Mövludun intihar səbəbi…

Tanrının “Yarımçıq əlyazma”sı

Bu gün Mövludu anmaq üçün toplanmışdıq. Aynur xanımın təklifi ilə əslində bu pozitiv, səmimi, deyən-gülən və düşdüyü yerdə fərqli bir ovqat yaratmağı bacaran gənclə bağlı xatirələrdən, Mövludun anlarından danışıldı.

Nə hiss etdim? Birdən-birə tam mənası ilə anladım ki, Mövlud və tanıdığımız işıqlı insanlar bizim onları görə bilməyəcəyimiz yerdə sap-sağlamdırlar: yox, bunu hansısa dini-mistik nəzəriyyə ilə düşünmədim, sadəcə, hiss elədim.

Ətrafımızdakı işıqlı adamlar bizi vaxtsız tərk etdikcə bizim işığımız da azalır: qaranlığa düşürük, kor oluruq. Bəlkə də həmin adamla (adamlarla) gündəlik ünsiyyətdə bunu hiss etmirik, necə ki, gündüzün işığına görə hər dəfə başımızı qaldırıb günəşə təşəkkür etmək ağlımızdan keçmir. Yalnız gün batanda, ya da gündüzün günorta vaxtı qara bulud üstümüzə qaramatını sallayanda Günəş yadımıza düşür, onun olmadığını dərindən hiss edirik, onun həsrətini çəkirik.

İşıqlı adamlar da eləcədir – onlar gedəndən sonra qaramatların qaranlığında onların həsrətini çəkirik.

Hə, Mövlud işıqlı adam idi. O getdi, işıq azaldı və biz işığın azaldığını hiss edib, qaranlıqda onu axtarmağa başladıq.

Niyə özünə qıydı?

Onunla yaş fərqimiz böyükdür, həm də Mövludu tanıyanda artıq mənim tam fərqli bir həyat rejimim başlamışdı, kimisə yaxından tanımaq, onunla xatirələr toplamaq gücündə deyildim: xatirələrimi zorla daşıyıram, gerisinə gücüm yoxdur. Ancaq bu işığı itirəndən sonra onun yaxın çevrəsini və ümumiyyətlə, gəncliyi, daha doğrusu, ədəbi mühiti müşahidə cəhdim yaranıb.

Daha səmimi desəm, bu müşahidə “gözümə dürtülür”, görməmək üçün gözü yummaq da kifayət etmir.

Bir ay olar Ömər Xəyyam depressiyadan əziyyət çəkdiyini deyir, işə gəlmir, işləyə bilmir, mövcud olmağı bacarmır sanki. Kəramət də elədir – Böyükçölü deyirəm. İki-üç gün əvvəl ərklə dedim ki, yoxsan (yazılarının olmaması mənasında), dedi, dəhşətli depressiyadayam, yorğanın altından başımı çıxartmaq istəmirəm…

Gənclərin böyük əksəri belədir. Təkcə gənclərmi? Bakını atıb İstanbula, Tiflisə, Qazağa… qaçanlar da nə etdiklərini bilməyən yazarlardır.

Böyük ehtimal, özlərini realizə edə bilməməkdən doğur bu. Onlar özlərini ədəbiyyata, sözə çevirə bilmirlər.

Mövlud da bu cür depressiyanınmı güdazına getdi?

Düşünmürəm. Və ümumiyyətlə, məncə, Mövlud yazar deyildi, roman idi – Allahın yazdığı roman: hamının oxumaq istədiyi yarımçıq qalan roman.

Bu gün onunla bağlı xatirələrdə də hiss etdim ki, hər kəs Mövluddan oxuduğu bir parçanı danışır, bu romandan hissələri bir-birinə çatdırır. Yəqin ki, Mövludu yaşadan həm də budur – maraqlı, oxunmalı, yarımçıq qalan əsər…

Hə, əlbəttə, Tanrının əsəridir. Bəs, Tanrı bu romanı niyə yarımçıq qoydu?

Tanrı ümumiyyətlə, bu cür romanları niyə yarımçıq qoyur?

Lev Tolstoy deyirdi ki, Anna Kareninanı öldürmək niyyətində deyildim, o özü gedib girdi qatarın altına.

Onun səmimiyyətinə inanıram, inanıram ki, doğrudan da elə olub.

Əgər Allahdan soruşmaq fürsətimiz olsaydı, yəqin O da eyni şeyi deyəcəkdi. Ki, bu romanımda Mövludu öldürmək niyyətində deyildim.

Mövlud ona görə istedadlı adam idi ki, o, hətta Tanrının yazdığı romanın finalını Onun əlindən almağa qalxdı.

Amma nöqtə qoya bilmədi, çünki Yaradıcının əlindən qələmi almaq mümkün deyil: Yazan da, pozan da Odur!

Baxın, Tanrı Mövlud romanını hələ də və necə ustalıqla davam etdirir – həm də onsuz, həm də hiss edilmədən…

Qeyd: Mövlud adətən Novruz ərəfəsində doğulan uşaqlara verilən addır – yəqin, doğuluş (böyük mənada), dirilmə mənası olduğuna görədir.

Mövlud Mövlud isə mövlud ərəfəsində getdi. Antitezis, antimif? Yoxsa bizim dərk etmədiyimiz əsl dirilmə elə budur?

Anar N.

Share: