlıq təkcə məhsuldarlığı deyil, içərisində yaşadığımız evlərin də daş divarlarını yeməkdə davam edir. Azərbaycanda bir sıra sahibkarlar istisna olmaqla torpağa və vətənə bağlı adamlar çox azdır. Torpağa bağlı vətəndaşları çoxluq təşkil edən ölkədə  torpaqlarının az qala 60 faizini əkinə yararsız və şoranlaşmış torpaqlar əhatə edə bilməz. Niderland krallığı dəniz və okean sularını qurudaraq quru ərazilərini artırır, yaşayış məntəqələrini genişləndirirlər. Azərbaycanda isə torpaqların kütləvi şoranlaşması davam edir.  Burada da həftə sonları, qeyri iş günləri meşə və dağlıq  ərazilərə səfər etməyi çox sevirəm. Təbii ki, bu Yardımlının, İsmayıllının, Şəkinin, Qusarın, Xızı dağlarının, Şamaxının  ləzzətini çıxarmaq cəhdi ilə bağlıdır. Həm də hələ ki, inteqrasiya proqramları davam etdiyindən özümü tələbə statusunda hiss edirəm. Bəlkə də darıxmaq mərhələsi də hansısa mərhələdə  başlayacaq.
– Qarşıdan torpağın, daşın, suyun, çayın oyandığı bahar fəsli gəlir. Baharda insan daha çox darıxır nədənsə, doğulduğu torpaqlara can atır. Düzünü deyin, baharı hiss etdikcə darıxırsınızmı? Darıxırsınızsa, daha çox kimdən və nədən ötrü? 
– Uzaqdan elə görünür ki, hakimiyyətin müxalif düşüncə sahiblərinə, o cümlədən insanın insana  bəslədiyi düşmənçilik hisləri ucbatından Azərbaycan dağılma və parçalanma təhdidi altındadır. Baharı hiss etdikcə həm də vətəndaşına münasibətdə az qala düşmən kəsilən iqtidarın dəyişməsinin zəruriliyindən düşünürəm. Baharın gəlişi ilə bağlı isə tədbirlər nəzərdə tutmuşuq. 500 nəfərlik bir bayram tədbiri hazırlayırıq. Orada uşaqlara və həmvətənlərimizə bəxş edəcəyimiz sevinc bizə ruh verir.
– Milli mətbəximizin həsrətin çəkmirsiniz ki, yoxsa Avropa yeməkləri sizi qane edir? 
– Biz Avropaya milli mətbəximizlə birlikdə gəlmişik. Daha doğrusu, yaşayış yerimizi dəyişmişik, adətlərimizi və ənənələrimizi dəyişməmişik. Özümüzlə heç Azərbaycanda çoxunun evində olmayan “dobı” (piti bişirmək üçün qab) da gətirmişik.
– Avropaya gedəndən sonra qohumların, dostların sizə qarşı münasibətləri dəyişdimi? Mənfi və ya müsbət mənada.
– Azərbaycanda bəzi dostlarımla milli-mənəvi dəyərləri tez-tez müzakirə edirdik. Azərbaycanda qohumluq münasibətlərini də bəzi dostlar milli dəyər kimi qiymətləndirirdilər. Amma bu hakimiyyət qohumluqdan imtina qaydasını da işləyib hazırladı və bu artıq bir ənənəyə çevrilmək üzrədir. Yaxşı ki bu ənənələrə bizim yaxın qohumlardan qoşulan olmayıb. Bütün yaxın qohumlarımla əlaqələrim var, tez-tez bizə baş çəkirlər və hər birindən çox razıyam.
– Ora getdiyiniz günü qaytarmaq mümkün olsaydı yenə də mühacir həyatını tərcih edərdiniz, yoxsa Vətəndə qalmağı? 
– İmkan olan kimi Azərbaycana qayıdacağam və fəaliyyətimi davam etdirəcəyəm.
– Avropa, Amerika, ümumiyyətlə xaricə getmək, orada təhsil alıb, savadlı kadr kimi yetişib Vətənə qayıtmaq, yoxsa ki, elə ordaca qalıb yaşamaq və xeyiri də onlara vermək. Hansını seçərdiniz, daha doğrusu, tövsiyyə edərdiniz?
-Yaşayış yerini hər kəs özü sərbəst olaraq seçməlidir. Oxumaq və çalışmaq da eynən belədir. Dünya hazırda istedadlı mütəxəssislərin  işə cəlb olunması üçün bütün vasitələrdən istifadə edir. Mükəmməl biliyə və istedada malik olan insanlara ölkələr sadələşmiş qaydada öz vətəndaşlığını verir. Onları ölkənin idarə olunmasına və ya inkişafına təkan verəcək işlə təmin edirlər. Azərbaycan isə Harvardı qurtaran gəncləri belə işlə təmin etmir, onları həbslə hədələyir və ya həbs edir, bəzən isə ölkədən didərgin salır. Ona görə də Azərbaycan vətəndaşının harada və hansı təhsil ocağında təhsil almasının o qədər də əhəmiyyəti yoxdur. İdarəçilik elə qurulub ki, savadlı insanlar demokratik idarəçilik formaları üçün daha təhlükəlidirlər.
 
– İndi verəcəyim sualı cavablarkən daha çox səmimi olmağınızı xahiş edirəm. Əlövsət Əliyevin indi ən böyük arzusu kiminlə bağlıdır və ya nədir? 
– Bu sualın səmimi cavab belədir, ən boyük istəyim cox sürətlə alman cəmiyyətinə interasiya olunmaq, ixtisasıma uyğun olaraq fəaliyyətimə başlamaq, ehtiyacı olan insanlar uçun burada da faydalı birinə çevrilməyə nail olmaqdır. Yəni darıxmaqla bağlı damarları kəsmişəm, ona cəhd etməyin.
– Demək ki, darıxmağın yanğısı o qədər ağır idi və siz çarəni həmin damarları kəsməkdə gördünüz…
– Əla ifadə etdiniz və bəyəndim. İnanın ki, Vətən haqqında yazdıqlarım tam səmimidir. Vətən- vətəndaşlıq ikitərəfli hüquqi və siyasi münasibətdir. Vətən səni himayə edir, sən də onu qoruyursan və sevirsən. Mənim müdafiə etdiyim və uğrunda döyüşdüyüm Vətən mənə sahib çıxmadı. Mən indi yalnız onun azad olunmasını istəyirəm.
– Çox sağ olun səmimi cavablara görə. Bilmirəm ki, belə məqamda nə arzulamaq daha uyğun olar. Ancaq sizə vətən həsrətinizin bitməsini arzu edirəm. Və inşaallah növbəti müsahibəmizi elə vətəndəcə, üzbəüz etmək arzusu ilə sizinlə sağollaşıram.
Rumiyyə MİRASLAN 

Share: