Güllələrin səsi həyatın şirinliyini hamıya xatırlatdı…

Rövşən Yerfinin “Mənim gündəliklərim”in dördüncü hissəsi
(1990-cı il, yanvar)

(əvvəlki hissələr birlikdə: https://rovshenyerfi.wordpress.com/2018/01/23/rovsen-yerfi-menim-gundeliklerim-1987-1989-cu-iller/)

1990-cı il ilk günündən gərginliklə başlamışdı. Bir gün əvvəldən – 89-cu ilin son günündən Naxçıvan əyaləti boyunca SSRİ və İran arasındakı sərhəd dirəkləri dağıdılmış, tikanlı məftillər sökülmüş, sərhəd nəzarəti pozulmuşdu. Tarixdə görünməyən hadisə baş vermişdi. Bu necə baş vermişdi, əsl niyyət nə idi? Düzdür, mətbuatda işin səbəbkarı Xalq Cəbhəsinin fəalları göstərilirdi. Amma necə oldu ki, SSRİ boyda dövlətin sərhəd mühafizəsi hadisənin törədilməsinə imkan verdi, olanlara kənarda durub laqeydcəsinə baxdı? Çox müəmmalı idi. Ardınca sonrakı günlərdə bir neçə rayonda Xalq Cəbhəsinin aktivləri xalqın adından mitinqlər təşkil edərək raykomları rayondan çıxarıb, yerlərinə öz adamlarını təyin etdilər. Respublikada qarşısı alınmaz xaos, hakimiyyətsizlik başlanmışdı. Hiss olunurdu ki, hadisələrin sonu yaxşı qurtarmayacaq. Mərkəzdən – Moskvadan göstərilən dözümlülük bir gün xoş olmayan dözümsüzlüklə nəticələnəcəkdi. Hələlik bu baş verənlər isə hazırlıq gedən ağır nəticə üçün zəmin yaratmaqdan ötrü idi.
Yanvarın 12-dən sonra keçirilən bütün tədbirlərdə respublikanın rəhbəri sayılan Əbdürrəhman Vəzirovun istefaya getməsi tələblərinin səslənməsi artmışdı. İddia olunurdu ki, o, respublikanı idarə edə bilmir, işinin öhdəsindən gələ bilmədiyi üçün vəzifəsindən azad olunmalıdır.
Bakıda yaşayan ermənilərin əksər hissəsi köçüb getsə də, köçmək istəməyən, azlıqda qalan erməni ailələrinə qarşı KQB-nin təşkil etdiyi adamlar tərəfindən təzyiqlər və talanlar edilirdi. Onları qorxutmağa, öldürməyə cəhdlər göstərib törədilən çaxnaşmalar fonunda Sumqayıt hadisələrinin oxşarının Bakıda da olmasını istəyirdilər.
Yanvarın 13-də saat 15.30-dan 17.30-dək Azadlıq meydanında növbəti izdihamlı mitinqi keçirildi. Mitinqdə Azərbaycan Xalq Cəbhəsinin natiqləri Milli Müdafiə Şurasının yaradılmasını elan etdilər. Etibar Məmmədov, Əbülfəz Əliyev, Nemət Pənahov və bir çoxları çıxışlar etdi. İlk dəfə olataq kütləyə silahlanmanın zəruriliyindən danışıldı. Nemət Pənahov işlədiyi (leytenant Şmidt, sonralar isə Səttarxan adına zavod adlandırıldı) zavodda ermənilərlə döyüşdə istifadə etmək üçün hazırlanan atıcı silahlar barədə məlumat verdi. Bunu gizli saxlamaq olmazdımı? Kütləyə çatdırmaqda məqsəd nə idi, bilmədik.
Səhəri gündən ermənilərin torpaq iddiaları ilə bağlı təhdidlərinə biganə münasibətlə əlaqədar şəhərin başqa yerlərində də kütləvi etiraz aksiyaları başlandı. 15 yanvarda isə  SSRİ Ali Soveti tərəfindən Azərbaycan və Ermənistanın sərhədyanı rayonlarında, Dağlıq Qarabağı əhatə edən şəhərlərdə fövqəladə vəziyyət elan edildi.
18 yanvarda eşitdim ki, əsas mitinq daha Azadlıq meydanında deyil, Mərkəzi Komitənin (indiki Prezident Aparatının) qarşısında olur. Saat beşə yaxın işdən çıxıb iş yoldaşlarımla mən də bura gəldim. Adamın çoxluğundan maşın yolu tutulmuşdu. İzdıhamın bir ucu binanın önündəki küçənin yoxuşunadək uzanırdı, digər ucu Filarmoniyanın divarlarına, İncəsənət muzeyinin qarşısına çatırdı. Sıxlıqdan irəli getmək mümkün deyildi. Filarmoniyanın divarına sığınıb qaldıq. Deyiənə görə izdihamın önündə, pilləkənlər tərəfdə Vəzirov üçün simvolik dar ağacı da qurulubmuş. Ona möhlət verilib, təcili istefa tələb edilib. Çıxış edənlər həmişə gördüyümüz, adət etdiyimiz natiqlər olduğundan adlarını gündəliyimdə qeyd etməyə tənbəllik etmişəm.
Gecə 22.45-də izdihamdan ayrılıb metroya getmiş, yataqxanadakı otağıma qayıtmışdım. O zaman 8-ci kilometrdə yox, bir neçə həftəlik Əhmədli qəsəbəsinin başlanğıcında, “Xalqlar dostluğu” metrostansiyasından bir dayanacaq aralı məhəlləfdə yerləşən yataqxanada, dostumun otağında qalırdım.
Sabahı – 19 yanvarda da mitinqin davam edəcəyi məlum idi. Həmin gün qısa iş günü olduğu üçün iş yoldaşlarımla dünənki yerimizə daha tez gəlmişdik. Saat 4-dən Filarmoniyanın eyvanı qarşısında durub yenidən çıxışları izləməyə başladıq. Çıxışlardan belə məlum oldu ki, Moskvadan Primakov və digərləri Xalq Cəbhəsinin adamları ilə danışıqlara gəliblər. Söz verirlər ki, xüsusi təyinatlı Sovet Ordusu hissələri şəhərə daxil olmayacaqlar, amma bunlara inanmaq ağılsızlıqdır. Şəhərin bütün girəcək yollarında – Biləcəri, Salyan, Aeroport, Zığ istiqamətlərində küçələrə çıxmaq, yolları kəsmək, lazım gələrsə barrikadalar qurmaq gərəkdir. İmkan vermək olmaz ki, qoşunlar şəhərə daxil olub şəhəri işğal etsinlər.
Bu arada Salyan kazarması və XI Qızıl Ordu (indiki 20 Yanvar) meydanı tərəfdə yığışanların sayını artırmaq üçün könüllülər dəvət edilirdi. Bu könüllüləri həmin yerlərə aparmaqdan ötrü “Bakı Soveti” (indiki “İçərişəhər”) metrostansiyasının yaxınlığında hazır avtobuslar dayanmışdı. Mənə mərkəzdə olmaq daha maraqlı idi, ona görə də çağırış edilən yerlərə getmək istəmədim. Daimi fəallardan yadımda qalan Etibar Məmmədovun axşam televiziya ilə xalqa müraciət edəcəyini deməsidir. Bildirmişdi ki, müraciətində hazırkı vəziyyətin siyasi mənzərəsini xalqa çatdıracaq.
Ağlıkəsən hər kəsə aydın idi ki, mövcud qarşıdurma Moskvanın idarəetmə qaydalarına açıq-aşkar etirazdır. Və bu etirazı Moskva heç vaxt qəbul etməyəcək, xalqın tələbi ilə razılaşmayacaqdı. Buna baxmayaraq məsələnin gərginləşməsi elə bil, hər iki tərəfə sərf edirdi. Xalq cəbhəsi fəalları necə olur-olsun Vəzirovun hakimiyyətdən getməsində, Moskva tərəf isə daha çox bəhanələr əldə etməklə qoşunları Bakıya yeridib xalqın dikbaşlığını yetərincə cəzalandırmaqda maraqlı idi.
Yeri gəlmişkən, 19 yanvarda baş vermiş daha bir qeyri-adi hadisəni xatırlatmaq istəyirəm. Doğrudur, bu hadisə haqqında bir neçə gün sonra “Azadlıq radiosu”ndan eşitmişdim. Demək, 19 yanvar 1990-cı ildə Naxçıvanda iyirmi gün əvvəl sərhəd rejiminin pozulması sayaq SSRİ tarixində daha bir görünməyən hadisə baş vermişdi. Yaranmış ictimai-siyasi vəziyyəti nəzərə alan yerli Ali Sovet Naxçıvan Muxtar Respublikasının SSRİ tərkibindən çıxdığını, müstəqilliyini elan etmişdi. Çox maraqlıdı, necə olmuşdu ki, 20 yanvar faciəsindən əvvəl, məhz 19 yanvarda, Naxçıvan Ali Soveti bu bəyanatın verilməsini zəruri saymışdı?..
Qayıdaq 19 yanvar, axşamüstü Mərkəzi Komitənin qarşısına – natiqlərin odlu-alovlu çıxışlarının, “Qa-ra-bağ”, “Vəziryana istefa” şüarlarının ardı-arası kəsilmirdi. İki saata qədər idi Filarmoniyanın divarına söykənib çıxışları dinləyirdim, qəfildən başımda kəskin ağrı hiss etdim. Elə bir ağrı ki, alnım hərarətdən yanırdı. Ağrının təsiri getdikcə beynimin içərilərinə yayılırdı. Ətrafımdakı yoldaşlardan baş ağrısı üçün dərman da tapıb atdım, ancaq xeyri olmadı. Baş ağrısı tamam əhvalımı korladığından daha mitinqdə dayana bilmədim. Hava qaralana yaxın, saat 7-yə işləyəndə məcbur olub, metro ilə “Xalqlar dostluğu”na, oradan da yataqxanaya gəldim. Yataqxanaya çatanda hava tam qaralmış, saat 7 tamam olmuşdu. “Bakı Soveti”nin qarşısında olduğu sayaq yataqxananın həyətində də bir neçə avtobus dayanıb gəncləri qoşunların qarşısını kəsmək üçün toplanmış adamlara köməyə getməyə səsləyirdilər.
Mən otağa girib tez özümə çay-çörək hazırladım, bəlkə isti çay başımın ağrısını azalda. Otaq yoldaşım – dostum rayona getdiyi üçün iki gün idi tək qalırdım. Kiçik, təqribən balaca kitab ölçüsündə radiom vardı, otaqda olduğum zaman daim elektrik cərəyanına qoşulu olardı. “Araz radiosu”na, ya da musiqi yayımlayan digər radiostansiyaya çevirib yatanda da söndürməzdim, musiqi dinləyə yatardım. “Dan ulduzu” ansamblı, Elza İbrahimovanın musiqisi, Flora Kərimovanın səsi ən çox sevdiklərim idi.
Adətim üzrə yenə radionu qoşdum. Əlimə keçəndən yeyib çarpayıma uzandım  ki, başımın ağrısı səngisin. Bir az keçdi radio nədənsə susdu. Cihazın çox ora-burasını qurdaladım, səsin nədən kəsildiyini bilmədim. Yenə hansısa ümidlə onu cərəyana qoşulu saxladım.
Heç demə, həmin radələrdə Dövlət Televiziya və radiosunun enerji bloku rus hərbçilərinin əli ilə partladılıbmış. Ona görə də bütün respublikada Bakıdan verilən televiziya və radio yayımı dayanıbmış.
Saat ona yaxın otağın işığı yanılı, paltarla çarpayıda uzanılı məni yuxu aparıb, dünyadan xəbərsiz yatmışam. Üç saat keçmiş radiodan gələn səsə ayıldım. Saata baxdım, 01.15-i göstərirdi. Radiodan orta yaşlı, hüznlü kişi səsi gəlirdi: “…qoşunlar Bakıya daxil olub. Şəhər sakinlərindən xahiş olunur ki, küçələrə çıxıb etirazlarını bildirsinlər…” Fasilələrlə təkrarlanan SOS siqnalına bənzəyən, təxminən bu mövzuda müraciət yayımlanırdı.
Görəsən şəhərdə vəziyyə nə yerdədir? Düşündüm və bir xəbər öyrənmək üçün əvvəlcə qonşu otaqların qapılarını döydüm. Əksər otaqlarda kimsə yox idi, mənə cavab verən olmadı. Daha başım ağrımırdı, ağrısı dayanmışdı. Əynimi geyinib olduğum dördüncü mərtəbədən birinciyə endim. Birinci mərtəbədə girişdə yataqxana növbətçisinin otağı vardı. Bu gecə növbədə yaşlı bir rus qadını idi. Mən ora yaxınlaşanda, o, telefonla kimləsə təşvişlə danışırdı.
– Şəhərdə vəziyyət necədir? – Mən ondan soruşdum.
-Vəziyyət çox pisdir, – o, mənə həyəcanla cavab verdi. -Qoşunlar şəhərə girib, atəş açıblar. Saysız-hesabsız ölən, yaralanan var. Qayıt otağına, çıxma bayıra!
-Şəhərin mərkəzində də atəş açıblarmı?
-Bilmirəm. Telefon işləmir, yalnız yaxın yerlərlə danışmaq mümkündür.
Belə xəbərdən sonra nəsə öyrənməmiş otağa qayıda bilməzdim. Onu dinləməyib, qapını açıb çölə çıxdm.
-Hara gedirsən, getmə!
-Həyətə çıxıram.
-Uzağa getmə ha… – arxamca çığırdı.
Mən yataqxanadan çıxıb yaxınlıqdakı əsas küçəyə gəldim. Bütün məhəllə parakəndə halda küçədə qalanan tonqalların ətrafındaydı. Gecə saat iki tamama az qalsa da, heç kəs yatmamışdı, hamı oyaq idi. Küçənin relyefi şəhərin mərkəzinə nisbətən hündürlükdəydi və o zaman şəhərə sarı istiqamət boşluq idi, indiki kimi iri, hündürmərtəbəli göydələnlər yox idi. Uzaqdan şəhərin mərkəzinin işıqlarını tutqun da olsa müəyyən etmək olurdu. Mərkəz tərəfdən qatmaqarışıq uğultu səsi gəlirdi və səmada ağ işıqlar qarışıq xəttlər çəkirdi. Kimisi bu xəttlərin fişənglər, kimisi də işıqsaçan güllələr olduğunu deyirdi.
Adamlar hüzn və kədər içində nə edəcəklərini bilmirdilər. Məlum olan bu idi ki, şəhərin müxtəlif yerlərində sayı bilinməyən ölən və yaralananlar var. Küçə ilə aşağı enib indiki Məhəmməd Hadi prospektinə düşdüm. Bu prospektdə yolun bir tərəfi “Xalqlar dostluğu”na, digər tərəfi Ukrayna meydanına gedir. Adamlar burada da yolun kənarında tonqallar qalayıb oturmuşdular. Gündüz maşınla dolu yollar indi bomboş idi. Hərdənbir sürətlə şütüyən minik maşınları görünürdü. Onların da çoxusu “Xalqlar dostluğu” sarıdan gəlib Ukrayna meydanı istiqamətində gedirdilər.
Həyəcanından var-gəl edənlərdən biri təklif etdi ki, gəlin piyada “Neftçilər” metrosuna gedək, orada toplaşanlara kömək olaq. Getsəydilər, mən də qoşulacaqdım, amma heç kim ona dəstək vermədi: “Gedib neyləyəcəyik? Boş yerə getməyin nə mənası var?”
Yoldan keçən maşınları saxladıb soruşulan xəbərlərdən həyəcan artmaqda davam edirdi. Hamı şəhərin müxtəlif yerlərində ölənlərin və yaralananların çox olduğunu deyirdi. Nəhayət saat dördün yarısına yaxın yoldan keçən maşınların birindən düşən bir orta yaşlı kişi ətrafdakı adamlara yalvarışla haray etdi:
-Ay camaat, dayanmayın burada, çıxın gedin evinizə. Bu vəhşilər milləti qıra-qıra gəlirlər. Gəlib çatıblar “Neftçilər”ə, uzağı yarım saata bura gəlib çıxacaqlar. Qarşılarına kim çıxsa, öldürürlər, dayanmayın burada, gedin evinizə…
Faciənin nə qədər ciddi olduğunu duyan adamlar daha etiraz etməyib dağılışmağa başladılar. Naəlac qalıb içimdə dərin nifrət hissi ilə mən də yataqxanaya, otağıma qayıtdım.
Otağına daxil olub işığı yandırmaq istəyirdim, məhəlləyə daxil olan tanka bənzər təkərli zirehli maşınların səsini eşitdim. Hərəsinin üstündə əlində avtomat oturmuş işğalçı əsgər aralarında 20-30 metr məsafə saxlamaqla ard-ardınca yataqxananın önündən keçməyə başladılar. Əgər dördüncü mərtəbədən pəncərəni açıb nəsə atsaydım, düz başlarına düşəcəkdi. İstədim kinolardakı kimi nəsə ağır bir şey tapıb, onlardan biri pəncərənin altından keçəndə başına atam. Az qala, şeytan ağlımı alacaqdı, amma “bununla nə dəyişəcək” düşündüyümdən başqa bir qorxu hissi məni saxladı. Gücüm onlara adicə qəzəblə baxmağa çatdı.
Saat 4 tamam olmuşdu. Gecə 00.00-da başlayan hücumla işğalçılar 4 saata demək olar ki, şəhəri tamlıqla zəbt etmişdilər. Çarpayıma uzansam da, içimdə olan ağırlıqdan, qəmdən səhərədək gözümə yuxu getmədi.
Saat 6-da cərəyana qoşulu radiomdan yenə səs gəldi. Rus və azərbaycan dillərində fasilələrlə Bakı şəhər komendantı Dubinyakın şəhərdə fövqaladə vəziyyət və komendant saatı elan olunması haqqında əmri oxunmağa başlandı. Əclaflar xalqı qırandan sonra qayda-qanuna əməl etməyə çağırırdılar…
Səhəri günü bu azğın canilərin insanları necə insafsızcasına öldürmələrini görəndə ürəyimdə şükür etdim ki, nə yaxşı, pəncərədən qaniçənlərin başına heç nə atmadım. Avtomatı çevirib bütün beş mərtəbəni gülləbaran edərdilər. Özüm bir yana, onlarla günahsız adamın ölümünə səbəb olardım.
Eyni zamanda saat 5-dən başlayan güclü baş ağrısının gecə 1-dən sonra dayanması da mənə qəribə gəldi. Qəfil baş ağrısı olmasaydı 17 noyabrda olduğu kimi o gecə də yataqxanaya getməyəcəkdim. Adamlara qoşulub Mərkəzi Komitənin qarşısında qalacaqdım, Allah bilir başıma nələr gələcəkdi. İzdihamdan ayrılıb təhlükəsiz qalmağım üçün o ağrını yetirməklə məni qoruyan, bəlkə də, anamın ruhu idi…
İşə getmək və şəhərdə baş verənlərdən xəbər tutmaq, vəziyyəti öz gözlərimlə görmək üçün saat 8.30-da yataqxanadan çıxdım. Narahatlıq içindəydim. İlk növbədə şəhərin daxilində yaşayan iş yoldaşlarımı, dostlarımı düşünürdüm: görəsən hamısı salamatdımı? İçərilərində zərərçəkən oldumu?
Avtobus dayanacağına gəldim. Heç bir marşurut işləmirdi. Adamlar yollar, küçələr boyu piyada yeriyirdilər. Mən də adamlara qoşulub “Xalqlar dostluğu” metrostansiyasına qədər ayaqla gəldim. Nə yaxşı ki, metro işləyirdi. Belə çıxırdı ki, şəhərdə metrodan savayı heç bir nəqliyyat işləmir. Eşitdim ki, metro işçiləri ötən gecəni dayanmadan işləyiblər, güllələrdən yayınanların, yaralıların daşınmasına kömək ediblər.
Saat 10-da “Bakı Soveti” stansiyasına çatdım. Nəqliyyat işləmədiyi üçün yəqin ki, iş yerim yerləşən Bayıla heç cürə gedə bilməyəcəkdim. Şəhərdə hamının çöhrəsinə hüzn və matəm çökdüyündən hər hansı iş barəsində düşünməyin də vaxtı deyildi. Mənim isə metrodan çıxıb Filarmoniyaya sarı dönməyimdə məqsədim ən azından dünən gəldiyim yeri – Mərkəzi Komitənin qarşısının nə vəziyyətdə olduğunu görmək idi. Dünənki avtobusların yerində sifətlərindən yaramazlıq yağan, əlləri silahlı, qalxanlı hərbçilər və bir xeyli tırtıllı “beteer”lər dayanmışdılar. Hər tərəf adamla dolu idi. Hərbçilər Filarmoniyanın qarşısında yolu kəsib adamları etiraz uğultusu gələn izdihama,  Mərkəzi Komitənin önünə buraxmırdılar. Belə olanda biraz geri qayıdıb, binaların arasındakı dalanla Mərkəzi Komitənin solundakı həyətə (indiki parka), oradan da binanın qarşısına keçdim. Dünənkindən az olsa da, yolun dönən yerindən başlayaraq ön küçənin yoxuşanadək böyük izdiham vardı. Yol tərəfdən izdihamı hərbçilər əhatəyə almışdılar, bura yeni qatılmaq istəyənlərə imkan vermirdilər.
İnsanlar kədərli, şok keçirmiş vəziyyətində idilər. Onlar üçün sanki, dünyanın axırı gəlmişdi, daha bundan o yanası yox idi. Gözlərdən, baxışlardan nifrinlər, qəzəb, sonsuz kədər, ümidsizlik yağırdı. Dəhşətli cansıxıcı bir vəziyyət idi. 1918-ci il mart qırğınlarından sonra xalq heç vaxt belə sındırıldığını görməmişdi. Növbəti dəfə ondan “çaşmasının”, öz hüququnun istəməsinin heyfini çıxmışdılar. “Həddini bilmək, yerini tanımaq üçün” sərt cəzalandırılırdı.
Mərkəzi Komitənin pilləkənlərinin divarlarına rus və ingilis dillərində Qorbaçov və ordunu lənətləyən böyük hərflərlə şüarlar yazmışdılar. Öyrəndim ki, adamlar gecə saat 12-də hərbçilərin verdiyi əmrə qulaq asmayıb oranı boşaltmamışlar. “Əgər qıracaqsızsa, qırın elə burada da ölək”, – demişlər. Belə olanda hərbçilər onları əhatəyə almaqla kifayətlənmişlər.
Ziyalılardan, tanınmışlardan pilləkənlərin ən yüksək yerində dayanıb əlində səsucaldan kütləyə müraciətlə çıxış edənlər də vardı. Təəssüf ki, artıq onların adlarını unutmuşam. Saatlar keçdikcə Filarmoniya tərəfdən izdihama qoşulmaq istəyənlər çoxalırdı. Heç bir kütləvi informasiya, normal rabitə vasitəsi işləmədiyindən adamlar məlumatlanmaq, dərdlərini bölüşmək istəyirdilər. Şəhərdə həyatla bağlı əksər sahələr iflic vəziyyətinə düşmüşdü.
Bu arada yolda durmuş hərbçilərlə mülki adamlar arasında qarşıdurma yarandı. Yoldakı “beteer”lərdən biri adamların üstünə yeridi. Deyəsən bir nəfər onun altında qaldı. Kütlədən nifrət dolu nida qopdu. Qəzəblənmiş adamlar hərbçilərin üstünə axışdı. Adamların reaksiyasını görən hərbçilər izdihamı dayandırmaq, qorxutmaq üçün başları üstündən havaya bir neçə güllə atdılar. İzdihamda bir pərən-pərənlik yaşandı. “Öldürün bizi burda”, – desələr də, güllələrin səsi həyatın şirinliyini hamıya xatırlatdı. Yoxuş tərəfdə qaçhaqaç başladı. Bir xeylisi arxasına baxmadan, nəfəsi çıxa-çıxa qaçırdı. Səsucaldanla kütləyə nəzarət etmək istəyən şəxs hamını sakitliyə çağırdı:
-Ay camaat, qorxmayın, dayanın, qaçmayın! Bu işğalçılara baş qoşmayın. Sakit olun, eşidirsiz, sakit olun! Onlar elə bizim qorxmağımızı, qaçmağımızı, buranı boşaltmağımızı istəyirlər. Bizsə onlara göstərməli, sübut etməliyik ki, biz nə onlardan, nə də ölümdən qorxmuruq!..
Onun sözünü eşidən qaçanlar dayanıb öz yerlərinə qayıtdılar. Haradansa tez “Təcili yardım” maşını gəldi, “beteer”in altında qalanı maşına uzadıb apardılar. Bilmədim zavallı sağ idi, yoxsa ölmüşdü…

     (ardı olacaq)  
 

Share: